Aprelin 21-də M.F.Axundov adına Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rayon mədəniyyət və turizm şöbələrinin müdirləri ilə görüşdü. Tədbir mədəniyyət sahəsində çalışan işçilərin 10 gün ərzində Bakıda təşkil edilmiş təkmilləşmə kurslarının yekunlarına həsr olunmuşdu.
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov kurslar barədə məlumat verərək bildirdi ki, kurslarda dövlət qulluğu, mədəniyyət siyasəti və digər aktual məsələlərlə bağlı mühazirələr oxunub: «Mədəniyyət və Turizm Nazirliyi tərəfindən il ərzində mədəniyyət sahəsində çalışan insanlar üçün 35 müxtəlif kateqoriyalı ixtisasartırma kursları təşkil edilir. Kurslar keçirilərkən gündəmdə olan əsas məsələ tədrisin keyfiyyətini artırmaq, müvafiq tələblərə uyğun olaraq, kadrların təkmilləşdirilməsinə diqqəti artırmaqdır. Bir il ərzində 700 nəfərə yaxın dinləyici bu kurslardan keçib».
Mədəniyyət və turizm şöbələrinin müdirləri üçün nəzərdə tutulan kursların aprelin 12-də başladığını bildirən mərkəz rəhbəri dərslərdə 27 rayonun mədəniyyət və turizm şöbəsinin müdirinin iştirak etdiyini dedi: «Kurslarda dövlət idarəçiliyinin əsaslarından, dövlət qulluğu, dövlətin kadr siyasəti, mədəniyyət siyasəti, nitq mədəniyyəti, mədəniyyətin idarə olunması, əmək məcəlləsi haqqında mühazirələr oxundu. Eyni zamanda, maraqlı diskussiyalar apardıq».
R.Şabanov bildirdi ki, təkmilləşdirmə kurslarının növbəti mərhələsi ölkədə fəaliyyət göstərən qalereyaların direktorları üçün nəzərdə tutulub.
Yenilikləri öyrənmək və tətbiq etmək lazımdır
Mədəniyyət və turizm naziri Azərbaycanda gedən sosial-iqtisadi inkişaf fonunda mədəni xidmətlərin səviyyəsinin artırılmasının vacib olduğunu bildirdi: «Dörd il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi yaradılarkən, qurumun qarşısına müəyyən vəzifələr qoyulmuşdu. Bu vəzifələrin icra müddəti müxtəlif vaxtlar üçün nəzərdə tutula bilər. Lakin bizim əsas məqsədimiz bu gün ölkə prezidentinin apardığı geniş iqtisadi-sosial siyasətin sürəti ilə mədəni xidmətlərin səviyyəsini uyğunlaşdırmaqdır. Regionlarda gedən yenidənqurma və bərpa prosesinə, yeni iş yerlərinin açılmasına, infrastrukturun yenidən yaradılmasına, Azərbaycan əhalisinin yaşayış səviyyəsinə nəzər salsaq görərik ki, son illərdə Azərbaycanın görkəmi çox dəyişib. Ölkəyə gələn hər bir insan bunu hiss edir. Azərbaycan inkişafda olan ölkələrin sırasından inkişaf etmiş ölkələr sırasına keçib. Kadr potensialının bu inkişafa uyğunlaşdırılması vacibdir. Bu kursların əsas məqsədi də yeniliklərin öyrənilməsinə və tətbiqinə xidmət etməlidir. İşimizi dünyada baş verən proseslərə uyğunlaşdırmalıyıq. Təbii ki, bunu da adət-ənənələrimiz, milli-mədəni dəyərlər çərçivəsində etməliyik. Biz gərək dünyada baş verən yenilikləri öz işimizdə tətbiq edək, qloballaşan dünya ilə ayaqlaşaq.
Nazir mədəniyyətin hər sahəsi, o cümlədən kitabxana, muzey, teatr, turizm, tarixi abidələrin qorunması, kino ilə bağlı geniş fəaliyyət sənədlərinin, dövlət proqramlarının təsdiq olunduğunu nəzərə çatdırdı: «Mədəniyyət sahəsi üzrə hər bir istiqamətə aid proqramların həyata keçirilməsi üçün büdcədən vəsait ayrılır. Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitin həcmi hər il artır. Bunun qarşılığında da biz öz töhfəmizi verməliyik. Ölkə başçısı tərəfindən mədəniyyət sahəsinə aid imzalanan qanun və sərəncamlar bizim masaüstü vəsaitimiz olmalıdır. Yeni metodologiya, texnologiya, üslub və metodlardan istifadə etməklə yanaşı, köhnə, özünü doğrultmuş üslubları da tətbiq etməklə, inkişafı təmin etməliyik».
Mədəniyyət müəssisələri yeni texnologiyalarla işləyəcək
Nazir qeyd etdi ki, növbəti kurslarda müasir texnologiyalardan istifadə qabiliyyəti xüsusi olaraq nəzərdə tutulmalıdır: «Bu gün biz respublika kitabxanalarında kitabların rəqəmsal daşıyıcılara köçürülməsinə daha çox önəm veririk. Artıq 20-yə qədər rayonda kitabxana-informasiya mərkəzləri yaratmışıq. Bu mərkəzlərdə oxucuların qeydiyyatı aparılır. Eyni zamanda, rayonlarda müxtəlif xidmətlərin təmin edilməsi üçün yeni pilot-layihələr həyata keçirilir. Bu layihələrin reallaşdırılması nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edəcək xidmətlər göstəriləcək. Artıq bir neçə rayonda bu iş başlanıb. Layihənin gerçəkləşdirildiyi sonuncu məkan Bakının Binə kəndidir. İndi burada klub, kitabxana və musiqi məktəbi bir binada yerləşəcək. Hətta insanlar burada internet imkanları da əldə edə biləcəklər. Bu baxımdan yeniliklərin tətbiqi vacibdir».
