Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə əlaqədar elmi sessiya keçirilib. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov sessiyanı açaraq, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Rəsul Rzanın 100 illik yubileyinin ölkəmizin hər yerində təntənə ilə qeyd edildiyini vurğulayıb. Rəsul Rzanın yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında, böyük xidmətlərini qeyd edən natiq deyib ki, onun zaman və insan haqqında poetik fəlsəfi düşüncələri ötən əsrin 60-70-ci illərində özünü daha qabarıq göstərib.
   Tədbirdə akademiklər Bəkir Nəbiyev “Şeirimizin klassiki və müasiri Rəsul Rza”, Ağamusa Axundov “Rəsul Rza və ana dili” mövzusunda məruzə ediblər. Qeyd olunub ki, Rəsul Rza orijinal dəst-xətti, fərdi yaradıcılıq siması, qeyri-adi yazı manerası ilə fərqlənib, şairin poeziyasındakı xəlqilik, böyük ehtirasla tərənnüm etdiyi təzə həyat, yüksək vətəndaşlıq idealları, bəşəri duyğular, yenilik hissi şairin yaradıcılığının ayrılmaz tərkib hissəsidir.
   Sessiyada vurğulanıb ki, xalqımız Rəsul Rzanın anadan olmasının 100 illiyini xüsusi minnətdarlıq hissi ilə qeyd edir. Bu təkcə şair Rəsul Rzanın deyil, görkəmli ədəbi tənqidçinin, ədəbi prosesə həmişə həssaslıq və tələbkarlıqla yanaşan, gənc istedadlara atalıq qayğısı göstərən bir insanın, nəhayət, yorulmaz ictimai xadim Rəsul Rzanın yubileyidir.
   Tədbirdə şairin böyüyüb boya-başa çatdığı Göyçaydan, onun ailəsindən, Bakıya ilk gəlişindən, təhsil illərindən, rəhbərlik etdiyi kollektivlərdən, Azərbaycan dilinin qorunması, saflığı uğrunda mübarizəsindən, Qobustandakı qayaüstü abidələrin bizə gəlib çatmasındakı xidmətlərindən ətraflı söz açılıb.
   AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan Ensiklopediyasının yaradıcısı və baş redaktoru Rəsul Rzanın həmin kollektivə rəhbərliyindən, orada yaranmış problemlərin aradan qaldırılması uğrunda mübarizəsindən, ona qarşı çoxsaylı təzyiqlərdən bəhs edən “Özümüz” kitabını iştirakçılara təqdim edib, böyük sənətkarla bağlı xatirələrini söyləyib.
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən diqqətə görə dövlət başçısna, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar