Bu şeir poeziyamızın ən xəlqi və ən döyüşkən ahəngidir...
   
   Belə (yəni, ən) olmasaydı, hətta qırmızı sovetlərin bir az bozarıb yumşalma dövrlərində belə arxiv və yaddaş dustaqlığından buraxılmayan bu şairin bəraəti bu qədər uzun - ən uzun sürməzdi. İndi mən, ən irihəcmli şeirlərində belə bir sözü iki dəfə işlətməyən - yəni, təkrarçılığa yol verməyən Səməd Mənsur haqda bu qısa təqdimatımda üç sözü üç kərə işlətmək qəsdimin fərqindəyəm: O, sovetin heç bir dəftər-kitabına düşməyən yeganə şair və həmin dövrdə xalqın dilindən düşməyən yeganə şair idi...
   
   Yeri gəlmişkən, bu təntənəli tədbir orijinal xarakter və yaradıcı Səməd Mənsurun cəmiyyətə ilk «ayaqaçdı»sı idi...
   
   10 mart 2010-cu il. Suraxanı rayonu, Əmircan qəsəbəsi. Hər səhər işgüzar həyat uğruna oyanan bu camaat bu sabah öz böyük həmyurd-həmvətənlisinin sözünə-üzünə oyanmışdı yuxudan. Hamı kəsərli satirik, incə romantik, milli qeyrət, əxlaq, əqidə şairimiz Səməd Mənsur ruhu üstə köklənmişdi. Azad söz repressiyalarının, milli düşüncə dustaqlığının ən şiddətli dövründə belə susmayan Səməd Mənsurun!
   Həmin gün sanki bu qəsəbədə kino çəkilirdi; adamlar dar dalanlardan, gen küçələrdən iki-bir, üç-bir çıxıb, mədəniyyət evinin qarşısına tələsirdilər. Azərbaycan Mədəniyyət Nazirliyindən, Yazıçılar Birliyindən, Milli Məclisdən, teatr, incəsənət cəmiyyətlərindən gələn maşın karvanını müşahidə edən uşaqların, gənclərin üz-gözlərindən böyük həmyerlilərinə yönəli milli fəxarət hissi, bəzən də... mübhəm bir yerliçilik forsu duyulurdu. Yerli qocaların, ziyalıların fəxarətində isə bütöv bir Azərbaycan öyüncəkliyi vardı. Çünki onlar hələ sovetin «pıçıltı-xışıltı dönəmləri»ndə valideynlərindən eşitmişdilər ki, Səməd Mənsur Azərbaycan sovet hakimiyyətinin səlahiyyətli və ən qorxulu orqanlarında at oynadan ermənilərə necə satirik qırmanclar çəkib, sənətkaranə həcvlər toxuyub. Deməli, 1879-cu ildə doğulub, 1927-ci ildə vəfat etmiş Səməd Mənsur da çağımızın milli qaş-qabağının baiskarı olan Qarabağ müharibəsinin iştirakçısı, klassik veteranıdır. O sayaq şərəfsiz bir rejimdə yazdığı o cür cəsarət dolu misralarının hər biri onun mübarək ruhunun sinəsindən asılası bir şərəf ordenidir və nəhayət, o, Milli Sənət Qəhrəmanıdır. Elə bəlkə buna görə, bu məlum ictimai dərdimiz - son 20 ildə keçirilən (bütün formatlarda) tədbirlərimizin «əzəl mübtədası» olan Qarabağ problemi bu mərasimdə o qədər də hallandırılmadı. Mədəniyyət evinin qarşısında da, Heydər Əliyev parkındakı nəfəsdərmə məqamlarında da, Heydər Əliyev Mərkəzindəki təntənəli törəndə də bütün rəsmi ya bədii söz, söhbət, xatirə pərvanələri yalnız Səməd Mənsur şamı ətrafında dolaşdı...
   ... Saat 11.00. Mədəniyyət evinin qarşısına axışan böyükləri (sözün hər iki mənasında) bu müəssisənin «Rəqs dərnəyi»nin balacaları qarşıladı. Səməd Mənsurun romantik misralarını xatırladan bu balaca uşaqlar böyük yubilyar dayılarının eşqinə, bəlkə də heç vaxt yaşamadıqları bir ovqatla rəqs etdilər.
   Rəqsin bitməsi rəsmi hissənin başlanmasını bildirir.
   Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mədəniyyət evi qarşısındakı təbii kürsüyə qalxır. O, qonaqları səmimi-qəlbdən salamlayır, respublikanın, demək olar, bütün rəsmi və yaradıcı strukturlarını təmsil edən adamların buraya - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış görkəmli Azərbaycan şairi Səməd Mənsurun abidəsinin açılış mərasiminə gəlişindən şərəf duyduğunu bildirir. Uzun sovetlər dönəmində bu məşhur eloğlularından yalnız öz ev-eşiklərində danışa bilən Əmircan ağsaqqallarına bu hadisə münasibətilə gözaydınlığı və yeri gəlmişkən, ilk sözü onlardan birinə - qocaman müəllim Çingiz Musayevə verir. Çingiz müəllim canlı yaddaş «arxiv»ini vərəqlədikcə, elə təkcə «Həpsi rəngidir» müxəmməsilə ədəbiyyatımızın klassiki adına sahib olan Səməd Mənsurun portret cizgilərinə çox milli təəssübkeşlik, vətəndaş-vətənpərvərlik, cəsur ziyalılıq rəngləri də əlavə edilir.
   Sonra təbii kürsüyə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dəvət edilir. Cənab nazir izdihamlı toplantı iştirakçılarının böyük diqqət və sevinc dolu nəzərlərinin müşayiətilə abidənin açılışını edir. Tərtibat-dizaynca sadə, məna-mahiyyətcə isə çox dərin abidə tamaşaçıların sürəkli alqışlarına səbəb olur, dəqiqələrlə davam edən diqqətlərinə hakim kəsilir. Bəli, işlənmə texnikası və sənət ifadəliliyilə monumentallıq təsiri bağışlayan bu mini-abidə baxanları sehrləyir. Çünki bu abidədən onlara baxan şəxsiyyətin sənət sehri özündə bir siyasi sirri də ehtiva edir: o, «37» imzalı repressiyaya məruz qalmasa da, onun fitri istedadı, perspektiv ədəbi-bədii yükü, siyasi burulğanlara düşmüş yaradıcılıq əzmi repressiya edilmişdi...
   Toplantı elə bu xatiratların üst qatı - şərəf ovqatı altında, belə demək mümkünsə, başqa məkana transfer edir.
   Saat 12.00. Heydər Əliyev parkında - ümummilli liderin möhtəşəm heykəli arxasında ucalan Heydər Əliyev Mərkəzi. Burada ilk söz Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anara verilir. O, öz sərəncamı ilə, uzun illər «unutdurulmuş» görkəmli şair Səməd Mənsura abidə qoyulmasını təmin edən Azərbaycan Prezidenti cənab İlham Əliyevə, bu təntənəli açılış mərasimini düzənləyən Suraxanı Rayon İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə, bu tədbirin işığına toplaşmış sənət-incəsənət adamlarına, yerli camaata bir ədib, bir ziyalı olaraq minnətdarlığını bildirdi. Natiq, Səməd Mənsur haqda məlumatının hələ sovet illərindən - şairin oğlu, görkəmli rejissor Tofiq Kazımovla yaradıcılıq ünsiyyətləri zamanından başlandığını və ondan aldığı əsərləri kitab şəklində nəşr etdirdiyini söylədi.
   Tədbirin proqramına uyğun olaraq, hər çıxışdan sonra söz aktyorlara və musiqiyə verilirdi. Xalq artisti Laləzar Mustafayeva öz təsirli diksiya və qiraət tonu ilə S.Mənsurun məşhur «Naz et» şeirinə salonda sürəkli alqışlar sədalandırdı.
   Xalq şairi Nəriman Həsənzadənin «Bircə şeiri ilə də klassiklər cərgəsində yer tutmağa layiq Səməd Mənsur cild-cild əsərlər yaza bilərdi. Lakin o, dövrün siyasi-ictimai baryerlərinə çırpılmaqdan vaxt tapa bilmirdi. O, yazmaqla yox, hər gün, hər vaxt özünü öldürməklə məşğul idi» fikri salona yanğılı bir ovqat çilədi.
   Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə öz yığcam çıxışında ədəbiyyat, publisistika və teatr aləmimizin orijinallıq nümunəsi və nümayəndəsi Səməd Mənsur fenomeninin bir çox nüansına toxundu. Qeyd etdi ki, hörmətli prezidentimizin Səməd Mənsurun abidəsi ilə bağlı imzaladığı sərəncam anı - bu bir anlıq işıqlı tarixçə 70 illik tarixin böyük şairimizin üstünə çəkdiyi qara pərdəni götürdü. Bu, 1 saat əvvəl onun abidəsi üzərindən çəkilən pərdə ilə reallaşdı. Bununla da, bu odlar məkanının alovlu şairi həqiqəti demək «günah»ından qurtuldu.
   Söz Suraxanı ziyalıları adından Fəridə xanım Bünyatovaya verildi. O, vaxtilə Xilə adlanan Əmircan torpağının Azərbaycan adına layiq çox əsilzadələr yetirdiyini, 1895-ci ildə neft istehsalına görə Bakının dünyada birinci yerdə olduğunu vurğuladıqdan sonra, əsas mətləbə keçdi. Bildirdi ki, bütün bunlar o dövr gəncliyini də, təbii olaraq, birincilik ovqatı üstə kökləyirdi - istər fərdi-məhəlli, istər ümumi-ictimai anlamda. Səməd Mənsur da məhz belə mühitin yetirməsi idi və mənfili-müsbətli bu qaynar mühit ona kifayət qədər ədəbi-bədii, publisistik mövzular verirdi.
   Hər misrasının dipdiri ahəngi ilə öz zəmanəsinin nəbzini bizə də çatdıran Səməd Mənsur haqda mötəbər ədib, alim və ziyalılarımızın vurğun söhbətlərini məşhur aktyorlarımız - xalq artistləri İlham Əsgərov, Laləzar Mustafayeva, əməkdar artist Əli Nur şairin yaradıcılığından böyük məharətlə söylədikləri şeirlərlə daha da rövnəqləndirir, onun ustadlığını salondan qopardıqları alqışlarla bir daha təsdiq etmiş olurlar.
   
   Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,
   Məscidü meyxanə rəng, eyşü-ibadət rəngidir.
   Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,
   Rəngdir hər dürlü matəm, hər məsərrət rəngidir.
   Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.
   
   İlham Əsgərovun söylədiyi «Həpsi rəngidir» şeiri salonu dünyəvi, Əli Nurun ifa etdiyi «Sizdə də var, bizdə də var», «Hacağa Abbasova məktub» şeirləri xəlqi-folkloranə, Laləzar Mustafayevanın incələdiyi «Naz et» şeiri romantik-sentimental xəyalatlara qərq etdi. Onların hər birinin ardınca səslənən muğam və təsnif parçaları da Səməd Mənsurun yasaqlarla sürdüyü qısa ömür, uzun əzab yollu karvanının hərdən xıxıb dincəldiyi karvansaray hay-haraylarıtək sədalanırdı.
   Muğam müsabiqələrinin qalibləri - Abgül Mirzəliyev, Arzu Əliyeva, Vüsal Zamanov və Gülay Qədirovanın muğam avazları, təsnif oxuları sağlığında oxucu alqışlarından məhrum edilmiş Səməd Mənsurun ruhuna alxış-dualar kimi səsləndi.
   Sonda söz şairin ailə üzvləri adından Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə verildi. Cənab nazir - bu təntənəli tədbirin ən birinci və ali səbəbkarı kimi - ölkə prezidentinə, daha sonra abidənin müəllifinə və mərasim iştirakçılarına təşəkkürünü bildirdi. Şairin ailə üzvləri adından danışan natiq bunu da vurğuladı ki, Azərbaycan özü böyük bir milli ailədir və bayaqdan burada səmimi-qəlbdən çıxış edən elm-sənət adamları da, şairin şeirlərini alovlu bir ürəklə, ilhamla söyləyən aktyorlar, xanəndə-sazəndələr də - hamı Səməd Mənsurun da mənsub olduğu bu Azərbaycan ailəsinin üzvləridir. «Mənə bir o qalır deyəm ki, uzun illərin diqqətsizlik qaranlığında qalmış görkəmli Azərbaycan şairi Səməd Mənsuru öz çıxışlarınızla belə yüksək səviyyədə işıqlandırdınız, canlandırdınız. Bu, ikinci tədbirdir ki, bu salonda belə yüksək səviyyədə keçirilir - biri xeyli müddət öncə təkrarsız fırça ustası Səttar Bəhlulzadə ilə, bu günsə Səməd Mənsurla bağlı. Bu balaca kəndin iki böyük oğlunun xalqa belə yüksək səviyyədə təqdim edilməsilə əlaqədar, bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu qədir-qiymət mühitini bir daha alqışlayır, bu mühiti günü-gündən dolğunlaşdıran prezidentimiz cənab İlham Əliyevə təşəkkürümü bildirir, bu mərasimin yüksək səviyyədə təşkili üçün Səməd Mənsur ailəsi adından Heydər Əliyev Mərkəzinin təşkilatçılarına minnətdarlığımızı çatdırıram».
   ...Üç saata yaxın davam edən mərasimdən sonra Heydər Əliyev parkının rəngarəng mini-prospektlərində, halə-talalarında toplaşıb, bir-birilə axır-uğur edənlər belə bir qənaəti də bölüşdülər ki, hələ sağlığında ikən öz halal-haqqı ilə Azərbaycan ədəbiyyatının ölməz klassikləri sırasında yer tutan bir şairimiz - Səməd Mənsur bu gün bu tədbirdə layiqincə qutlandı!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar