Bakıda, Şamaxıda və Ağsuda tədbirlər keçirildi
   
   Böyük satirik şair Mirzə Ələkbər Sabirin ziyarətinə həmişə olduğu kimi bu dəfə də tanınmış qələm adamları, ictimai xadimlər, mətbuat nümayəndələri gedirdilər. Tədbir ənənəvi olaraq şairin Bakının mərkəzindəki abidəsini ziyarətdən başladı.
   
   Şamaxı və Ağsu rayonlarına getməyə hazırlaşan nümayəndə heyətinin tərkibinə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birliyin katibləri Nazim İbrahimov, Fikrət Qoca, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, millət vəkili Sabir Rüstəmxanlı, şair, “Sabir poeziya günləri”nin aparıcısı Əjdər Ol və digər qələm sahibləri, media işçiləri daxil idi.
   Narın yağışın müşayiətilə səfalı Şamaxı torpağına yol alan tədbir iştirakçıları əvvəlcə Sabirin qəbrini ziyarət etdilər. Şairin məzarı üstünə qızılgüllər düzən ziyarətçilər ürək sözlərini də dilə gətirdilər və üç il öncə bir iş adamı tərəfindən tikdirilmiş məqbərənin baxımsızlığından, qəbiristana aparan yolun bərbad vəziyyətdə olmasından gileyləndilər.
   Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin birgə təşkil etdiyi “Sabir poeziya günləri”nin açılış mərasimi mayın 30-da (Sabirin doğum günü) Ağsu rayon mərkəzində yerləşən yaraşıqlı parkda baş tutdu. Mərasimdən əvvəl nümayəndə heyəti Qarabağ şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksini, Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndərin parkda yerləşən abidəsi önünə gül dəstələri qoydular.
   Poeziya məclisində çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qonaqlara “xoş gəlmisiniz” söylədi və builki “Sabir poeziya günləri”nin Ağsu rayonunda keçirilməsindən qürur duyduğunu dilə gətirdi, tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
   Sonra aparıcı Əjdər Ol sözü Sabirin davamçılarına verdi. Xalq yazıçısı Anar, şairlərdən Fikrət Qoca, Vaqif Bəhmənli, Yusif Həsənbəy, Sabir Sarvan, Sabir Rüstəmxanlı, Ağacəfər Həsənli, Ədalət Əsgəroğlu, yazıçı Firuz Mustafa, gənc yazarlardan Rəbiqə Nazimqızı, Qismət, Cavid Zeynallı, tənqidçi-ədəbiyyatşünaslar Əsəd Cahangir, İlham Abbasov, Gəncə və Ağsu rayonunun qələm sahibləri çıxış edərək Sabir yaradıcılığının məziyyətlərindən, Azərbaycan ədəbiyyatındakı yerindən danışdılar, Sabir poeziyasının bu gün də aktuallığını qoruyub saxladığını vurğuladılar.
   Şairlər yeni əsərlərindən nümunələr oxudular. Aktyorlar Ağalar Bayramov və Əli Nur Sabir, Rəsul Rza yaradıcılığından maraqlı örnəklər söylədilər.
   Ağsu rayonunun ucqar kəndlərinin birindən olan məktəblilərin böyük satirikin məşhur “Oxutmuram, əl çəkin!” şeiri əsasında hazırladıqları səhnəcik tamaşaçıların marağına səbəb oldu.
   Şamaxı və Ağsuda nəzərdə tutulan tədbir proqramı dahi şairin Şamaxıdakı ev-muzeyinin ziyarətilə başa çatdı. Sabirə aid eksponatlar, böyük şair və mütəfəkkir Seyid Əzim Şirvaninin ona bağışladığı Nizaminin “Sirlər xəzinəsi” kitabı, güzgü, cüzdan və digər məişət əşyaları tamaşaçılarda böyük maraq doğurdu.
   Ziyarətçilər ev-muzeyinin qarşısındakı büstün yanında xatirə şəkilləri çəkdirdilər.
   “Sabir poeziya günləri” silsiləsinin yekun tədbiri mayın 31-də Bakıda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının iclas zalında keçirildi. Kitabxananın direktoru Kərim Tahirov açılış nitqi ilə qısa çıxış edərək “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışdı, sonra sözü şair Əjdər Ola verdi.
   Tədbirdə çıxışlardan daha artıq şeirə-sözə yer verildi. Şairlər Oqtay Rza, Yusif Həsənbəy, gənclərdən Rəbiqə Nazimqızı, Qismət, Fərid Hüseyn və başqaları maraqlı şeir nümunələri oxudular. Yazıçılar Birliyinin katibi Rəşad Məcid də çıxışını Sabirin lirik qəzəllərindən biri ilə yekunlaşdırdı. Tənqidçi Əsəd Cahangir isə şairin həyatına diqqət çəkdi, onun çətin, ağrılı günlərini yada saldı. Şair Əjdər Ol tədbirə yekun vuraraq Sabir irsinin Azərbaycanın mənəvi xəzinəsi olduğunu bildirdi və bu xəzinəni qorumağın vacibliyini diqqətə çatdırdı.
   Xatırladaq ki, “Sabir poeziya günləri” 1962-ci ildən başlayaraq hər il mayın 30-31-də qeyd olunur. Uzun illər boyunca Rəsul Rza, Abbas Zamanov, Cabir Novruz, Qabil, Fikrət Sadıq “Sabir poeziya günləri”nin təşkilat komitəsinə rəhbərlik edib və onun nüfuzunu qoruyublar. Bu tədbir əsasən Bakıda və Şamaxıda keçirilməklə yanaşı ölkəmizin başqa şəhər və rayon mərkəzlərini də əhatə edir. