18 may - Beynəlxalq Muzeylər Günü, hər il olduğu kimi, bu il də Azərbaycanda müxtəlif tədbirlərlə yadda qaldı. Həmin gün respublikanın bütün muzeylərində «Açıq qapı» günü elan olunmuşdu.
   
   Beynəlxalq Muzeylər Gününün təntənəli açılış mərasimi Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçirildi. «Üzeyir dünyası muzeylərdə» adlı tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, son illər Azərbaycanda muzey işinə diqqət artıb: «Son dörd il ərzində ölkədə 34 yeni muzey yaradılıb, ekspozisiyaları təzələnib. Bununla yanaşı, muzeylərimizin beynəlxalq əlaqələri də genişlənib. Son dörd ildə dövlət başçısı tərəfindən muzeylərlə bağlı 7 sərəncam imzalanıb ki, bu da prezidentin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir».
   Nazir müavini Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın muzeylərimizin inkişafı sahəsində göstərdiyi çoxşaxəli fəaliyyəti xüsusi qeyd etdi. S. Məmmədəliyeva vurğuladı ki, son illər muzeylərimiz mədəni, tərbiyəvi mərkəz rolunu daha aktiv oynayırlar.
   Xalq rəssamı Ömər Eldarov öz çıxışında Beynəlxalq Muzeylər Günü münasibətilə sərgidə nümayiş etdirilən “Qobelenlər»dən bəhs etdi. O, bildirdi ki, qobelenlər öz ənənəvi formasından bir qədər uzaqlaşaraq müasirləşib. Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət şöbəsinin müdiri Ənvər Qarayev də Beynəlxalq Muzeylər Günündə peşəkar və gənc rəssamların əl işlərindən ibarət sərginin əhəmiyyətindən danışdı.
   Sonra sərgiyə baxış keçirildi. İki hissədən ibarət tədbirin birinci hissəsində məhəbbət mövzusunda xalçalardan ibarət sərgi təşkil olunmuşdu. Sərgidə XIX əsr Qarabağ qrupuna aid “Leyli və Məcnun”, Eldar Mikayılzadənin “Şəbi-hicran” seriyalı xalçaları nümayiş etdirilirdi, “Nizami obrazları xalçalarda” mövzusunda slayd-şounun təqdimatı xüsusi maraq doğururdu.
   Tədbirlər silsiləsinin ikinci hissəsində “Qobelenlər - dünən, bu gün” mövzusunda peşəkar və gənc rəssamların əl işlərindən ibarət sərgi nümayiş olundu. Bu əsərlərdə ilmələrdən süzülmüş musiqi və rəng ahəngini aydın şəkildə duymaq olar. Modelyer Minarə Quliyevanın təqdimatında milli geyimlərdə və libaslarda xalça interpretasiyası təqdim olundu.
   Daha sonra dahi bəstəkarın “Arşın mal alan” operettasından və “Leyli və Məcnun” operasından qızların xoru, “Səni tərənnüm edirəm, Azərbaycanım” - xalq və müəllif mahnıları muzeyin vokal qrupunun ifasında səsləndi. Uşaqlara həsr olunmuş bölümdə Muzeyin Uşaq Teatrının ilk tamaşası - “Tıq-tıq xanım” yeni quruluşda Bülbül adına orta ixtisas musiqi məktəbinin və 7 saylı orta məktəbin şagirdlərinin ifasında təqdim olundu. Bundan başqa, müxtəlif əyləncəli oyunlar, “Öz xalçanı yarat”, “Kəndirdartma” yarışları keçirildi, “Azərbaycan musiqi ritmləri” instrumental ansamblının ifasında musiqilər səsləndirildi. Tədbir axşama qədər davam etdi.
   Azərbaycanda Beynəlxalq Muzeylər Gününün builki mövzusu dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunub. Bu il Ü.Hacıbəylinin 125 illik yubileyi respublikamızda yüksək səviyyədə qeyd edilir.
   Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Qobustan Milli Tarix Bədii Qoruğu, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyi, Məmməd Səid Ordubadinin xatirə muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin təşkilatçılğı ilə də “Üzeyir dünyası muzeylərdə” adlı silsilə tədbirlər keçirilib.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar