Aprelin 22-də Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri 2010-cu ilin birinci yarımili üçün nəzərdə tutulmuş iş planına əsasən, Sabirabadda kənd mədəniyyət işçiləri ilə görüş keçirdilər.
Görüş iştirakçıları Sabirabad rayon mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstəsi qoydular, Heydər Əliyev Muzeyinə baş çəkdilər.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti rayonun Kürkənd, Bulaqlı kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirdi, problemlərlə maraqlandı. Nümayəndə heyəti rayonun mərkəzi kitabxanasında, musiqi məktəbində, tarix-diyarşünaslıq muzeyində oldu, problemlərlə bağlı fikir mübadiləsi aparıldı.
Daha sonra rayon mədəniyyət evində kənd mədəniyyət işçiləri ilə görüş keçirildi. Qeyd edək ki, görüş regionlarda, xüsusilə kənd mədəniyyət müəssisələrinin fəaliyyətində mövcud olan problemlərin, habelə vətəndaşların müraciətlərində qaldırılan müvafiq məsələlərin yerində araşdırılması və həlli yollarının müəyyənləşməsinə həsr olunmuşdu.
Tədbirdə Nazirlik Aparatının rəhbəri F.Qurbanov təmsil etdiyi qurumun regionların iqtisadi inkişafı ilə bağlı gördüyü işlər, mədəniyyət və turizm sahələrində dövlət siyasətinin əsas istiqamətləri, son zamanlar mədəniyyət müəssisələrində aparılan quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verdi.
Görüşdə rayon mədəniyyət müəssisələrinin fəaliyyətindən, mövcud çatışmazlıqlardan, onların həlli yollarından söz açıldı. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Şahnaz Babayeva, Mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanov, Rayon Mərkəzi Kitabxanasının müdiri, musiqi məktəbinin, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktorları görüşdə çıxış etdilər. Tədbirdə kənd mədəniyyət işçilərinin fəal iştirakı ilə müzakirələr keçirildi.
İntiqam Hacılı