Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş konfrans keçirildi
  
 
   Aprelin 19-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə «Tarix və mədəniyyət abidələrinin qorunması» mövzusunda respublika konfransı keçirildi. Konfrans 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuşdu. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev 1983-cü ildən UNESCO səviyyəsində bütün dünyada qeyd olunan bu günün Azərbaycanda ilk dəfə qeyd edildiyini nəzərə çatdırdı: «2009-cu ildə Azərbaycanın memarlıq abidələrinin qorunması haqqında Avropa Konvensiyasına qoşulub və bu il biz həmin günü qeyd edirik».
   Azərbaycanın tarixi-mədəniyyət abidələrinin bir çoxunun Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdıldığını nəzərə çatdıran nazir müavini bu faktı dünyaya çatdırmaq, erməni vandalizmini ifşa etmək üçün beynəlxallq səviyyədə bütün imkanlardan istifadə olunduğunu dedi.
   Nazir müavini bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra maddi-mədəni irsə dövlət tərəfindən qayğı və diqqət göstərilir: «Azərbaycan ərazisində aşkar edilmiş tarixi abidələrin yeni siyahıya alınması prosesi davam edir. İşlərin ilin sonuna kimi başa çatacağı planlaşdırılır. Nazirlər Kabinetinin 2001-ci ildə təsdiq etdiyi sonuncu siyahıya 6543 tarixi abidə daxil edilib. Bu abidələr dünya, yerli və ölkə əhəmiyyətli abidələr olaraq təsnifləşdirilib. Lakin iki il öncə ölkə başçısının tarixi abidələrlə bağlı imzaladığı sərəncama əsasən, sonradan tapılmış abidələr də daxil olmaqla, bütün tarixi abidələrin yeni siyahısı tərtib olunmalıdır”.
   Abidələrin pasportlaşdırılmasına gəlincə, Ədalət Vəliyev bu işin qısa zaman ərzində başa çatmasının mümkünsüz olduğunu bildirdi: “Birinci növbədə bu işə böyük maliyyə vəsaiti tələb olunur. İkinci tərəfdən isə xeyli zaman lazımdır. Amma bu istiqamətdə işlər davam edir”.
   Abidələr və tarixi yerlərin qorunması ilə bağlı vacib işlərdən danışan nazir müavini bildirdi ki, ilkin vaxtlar üçün ölkə ərazisində 1000-ə yaxın irili-xırdalı abidə qeydiyyata düşüb: «Hazırda isə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən həmin abidələr araşdırılır və tarixi abidə kimi qeydiyyata alınması işləri aparılır».
   MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova respublikamızda aparılan son arxeoloji tədqiqatlar, milli sərvətimiz olan tarixi abidələrin qorunmasının vacibliyi haqqında danışdı: «Vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış «Bakı şəhərində “İçərişəhər” tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında», «Çıraqqala tarixi abidələr kompleksinin qorunması və bərpası haqqında», “Şabran şəhəri tarix və mədəniyyət abidəsinin qorunması haqqında” sərəncamları arxeoloqlar və etnoqraflar qarşısına yeni vəzifələr qoyub. Heydər Əliyev Azərbaycanda arxeoloji tədqiqatların aparılmasına böyük diqqət verirdi, bu sahəyə maliyyə vəsaitləri ayrılırdı. Prezident İlham Əliyev bu ənənəni davam etdirməkdədir. Cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 5 fevral 2008-ci il tarixli sərəncamı ölkənin bütün bölgələrində arxeoloji tədqiqatların aparılmasına təkan verdi. Hazırda 40-a yaxın arxeoloji ekspedisiya və dəstə Paleolit dövründən tutmuş son orta əsrlərədək olan dövrün abidələri tədqiq edir».
   Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin əməkdaşı Təranə Qəmbərova öz çıxışında mədəni irsin qorunması sahəsində görülən işlər barədə danışdı.
   Azərbaycan Dövlət Neft Şirkətinin şöbə müdiri Füzuli Hacıyev Abşeron yarımadasında şirkətin istifadəsində olan neft-qaz mədəni ərazilərindəki tarixi abidələrin monitorinqinin aparıldığını, bərpaya ehtiyacı olan abidələrin siyahıya alındığını diqqətə çatdırdı. Onun sözlərinə görə, ARNDŞ-ın Ekologiya İdarəsinin əməkdaşlarının iştirakı ilə Abşeron yarımadasının neft yataqları hissəsində yerləşən arxeoloji və tarixi abidələrin öyrənilməsi məqsədilə monitorinq keçirilib: «Əsas məqsəd bu abidələrin tarixinə, hazırkı vəziyyətinə diqqət çəkmək, onların təmir-bərpası üçün görüləcək işləri müəyyənləşdirməkdir». F.Hacıyev bildirdi ki, bu məqsədlə bir sıra abidələr, Ramana qalası, mayak, məscid, eləcə də digər abidələr qeydə alınıb.
   Tədbirdə mədəni irsin qorunması ilə bağlı görülən işlərdən, qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyətindən, qədim yaşayış məskənlərimizdən olan Göytəpə abidəsi haqqında danışıldı.
   Konfrans çərçivəsində «Qədim Azərbaycan abidələri» diskinin təqdimatı oldu.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar