Bünövrəsi dahi Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbi daim inkişaf etmiş, Asəf Zeynallı, Ərtoğrul Cavid, Fikrət Əmirov, Səid Rüstəmov, Qara Qarayev dahi bəstəkardan xeyir-dua aldıqdan sonra bu məktəbin layiqli davamçıları olmuşlar. Bu varislər içərisində bütün dünyada şöhrət qazanmış Qara Qarayevin özünəməxsus yeri vardır.
   
   Q.Qarayev həm də bəşəri bir nüfuz qazanmış sənətkardır. Sənət yolunda özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixnin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir.
   Dahi bəstəkarın 2010-cu il fevralın 5-də 92 yaşı tamam oldu. Bununla əlaqədar ayının 11-də Azərbaycan Bəstəkarlar İttifaqında möhtəşəm bir tədbir keçirildi. «Qara Qarayev tələbələrinin xatirəsində» adlı kitabı musiqisevərlərə təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının birgə hazırladıqları bu kitabın tərtibçisi görkəmli bəstəkar, musiqişünas, Q.Qarayevin tələbəsi Nərgiz Şəfiyevadır. Bildiyimiz kimi, Q.Qarayev yaradıcı kadrların yetişməsində böyük əmək sərf etmişdir. 1946-cı ildən etibarən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq sinfini aparan Q.Qarayev onlarca bəstəkar yetişdirmiş, bütöv bir musiqi-yaradıcılıq məktəbi yaratmışdır. Arif Məlikov, Vasif Adıgözəlov, Adil Bəbirov və başqaları onun ənənələrini davam etdirmişlər. Təqdim edilən bu kitabda da məhz dahi bəstəkarın sinfini bitirmiş tələbələrinin xatirələri, eyni zamanda onun mənalı ömrünün yaddaqalan anlarını əks etdirən çoxsaylı fotoşəkillər əks olunmuşdur. Qara Qarayevin milli və dünya musiqi sənəti və sənətkarları haqda fikirləri, həmçinin dünyanın korifey musiqiçilərinin ustad haqqında söylədikləri dəyərli fikirlər də kitabın səhifələrində özünə yer tapmışdır. Burada sənətkarın yaradıcılıq fəaliyyətinin bütün sahələri xronoloji ardıcıllıqla işıqlandırılmışdır.
   Kitab musiqi ictimaiyyəti üçün dəyərli bir hədiyyədir.
   Təqdimat mərasimini Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə açdı. Ardınca Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva, rejissor Oqtay Mirqasımov, kitabın tərtibçisi Nərgiz Şəfiyeva, tarzən Ramiz Quliyev və başqaları çıxış edərək Qara Qarayev haqqında öz ürək sözlərini söylədilər. Çıxış edənləri dinlədikcə, onların Qara müəllim haqqında fikirlərinə qulaq asdıqca musiqimizin möhtəşəmliyindən qürur duyurduq. Q.Qarayevin yaradıcılığı zəmanəmizlə səsləşir. Onun əsərlərində əsas mövzu kimi insanın səadət və azadlıq uğrunda mübarizəsi öz əksini tapmışdır. İlkin mənbəsindən asılı olmayaraq, istər gerçək hadisələr, istər müxtəlif xalqlara və dövrlərə məxsus əfsanələr, istərsə də poeziya, bədii nəsr və dramaturji əsərlər olsun - adıçəkilən möhtəşəm mövzular bəstəkar üçün bütün ömrü boyu ən başlıca ilhamverici amil olmuşdur. Onun əsərlərində bu cür aktual tematikanın gözəl melodiyalar, orijinal və rəngarəng harmoniyalar, çoxçalarlı orkestrləşmə və forma kamilliyi ilə parlaq ifadəsi olan şah əsərlər sırasına aid etməyə tam hüquq verir və bu səbəbdən də onlar hər yerdə və hər zaman dinləyicilər tərəfindən şövqlə qarşılanır.
   
   Jalə Qulamova-Əliyeva,
   sənətşünaslıq namizədi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar