Dünən M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikasında bütün elm sahələri üzrə müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalının açılışı oldu. Mərasimdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev müasir dövrdə elektron informasiya daşıyıcılarının xüsusi əhəmiyyət kəsb etdiyini və onun tez bir vaxtda informasiya mübadiləsini həyata keçirdiyini bildirdi.
“Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən kitabxanaların informasiyalaşmasına xüsusi önəm verildiyini diqqətə çatdıran nazir Proqramın icrası məqsədi ilə kitabxana-informasiya proseslərinin avtomatlaşdırıldığını və bu prosesin regionlarda daha sürətlə inkişaf etdiyini vurğuladı: «Dissertasiyaların virtual oxu zalı isə yalnız Milli Kitabxanada təşkil oluna bilər. Hazırda Milli Kitabxanada 7 min 842 dissertasiya saxlanılır ki, onların da 1300-ü virtual bazaya daxil edilib. Buradakı vacib məqamlardan biri dissertasiyaların Azərbaycan və rus dillərində olmasıdır. Bununla da istifadəçilər hər iki dildə olan dissertasiyalar və avtoreferatlarla tanış ola bilərlər.
Qeyd etdiyim kimi, bu işlər və kitabxana - informasiya sisteminin sürətli inkişafı yalnız Dövlət Proqramı imzalandıqdan sonra mümkün olub. Bu gün ölkə kitabxanalarında islahatlar keçirilir, yeni informasiya resurs və intellekt mərkəzləri yaradılır. Azərbaycanın təbliğinə yönələn bu işlərin həyata keçirilməsində təbii ki, Milli Kitabxana ön cərgədə olmalıdır».
Daha sonra Ali Attestasiya Komitəsinin sədri, akademik Arif Mehdiyev çıxış edərək virtual dissertasiya zalının açılmasının nəinki dissertant və aspirantlara, eyni zamanda onların rəhbərlərinə, bütün alimlərə tədqiqat mövzusu seçimində böyük kömək olacağını diqqətə çatdırdı: «Azərbaycanda hər il 500 namizədlik, 80-90 doktorluq dissertasiyası müdafiə edilir. Onlar əsasən humanitar sahəyə aid olan tədqiqat əsərləridir. Təbiət elmləri, texnika, tibb isə bir qədər kənarda qalır. Dissertasiyaların açıq istifadəyə verilməsi həm də onların plagiatının qarşısını alacaq».
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov akademiyanın İnformasiya Texnologiyaları İnstitutunda müdafiə olunmuş dissertasiya və avtoreferatların elektron bazasının yaradıldığını diqqətə çatdıraraq bunun elektron mübadilə üçün yaxşı zəmin olduğunu bildirdi.
Təhsil nazirinin müavini İradə Hüseynova isə görülən işlərin ümumilikdə elmin inkişafına təkan verdiyini dedi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov kitabxanada bədii ədəbiyyatla yanaşı, elmi ədəbiyyatın say çoxluğunun vacibliyindən danışaraq bunun kitabxananın nüfuzunun artırılmasına, onun elm və informasiya mərkəzinə çevrilməsinə təkan verməsindən danışdı. Milli Məclisin deputatı Fəttah Heydərov virtual oxu zalları şəbəkəsinin Azərbaycanın regionlarında da yaradılması təklifi ilə çıxış etdi.
BDU-nun professoru Abuzər Xələfov isə təqdimatın kitabxana tarixində böyük hadisə olduğunu dedi.
Tədbirə yekun vuran Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyi qarşısındakı digər böyük vəzifənin Azərbaycanda nəşriyyat işinin daha da yaxşılaşdırılması, Respublika Kitabxana Kollektorunun fəaliyyətinin təkmilləşdirilməsi olduğunu dedi: «Bunun üçün ilk olaraq Nəşriyyat Qanununa çoxlu dəyişikliklər edilməli, nəşriyyatlar kitabxanalarla sıx vəhdətdə işləməlidir. Rəqəmsal informasiya daşıyıcılarının sayını çoxaltmaq məqsədi ilə ilk öncə ənənəvi kitablar əldə etmək lazımdır».
Natiq gələcəkdə virtual zala daxil olmaq hüququnun Prezident Kitabxanasına, Milli Məclisin Kitabxanasına, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına da verilməsinin vacib olduğunu diqqətə çatdırdı. Sonda dissertasiyaların elektron bazası nümayiş etdirildi.
«Mədəniyyət»