Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu beynəlxalq xarakter daşıyacaq
Beynəlxalq Muğam Mərkəzində keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak etmək üçün Azərbaycana gələn Rusiya nümayəndə heyətinin tərkibinə RF mədəniyyət naziri Aleksandr Avdeyev, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov, Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin, Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvləri, alimlər, mədəniyyət və incəsənət xadimləri, Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri daxil idi.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev forumu açıq elan edib. Natiq çıxışında bildirib ki, bu cür gündəliyi olan forum Bakıda ilk dəfədir keçirilir: «Əminəm ki, onun uğurlu işi xalqlarımız və dövlətlərimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə sanballı töhfə verəcək. Forumun keçirilməsi faktının özü ölkələrimizin ali rəhbərlərinin - İlham Əliyevin və Dmitri Medvedyevin müdrikliyinin və uzaqgörənliyinin təzahürüdür. Çox xoşagələn və yaxşı haldır ki, forumun işində Rusiyada tanınmış insanlar, ölkənin ictimai-siyasi ab-havasını formalaşdıran, bu gün Rusiyada elmi, ədəbiyyatı, incəsənəti, kütləvi informasiya vasitələrini, idman hərəkatını təmsil edən insanlar iştirak edir. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun açılışında bu cür nüfuzlu, mötəbər nümayəndə heyətinin iştirak etməsi çox rəmzi haldır».
Aparat rəhbəri deyib ki, Azərbaycan-Rusiya münasibətlərinin tarixinə humanitar əməkdaşlıq baxımından nəzər salmağa cəhd göstərilsə, bu münasibətlərə hətta qısa ekskurs belə çoxillik tədqiqatlar aparılmasını tələb edərdi: «Burada biz Rusiya maarifçilərini, Sankt-Peterburq və Kazan universitetlərinin professoru Mirzə Kazımbəyin fəaliyyətini, Lermontovun Azərbaycan dastanının motivləri əsasında yaratdığı gözəl “Aşıq Qərib” əsərini, Yeseninin Bakı haqqında ürəkdən gələn sətirlərini və ümumi tariximizin iki əsrdən çox dövrünə aid bir çox əlamətdar hadisələri və təzahürləri xatırlaya bilərik».
Bakıda Səməd Vurğun adına Rus Dram Teatrının fəaliyyət göstərdiyini deyən R.Mehdiyevin sözlərinə görə, Bakı Slavyan Universiteti rusdilli təhsil məkanının və mədəni məkanın formalaşmasına fəal kömək edir: «Son beş ildə rus klassiklərinin - Puşkinin, Lermontovun, Tolstoyun, Çexovun, Dostoyevskinin, Bulqakovun, Blokun, Yeseninin və başqalarının əsərləri Azərbaycan dilinə tərcümə olunaraq milyon yarım tirajla nəşr edilib. Bu humanitar layihələrin həyata keçirilməsi bizim iqtisadiyyatın dinamik inkişafı sayəsində mümkün olub. Bu Beynəlxalq Muğam Mərkəzinin salonu bu gün təhsil və mədəniyyətdə həyata keçirilən dəyişikliklərin miqyasını çox gözəl nümayiş etdirir».
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, “TEFİ” Rusiya Televiziya Akademiyasının prezidenti Mixail Şvıdkoy, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin prezidenti Yefim Pivovar, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar öz çıxışlarında cəmiyyətin müxtəlif təbəqələri, müxtəlif peşə adamları arasında humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Çıxışçıların yekdil fikri bu olub ki, sərhədləri dövlətlər çəkir, mədəni qarşılıqlı əlaqələr isə onları genişləndirir. Xalqların bir-birini daha yaxşı başa düşməsi çox vacibdir. Bunun üçün hər iki ölkənin ziyalıları tez-tez görüşməli, problemləri həll etməli, gələcək layihələr barədə razılığa gəlməlidirlər.
Forumda o da vurğulanıb ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə humanitar əməkdaşlıq mühüm yer tutur. 2007-ci ildə Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edilib. Proqramda mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Forumda hər iki ölkənin elm xadimləri arasında əlaqələri genişləndirməyin zəruri olması fikri də səslənib. Bildirilib ki, hazırda ölkəmizdə iki müştərək Azərbaycan-Rusiya filminin çəkilişləri aparılır. Onlardan birinin çəkilişi başa çatmaq üzrədir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaxın günlərdə böyük rus bəstəkarı Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası göstəriləcək. Tamaşada Mariinsk Teatrının solisti çıxış edir. Azərbaycan teatrlarının repertuarına müntəzəm olaraq rus klassiklərinin əsərləri daxil edilir.
Tədbirdə eyni zamanda Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərinin Rusiya səhnəsində ifa edilməsi, bizim dramaturqların pyeslərinin Rusiya teatrlarında tamaşaya qoyulması, teatrlarımızın tamaşalarına Rusiyadan rejissorlar cəlb edilməsi, habelə bizim teatr kollektivlərinin RF-yə qastrollarının təşkil olunması təklif edilib.
Bundan əlavə, bildirilib ki, turizm sahəsi humanitar əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Azərbaycanın zəngin turizm potensialı, son illərdə turizm infrastrukturunun fəal inkişaf etməsi turistlərin ölkəmizin təbiəti, xalqımızın adət-ənənələri ilə, milli mətbəximizlə daha yaxından tanış olmasına imkan verəcək. Bu il Rusiyanın “Vokruq sveta” nəşriyyatı ilə birlikdə ilk dəfə “Azərbaycan üzrə sorğu kitabı” dərc edilib və Rusiyanın kitab ticarəti şəbəkəsində yayılıb.
Tədbirdə çıxış edənlər onu da bildiriblər ki, bu forum Rusiya vətəndaşlarının diqqətini Azərbaycana cəlb edəcək. Azərbaycan rus ədəbiyyatına - dəyərli nəsr və poeziya əsərləri, habelə musiqi və təsviri incəsənətinə də xeyli gözəl nümunələr bəxş edib. Rusiya da öz növbəsində Azərbaycan mədəniyyətinə töhfələrini verib. Azərbaycan rus mədəniyyəti vasitəsilə dünya mədəniyyəti ilə tanış olub. Bugünkü forum bir daha təsdiq edir ki, bu əlaqələr kəsilmir.
Forumun sonunda İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko tədbir iştirakçıları adından birgə bəyanatın qəbul edildiyini və Azərbaycan və Rusiya prezidentlərinin forumun fəxri sədrləri olması təklifinin irəli sürüldüyünü bildirib.
Fəxriyyə ABDULLAYEVA