Nazir dedi ki, yeni komplekslərin, mərkəzlərin yaradılması Azərbaycanda ümumi mədəniyyət xidmətlərinin səviyyəsinin artırılması ilə yanaşı, mədəniyyət şöbələrinin bütün imkanlara malik olması deməkdir. Ona görə dövlət tərəfindən qəbul edilən yeni proqramlar istiqamətverici sənəd hesab edilməlidir. Burada tətbiq olunacaq yeniliklər yerli şəraitlə uyğunlaşdırıldıqdan sonra nazirliyə təqdim olunmalıdır.
Ə.Qarayevin sözlərinə görə, vaxtilə Azərbaycan mədəniyyətini özümüzə və keçmiş MDB məkanına təqdim etməyi düşünürdüksə, bu gün o çərçivədən çıxmışıq. Azərbaycan UNESCO-da, İSESCO-da, əksər beynəlxalq qurumlarda özünün mövqeyi olan fəal bir ölkədir: «Bu mövqeyi möhkəmləndirmək üçün bizim hazırlığımız olmalıdır. Dünyaya açılan pəncərə bir tərəfdən bizi sevindirsə də, digər tərəfdən məsuliyyətimizi artırır».
Beynəlxalq muğam festivalları rayonlarda da keçiriləcək
Nazir bildirdi ki, beynəlxalq muğam festivalları təkcə Bakı şəhərini deyil, respublikamızın regionlarını da əhatə edəcək. Buna görə də 2011-ci ildə Azərbaycanda keçiriləcək İkinci Beynəlxalq Muğam Festivalına gələcək xarici qonaqların rayonlara aparılması, regionlarımızla yaxından tanış olmaları nəzərdə tutulur: «Azərbaycan muğamı təkcə Bakı şəhərində deyil. Hər rayonun öz üslubu var. Ona görə də bu tədbirlərin rayonlarda keçirilməsi vacibdir. Xaricdən gələn insanlar rayonlardakı muzeylərdə, musiqi məktəblərində olacaqlar. Hər bir rayonun muzeylərində həmin regiondan çıxan musiqi xadimlərimiz haqqında məlumatlar toplanmalıdır».
Ə.Qarayev dedi ki, Mədəniyyət və Turizm Nazirliyi yarandığı gündən özünün davamlı strategiyasını müəyyənləşdirib. Bu strategiya bütün yaxşı və ən dəyərli nümunələri dünyaya yeni formada təqdim etməkdən ibarətdir. Bu, dövlətin siyasətidir və bunun üçün də təkcə nazirlik yox, yerlərdə olan mədəniyyət müəssisələri də çalışmalıdır.
Təkmilləşdirmə kursları rayonlarda da təşkil ediləcək
Tədbirin sonunda kurs iştirakçısı olan rayon mədəniyyət və turizm işçilərindən bir neçəsi öz fikirlərini qəzetimizlə bölüşdü.
Xaçmaz rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev: «27 rayonun mədəniyyət və turizm şöbəsinin müdirinin bir yerə toplanması baxımından kursun keçirilməsini yüksək qiymətləndirirəm. Bir neçə gün ərzində biz bir-birimizlə öz təcrübəmizi bölüşdük. Eyni zamanda tanınmış mədəniyyət işçiləri, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri, şöbə müdirləri mədəniyyət sahəsindəki yenilikləri bizə çatdırdılar. Tədbirdə belə bir fikir də səsləndi ki, bu kursların yayda iki ay müddətində bölgələrdə də keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və turizm naziri problemlərimizlə maraqlandı, tövsiyələrini verdi. Bu mənada belə kursların təşkili çox vacibdir».
Ağdaş rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Tahir Əliyev: «Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kursların müvəffəqiyyətlə keçirilməsi işimizə impuls verir. Rayon şöbələri mərkəzlə sıx işləyəndə yerlərdə də işlər öz axarı ilə gedir. Son beş ildə birinci dəfədir belə geniş tərkibdə təkmilləşdirmə kursları keçirilir. Bunun yerlərdə də təşkil olunması çox yaxşı olardı. Burada öyrəndiklərimizi iş yoldaşlarımızla bölüşəcəyik».
Astara rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov: «Əvvəllər bu kurslara mütəmadi olaraq öz əməkdaşlarımızı göndərirdik və müsbət nəticələrini görürdük. Mən kursda ilk dəfədir iştirak edirəm. Kurs müddətində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Nazirlər Kabinetinin nümayəndəsi, universitetlərin müəllim və professorları bizə yeni normativ sənədlərlə, mədəniyyətşünaslıqda yeni layihələrlə bağlı mühazirələr söylədilər. Eyni zamanda, mühazirə saatlarından sonra Bakıda yerləşən muzeylərlə, yeni tikilən mədəniyyət obyektləri, o cümlədən Heydər Əliyev Fondu, Muğam Mərkəzi ilə tanış olduq».
Qəbələ rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova: «Mən sonuncu dəfə 2005-ci ildə kursda olmuşdum. Əvvəlki illə müqayisədə indi kursların keçirilməsində əsaslı fərqi gördüm. Dərslərin daha əhatəli olmasında, keyfiyyətin yüksəldilməsində, mühazirə zamanı aldığımız məlumatların zənginliyində bu fərqi hiss etmək mümkündür. Rayonda yaşayıb işlədiyimizdən paytaxtla əlaqəli olmaq, yenilikləri vaxtında bilmək bizim üçün çox vacibdir. Bu baxımdan belə kursların hər il keçirilməsini istərdik».
Fəxriyyə Abdullayeva