Aprelin 27-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Muzey Mərkəzində TÜRKSOY təşkilatının “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” mövzusunda III Beynəlxalq Seminarının açılışı oldu. Seminarda TÜRKSOY-un məsul işçiləri, türkdilli ölkələrdən gəlmiş mütəxəssislər iştirak edirlər.
Tədbir iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 3 günlük seminarın əhəmiyyətindən danışdı: «Seminarın Azərbaycanın “Sənətkarlıq paytaxtı” olan Şəkidə də keçirilməsi gözəl hadisədir.…
Hər bir xalq öz mədəni irsini qoruyaraq onu yaşatmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin səyi və təşəbbüsü ilə son illər ölkəmizdə qeyri-maddi mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 4-cü Sessiyasında ölkəmizin qeyri-maddi mədəni irsinin parlaq nümunələrindən ikisi - Azərbaycan aşıq sənəti və Novruz bayramı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib».
Nazir təəssüf hissi ilə bildirdi ki, Azərbaycana məxsus xalçalar bir çox ölkələrdə erməni xalçaları kimi təqdim olunur: «Bizim bu il üçün nəzərdə tutduğumuz əsas iş Azərbaycan xalçalarının UNESCO-nun siyahısına təqdim edilməsidir. Bunun üçün lazımi işlərə başlamışıq”.
Əbülfəs Qarayev çıxışında Naxçıvan şəhərində keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündən də bəhs etdi və bildirdi ki, bu hadisə TÜRKSOY-un fəaliyyətinə böyük dəstək göstərmiş, türk dünyasının mədəniyyət sahəsində əməkdaşlığına yeni yollar açmışdır.
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş da seminarın əhəmiyyətindən danışaraq bildirdi ki, burada müzakirə ediləcək məsələlərdən sonra qurum tərəfindən yekun qərarların qəbul edilməsi planlaşdırılır.
Son illər TÜRKSOY-un xətti ilə reallaşan təbdirlərə, layihələrə toxunan cənab Purtaş, türkdilli xalqların böyük dastanlarının çap edilməsi və yayılması, səhnə əsərlərinin nümayişi istiqamətində bundan sonra da ardıcıl tədbirlər həyata keçiriləcəyini vurğuladı: «Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası artıq 6 ölkədə böyük uğurla nümayiş etdirilib. 6 ölkədən 250 incəsənət ustasının iştirakı və TÜRKSOY-un sponsorluğu ilə həyata keçirilən bu mədəniyyət layihəsi müştərək türk mədəni irsinin təbliği, gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Opera yaxın vaxtlarda İstanbulda yenidən nümayiş olunacaq».
Seminarda Türkiyə Respublikası Qazi Universitetinin professoru Öcal Oğuz, Türkiyə Respublikası Hacettepe Universitetinin professoru Nəbi Özdəmir, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin şöbə müdiri Şengül Gitməz, eləcə də digər üzv ölkələrdən nümayəndələr iştirak edirdi.
Tədbirdə çıxış edən digər natiqlər seminarın əhəmiyyətindən danışdılar. TÜRKSOY-un son illər həyata keçirdiyi layihələr iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.
Qeyd edək ki, aprelin 29-dək davam edəcək seminarda «TÜRKSOY-un qeyri-maddi mədəni irsinin Beynəlxalq Reyestrinin formalaşdırılmasının imkanları», “Türk dünyasının xalq yaradıcılığı paytaxtları” Beynəlxalq Proqramı layihələrinin müzakirələri nəzərdə tutulub.
Aprelin 30-da şəhərimizin qonaqları üçün “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğuna, Azərbaycan Dövlət İncəsənət Muzeyinə və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyalar təşkil olunacaq.
Mehparə