Əbülfəs Qarayev: «Azərbaycan turizmi dayanıqlı və davamlı inkişaf yolundadır»
Aprelin 13-də “Hyatt Regency” hotelində “Azərbaycan Respublikasında 2010 - 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təqdimatı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə geniş toplantı keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Teymur Mehdiyev, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Prezident Administrasiyasının sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev, Nazirlər Kabinetinin Elm, təhsil, mədəniyyət və sosial problemlər şöbəsinin baş məsləhətçisi Mirəli Seyidov, eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm təşkilatlarının, mehmanxana və turizm şirkətlərinin nümayəndələri iştirak edirdilər.
Proqramla bağlı məlumat verən nazir Əbülfəs Qarayev sənədin Azərbaycan turizm sənayesi qarşısında ciddi tələblər qoyduğunu və bu sahədəki məsuliyyət yükünü daha da artırdığını bildirdi: “Söhbət Azərbaycan turizminin iqtisadiyyatın ən dayanıqlı, inkişafda olan sahəsinə çevrilməsindən gedir. Proqramda qanunvericilik baxımından tənzimlənən sənədlərin hazırlanması, yeni turizm zonaları, onların əsasnamə və nizamnamələrinin yaradılması, beynəlxalq səviyyədə turizm sənayesinə investisiyaların yatırılması və ölkənin turizm potensialının geniş təbliğinə xüsusi önəm verilir. Eyni zamanda, zəngin maddi-mədəni irsimizin, mədəniyyətimizin imkanlarının turizm məqsədləri üçün geniş istifadə olunması, infrastrukturun yaradılması və bunun üçün peşəkar kadr potensialının hazırlanmasına dair tapşırıqlar verilib. Hesab edirəm ki, bu proqram 4 il müddətinə mütləq icra olunmalıdır. Bundan sonra Azərbaycan turizm sənayesi tamamilə yeni mərhələyə qədəm qoyacaq».
Nazir respublikamızın turizm potensialından daha səmərəli istifadə üçün geniş imkanların olduğunu diqqətə çatdırdı: «Amma bu o demək deyil ki, ölkəmizdə turizm sənayesinin hazırkı inkişafı ilə razı deyilik. 2001-ci ildən Azərbaycan turizmi dayanıqlı və davamlı inkişaf yolundadır. Həmin vaxt mərhum prezidentimiz Heydər Əliyevin sərəncamı ilə turizm böyük bir nazirliyin əsas strukturuna çevrildi. O ildən bu günə qədər qəbul edilən bütün iqtisadi inkişaf proqramlarında, sərmayə qoyuluşu ilə bağlı layihələrdə, yoxsulluqla mübarizə və eləcə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlarda turizm və nəqliyyat infrastrukturunun yaradılması öz əksini tapır. Müqayisədə görülən işləri təqdirəlayiq adlandırmaq olar».
300 hotel və 123 turizm şirkəti lisenziya alıb
2002-ci ildə ölkə iqtisadiyyatı turizmdən 432 milyon manat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon manat həcmindədir. Burada söhbət yalnız Azərbaycana gələn turistlərin xərclədiyi vəsaitdən gedir. Nazir bildirdi ki, mehmanxanaların, turizm şirkətlərinin qazancını da nəzərə aldıqda, bu sənayenin milyardlarla vəsait hesabına öz maddi-texniki bazasını yaratdığı məlum olur: «Bu gün turizm bazarı şəffafdır. Bu sahə hər hansı inhisarçılıqdan, maneələrdən azad istiqamətdir. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər dövlət qurumları bu sənayeyə sərmayələrin gətirilməsinə maraq göstərərək lazımi işləri görür».
Tədbir iştirakçılarının diqqətini son 8 ilin statistikasına yönəldən nazir Ə.Qarayev hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və bu tipli obyektlərin inşasına başlandığını dedi: «Hazırda 50-yə qədər mehmanxana kompleksinin inşası davam edir. 2002-ci illə müqayisədə yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb. Həmin vaxt cəmi 32 şirkət vardısa, indi bu rəqəm 123-dür. Hesab edirəm ki, bu rəqəm Azərbaycanda rəqabət imkanları açır. Biz lisenzalaşdırmaya başlayanda ölkədə cəmi 40-50 hotel lisenziya aldı. Bu gün isə 300-ə qədər hotel artıq lisenziya alıb, 20-sinin sənədlərinə baxılır».
Çıxışında Azərbaycanda beynəlxalq hotellər şəbəkəsinə daxil olan obyektlərin inşasına da toxunan nazir ölkəmizdə bu sahə ilə bağlı brendlərin sayının getdikcə artdığını diqqətə çatdırdı: «Azərbaycanda 300-ə yaxın yerli hotel olduğu zaman bunun olması məqsədəuyğundur. Çünki əvvəldən brendli hotellər Azərbaycanda tikilsəydi, yerli sərmayəçilərə yer qalmayacaqdı. Artıq beynəlxalq şəbəkələrin Azərbaycana inamı artıb. Hazırda «Hilton», «Şeraton», «Mariot» hotelləri tikilir. «Hyatt Regency», «Park İnn» və başqaları illərdir fəaliyyət göstərir. Bu hotellər dünyanın ən nəhəng şirkətləridir. Bu, Azərbaycan turizm bazarının cəlbediciliyinin göstəricisidir».
