Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 12-13-də Qəbələ və Ağdaş rayonlarında əhali ilə yaradıcı insanların növbəti görüşü təşkil edilib. Bu görüşlərin keçirilməsində məqsəd rayon əhalisinə mədəni xidmətin yüksəldilməsi, onların asudə vaxtının mütəşəkkil təşkili, regionlarda mədəni həyatın canlandırılması, yaradıcı ziyalılarla mütəmadi görüşlərin keçirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, incəsənət xadimlərinin yaradıcılığının təbliğ edilməsi, bölgələrlə mədəni əlaqələrin daha da genişləndirməkdir.
   
   Hər iki rayonda keçirilmiş görüşlərin iştirakçısı, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlunun səfər təəssüratını öyrəndik. Onun sözlərinə görə, bölgələrdə keçirilən yaradıcılıq görüşləri son illər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən milli mədəniyyətimizin təbliği istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsidir: «Görüşlər zamanı ictimai-mədəni həyatımızın bütün sahələrini özündə ehtiva edən maraqlı söhbətlər aparırıq, mədəniyyət və incəsənət ustalarımız musiqi nömrələri ilə çıxış edirlər, yeni filmlər nümayiş olunur».
   Qəbələ və Ağdaşda keçirilən görüşlərdə Nazirliyin Kinematoqrafiya şöbəsindən Almaz Sultanzadə, Regionlarla iş sektorundan Oqtay Muxtarov, Xalq artisti, rəqqasə Cəmilə Bayramova, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Eldar Mansurov, istedadlı müğənnilərimiz Zakir Əliyev, Əməkdar artist Almaz Orucova, gənc müğənni Cəlal Abbasov, istedadlı bəstəkarımız Vüqar Camalzadə, tar və kamança ustalarımız, «Niyyət» bədii filminin rejissoru Samir Kərimoğlu və aktyor Rövşən Məmmədov iştirak ediblər. Hər iki rayonda ictimaiyyət nümayəndələri tərəfindən maraqla qarşılandıqlarını deyən Ç.Əlioğlu bildirdi ki, görüşlər yaddaqalan olub: «Maraqlı müzakirələr apardıq, incəsənət ustalarımız konsert proqramı ilə çıxış etdilər. Görüşə gələn insanlar bəstəkar Eldar Mansurova və nümayəndə heyətinin digər üzvlərinə onların yaradıcılığı ilə bağlı suallar verdilər, hansı əsərlər üzərində işlədikləri ilə maraqlandılar. Nazirliyin əməkdaşları təkcə bu tədbirlə deyil, eyni zamanda, təmsil etdikləri qurumun hərtərəfli fəaliyyəti ilə bağlı, beynəlxalq sərgilərdə, forumlarda iştirakımızla, Azərbaycan kitabının dünya ictimaiyyətinə təqdim olunması ilə əlaqədar iştirakçılara ətraflı məlumatlar verdilər. Ən əsası isə budur ki, rayon ictimaiyyəti bu görüşdən məmnun qaldı».
   Belə görüşlərin əhəmiyyətindən danışan Ç.Əlioğlu bildirdi ki, bölgələrin əhalisi ilə mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərimizin birbaşa görüşlərinin təşkil edilməsi təqdirəlayiq haldır: «Belə tədbirlərin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinin iş planında gələcəkdə də nəzərdə tutulur. Bu tədbirlər mədəniyyətimizin geniş şəkildə təbliğ edilməsinə qiymətli töhfə verir».   

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar