Aprelin 6-da Heydər Əliyev Sarayında “Azərbaycan kino həftəsi”nin təntənəli açılış mərasimi keçirildi. Öncə Azərbaycan kino salnaməsinə həsr olunmuş videorolik nümayiş etdirildi.
   Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev kino ictimaiyyətini və kinosevərləri ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan kino həftəsi” münasibəti ilə təbrik etdi: “İnanıram ki, bir həftə davam edəcək kino həftəsi kino işçiləri üçün əsl bayrama çevriləcək. Həqiqətən də bu bir həftə ərzində tamaşaçılar yeni çəkilən filmləri izləyib zövq alacaqlar».
   Son illər dövlət tərəfindən milli kinonun inkişafına böyük maliyyə vəsaiti ayrıldığını nəzərə çatdıran nazir bu sahənin geniş perspektivləri olduğunu vurğuladı: «İldən-ilə ölkəmizdə çəkilən filmlərin sayı artacaqdır. Hər il dövlət büdcəsindən kinoya - filmlərin çəkilişinə 6 milyon manata qədər vəsait ayrılır. Artıq bizim studiyalarda bir ildə 7-10 arası tammetrajlı film çəkilir. Bu, böyük göstəricidir. Bu ilin sonuna kimi Azərbaycanda “Nizami” kinoteatrının bazasında müasir festival mərkəzi istifadəyə veriləcək. Lakin sözsüz ki, bu sahədə axsayan yerimiz də var. Tamaşaçılar son illər çəkilən filmləri görə bilmirlər. Kino yayımı, kino nümayişi sistemi istədiyimiz səviyyədə deyil. Bu sahədə müəyyən layihələr həyata keçiririk. Azərbaycanda kino həftəsinin keçirilməsi də bu istiqamətdə təşkil olunan layihələrdən biridir”.
   Nazir qeyd etdi ki, müstəqillik dövründə Azərbaycan filmləri nümayiş olunduğu beynəlxalq festivallarda maraqla qarşılanır və çoxsaylı mükafatlara da layiq görülüb: “Azərbaycan kinosunun qədim tarixi var. Bu illər ərzində Azərbaycan kino xadimləri sübut etdilər ki, yetərli istedad sahibidirlər. Düşünürəm ki, Azərbaycan kinosu yaxın vaxtlarda daha böyük uğurlara imza atacaq».
   Çıxışlardan sonra “Vətən and yerimizdir” devizi altında keçirilmiş vətənpərvərlik mövzusunda ən yaxşı bədii filmin ssenari müsabiqəsinin qalibləri mükafatlandırıldı. Müsabiqədə I yerə “Mən evimə qayıdıram” ssenarisinə görə müəllif İsmayıl Səfərəliyev (ssenari üzrə film çəkiləcək), II yerə “Böyüyən övladlar” ssenarisinə görə müəllif Səidə Vəliyeva və III yerə isə “Qarabağ. Dörd gün” ssenarisinə görə müəllif Leyla Tarverdiyeva layiq görüldülər.
   Sonra “Mozalan” satirik jurnalının növbəti buraxılışı tamaşaçılara təqdim olundu.
   Tədbir gənc rejissor, «Bu meydan bu ekran» müsabiqəsinin qalibi Samir Kərimoğlunun quruluşunda “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Niyyət” filminin nümayişi ilə davam etdirildi. Film ötən il «Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009» layihəsi çərçivəsində çəkilib.
   Aprelin 10-dək davam edəcək «Azərbaycan kino həftəsi»ndə son illər istehsal olunan milli filmlərimiz ölkənin müxtəlif bölgələrində nümayiş olunacaq.
   
   Fehruz Şamıyev






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar