Bu, şairin anım tədbirinin adı idi
   
   Bu, vəfatından 1 il keçən Bəxtiyar Vahabzadənin anım günü kimi qutlanılan tədbirin adıydı. Yaxşı ad olduğuna görə, mən də bunu öz yazımın başlığına çıxartdım. Hansı ki, mən bu yazımı «Adı da şairanə şair» kimi başlıqlamaq fikrindəydim. Hələ mən Bəxtiyar Vahabzadənin «Xalq şairi» adı haqda da başqa fikirdəyəm. Onun millət şairi, Vətən şairi adlandırılmasını daha münasib hesab edirəm. Yeri gəlmişkən, mən öz vətəndaş-oxucu könlümün 40 il bundan əvvəl verdiyi fərmanla Azərbaycanın 6 şairini - Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Məmmədhüseyn Şəhriyar, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Məmməd Arazı bu adlarla təltif etmişəm.
   
   
   Çoxsözlü tədbirə ön söz
   
   Ötən əsrin 60-cı illərindən başlayaraq, ali məktəblərə qəbul olunanların əksəriyyəti adlarını çəkdiyim bu millət şairlərinin səyyar kursundan keçib gəlirdilər. Onların «çöl auditoriyalarında» abituriyentlərə öyrətdiklərini universitet və institutlar nəinki artırmır, hətta çox vaxt malalayırdılar. O vaxtlar milli müəllim adına Mir Cəlal, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi beş-üç şəxsiyyət vardı ki, onların irreal «çöl auditoriyaları»nda yetişdirdikləri uşaqlar onların dərs keçdiyi real auditoriyalara sığışmazdı. O müəllimlər öz milli qeyrət antenaları ilə tutduqları mətləblərlə, imkan düşdükcə, biz tələbələri də tanış edirdilər. Deyirdilər, Şəhriyar deyir ki, «Eşq əhlisiz - məni yaxşı qanarsız, Gözlər yağış yağdırmasa, yanarsız!» Mir Cəlal deyirdi: «Bizim yazdıqlarımızı bir oxuyursuzsa, dediklərimizə iki diqqət yetirin. İndi bizim yalnız sizə deyə bildiklərimizi sabah sizin bütün xalqa demək imkanınız yarana bilər...» Rəsul Rza «İkiaçılanlar»ında yazırdı ki, «Yaşasın qadın azadlığı! - dedi vələdüzzina, şorgözlüklə baxdı baldızına!»
   Bəxtiyar Vahabzadə yazırdı ki; «Yarım o tayda qaldı, Yarım bu tayda qaldı. Toyum burda çalındı, Yarım o toyda qaldı».
   O dövrlərin məlum beynəlmiləlçi-sapmaçılarını öz kəsərli atmacalarıyla dilə-dişə salıb daha da “məhşurlaşdıran” Şirməmməd Hüseynov özünəməxsus milli istiotunu dərsdə əsnəyib-həsdəyən tələbələrdən də əsirgəmirdi: «Balası, adam da «Azərbaycan öz xoşa-xoşluğu ilə çar Rusiyasının tərkibinə qatıldı» kimi dərsdə yatar?!» Elə həmin «güllü» günlərdə Məmməd Araz yazırdı ki; «Görüm ayılmasın gec ayılanlar!» Beynəlmiləlçi beyinlərə nəqş edirdi ki; «Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı»...  

   Yarı hüzn, yarı bəxtiyar gecə
   
   Böyük şairin anım məclisi də başdan-başa poetik idi. Bu ölkədə onu ananlar, cismən yoxluğuna yananlar saysız-hesabsız olsa da, bura - Gənc Tamaşaçılar Teatrına salona yerləşəcək qədər adam dəvət olunmuşdu. Həmin axşam burada əsasən, ahıllar, qocalar, yaşlı-başlılar idi, - deyə, lap adamın bu məkana qoca tamaşaçılar teatrı deməyi gəlirdi.
   Bu insanlar bu şairi tanıyanlara nisbətdə dəryada damla, şairin tanıdıqlarınınsa çox az bir qismi idi. Bəxtiyar Vahabzadənin hamıdan çox sevdiyi Türkiyədən də çox qonaq gəlmişdi. Səhnədəki matəm anını əks etdirən iri fotoşəkilə, tədbirin «ölümün bir ili» motivinə baxmayaraq, dedikcə xoşovqat, olduqca bəxtiyar bir məclis başlandı.
   Yığıncağı professor Nizaməddin Şəmsizadə açdı. Söylədi ki, Bəxtiyar aləmi bir gecəyə, bir aya, bir ilə sığışan deyil, hərənin öz Bəxtiyarı var və mən yalnız Türkiyədən gəlmiş hörmətli millət vəkillərini, ünlü alimləri, professorları təqdim etməkdən başqa, elə bir söz deməyə ehtiyac görmürəm. Bir onu deyim ki, Bəxtiyar Vahabzadə milləti daim ovxarda saxlayan şairimiz kimi yaşadı və bu kəsər-əsərdən hələ bizim gələcək nəsillər də faydalanacaqlar. Aparıcı məclisi B.Vahabzadə haqda çəkilmiş filmə baxmağa dəvət etdi.
   Sonra söz xalq yazıçısı Anara verildi. O, B.Vahabzadəni dövrünün vətəndaş-şairi, filosof-şairi, üsyançı-şairi kimi xarakterizə etdi. AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov B.Vahabzadə ilə klassik şairimiz Səməd Vurğun arasında paralellər apardı və hər ikisinin ədəbiyyatımızda tutduğu böyük mövqedən bəhs etdi. Türkiyəli millət vəkilləri, elm-bilim adamları Bəxtiyar Vahabzadənin Türkiyənin şeir-sənət aləmində çox önəmli yer tutduğunu qeyd etdilər. Vurğuladılar ki, uzun illər türk dünyasına poetik qardaşlıq, birlik, poetik bahar ixrac edən Bəxtiyar nə xoş ki, Azərbaycanın siyasi baharını - azadlığını, müstəqilliyini də gördü.
   Xalq şairi Zəlimxan Yaqubun səsinə-sözünə qopan alqışlar susmaq bilmirdi.
   Məclisi vətənpərvər-müğənni Azərin xanım öz ifası ilə davam etdirdi. O, «Gecələr» mahnısı ilə bu hüzn və bəxtiyar gecəyə səhər şəfəqləri çilədi. Ardınca xalq artistləri Nurəddin Mehdixanlı, Məleykə Əsədova və Laləzar Mustafayevanın ifalarında Bəxtiyar Vahabzadə poeziyasından parçalar səsləndi.
   Sonra natiqlər ömrü uzunu Vətənin siyasi-ictimai dərdlərilə yaşamış Bəxtiyar Vahabzadənin son dərdindən söz açdılar. Dedilər ki, Qarabağ dərdi onunla birgə gömüldü məzarına. Onun əlləri «20 Yanvar» rejissorlarından olan bir rus generalının sifətinə sillə çəkməklə fiziki qisasını qismən də olsa, aldı. Qələmilə isə bu dərdə borclu qaldığını deyirdi şair. Şair deyirmiş ki, «Muğam» poemasındakı yanğısını söndürmək üçün Qarabağın işğaldan azad olacağı günü gözləyir...
   O ulu və daim olu şairdən çox danışdı bu məclis. Amma burada hər kəs bunu da yaxşı bilirdi ki, bundan belə xalq bu millət şairi haqda nə qədər danışsa da, onun bu millət haqda yazdığı, danışdığı qədər danışa bilməz...
   
   T.Abbaslı