Ə.Qarayev qeyd etdi ki, ölkənin turizm sənayesinin üzləşdiyi başlıca problemlərdən biri də əlaqəli xidmətlərin səviyyəsi ilə bağlıdır: «Bu məsələ Dövlət Proqramında öz əksini tapıb. 4 il əvvəl ölkədə turizm təhsili verən yeganə ali təhsil ocağı - Azərbaycan Turizm İnstitutu yaradıldı. Bu il institutun ilk məzun buraxılışı olacaq. 300 nəfər məzunun hamısı artıq harada işləyəcəklərini bilirlər. Biz bundan sonra lisenziyalaşdırma qaydalarını da ciddiləşdirəcəyik. Belə ki, mehmanxanalara və turizm şirkətlərinə lisenziya verərkən orada peşəkar kadrların olması tələbini irəli sürəcəyik. Çünki bizim qonaqlama təsisatımız ali təhsilli kadrlardan ibarət olmalıdır».
«Turizm haqqında» yeni qanun qəbul ediləcək
Dövlət Proqramında Azərbaycanda turizm zonalarının yaradılmasına xüsusi önəm verildiyini diqqətə çatdıran Ə.Qarayev prosesin işlənmə mexanizmi barədə də məlumat verdi: «Proqramda turizm zonalarının yaradılması üçün müvafiq yerlərin ayrılması da əksini tapıb. Məsələn, Qusarda “Şahdağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisi kimi. Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf nazirliklərindən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən, eləcə də yerli icra hakimiyyəti orqanlarından aktiv fəaliyyət tələb olunur. Onu da qeyd edim ki, Dövlət Proqramının hər bir bəndinin icrası ilə bağlı xüsusi işçi qrupu yaradılacaq və onların iş planı tərtib ediləcək».
Proqramın icrası prosesində Azərbaycanda turizm statistikasının və ümumi turizm qanunvericiliyinin təkmilləşdirilməsinə də önəm veriləcək. Bu mənada daxili statistikanın təşkilinin mürəkkəb proses olduğunu deyən nazir Ə.Qarayev bu ildən etibarən Ümumdünya Turizm Təşkilatının ölkəmizdə ildə 4 dəfə seminar keçirəcəyi barədə məlumat verdi: «Bu seminarlara region ölkələri də dəvət ediləcək. Məqsədimiz 2014-cü ildə Azərbaycanın iqtisadi rəqəmlərində turizm sənayesindən əldə edilən gəlir və xərclərin şəffaf hesablanmasına, dövlət büdcəsinin gəlirlər hissəsində turizmin payının müəyyənləşdirilməsinə nail olmaqdır. Bütün bunlar nəzərə alınaraq, «Turizm haqqında» yeni qanun da qəbul ediləcək. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işçi qrupu təşkil edilib. İlkin variant artıq hazırlanıb. Dövlət Proqramının icrası ilə bağlı dəyişiklikləri də əlavə edib yeni qanunun bu il qəbul edilməsinə çalışacağıq. Çünki növbəti illərdə Dövlət Proqramında əks edilən bəndlərin icrasını təmin etmək üçün yeni qanunun qəbulu vacibdir».
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov qeyd etdi ki, Dövlət Proqramı hazırlanarkən Ümumdünya Turizm Təşkilatının və Avropa Şurasının, USAİD-in (ABŞ) Azərbaycanda turizmin inkişafına dair tövsiyələri, habelə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının əldə etdiyi son 8 illik təcrübə əsas götürülüb: «Bu gün dünya üzrə ümumi daxili məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünya üzrə əmək qabiliyyətli əhalinin 8-də bir faizi turizm sektorunda çalışır. Yoxsulluğun aradan qaldırılması, ətraf mühitin qorunması, məşğulluğun artırılması ilə bağlı qlobal problemlərin həllində turizm ən önəmli vasitələrdən birinə çevrilib. ÜTT-nin tövsiyələrində turizm iqtisadiyyatın gəlir gətirən sahələrindən biri olmaqla yanaşı, ölkənin sosial-iqtisadi həyatında, dövlətin milli gücünü artırmaq imkanlarına malik olan vasitə kimi göstərilir».
Dövlət Proqramının əhəmiyyətindən danışan Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov sənədin ölkəmizdə turizm sənayesinin və infrastrukturunun daha da inkişafına və möhkəmləndirilməsinə təkan verəcəyinə əminlik ifadə etdi: «Bu proqram turizm sahəsində dövlət və bələdiyyə orqanlarının əlaqəli fəaliyyətini daha da gücləndirəcək. Bununla da turizm sərvətləri, qorunan obyektlər, bu sərvətlərdən istifadə hüquqları müəyyənləşməklə, turizm fəaliyyətinə başlama, bu sahədə attestasiya və tanınma, əlaqələrin hüquqi tənzimlənməsi, turizm fəaliyyətinə nəzarətin həyata keçirilməsi üsulları mütərəqqi xarakter alacaq və müasir tələblər əsasında gerçəkləşəcək.
Eyni zamanda, turizmdə təhlükəsizlik və sığorta işlərinin həyata keçirilməsi yeni xarakter alacaq. Müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yenilənməsi və yaradılması xarici turistlərin respublikamıza marağını artıracaq. Xarici valyutanın ölkəyə axını güclənəcək. Bu da öz növbəsində iqtisadiyyata bilavasitə müsbət təsir edəcək».
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının sədri Nahid Bağırov proqramın turizm sənayesinin tərəqqisinə yönələn mexanizm olduğunu və onun icrasının ölkənin iqtisadi inkişafına təkan verəcəyini qeyd etdilər.
Fəxriyyə Abdullayeva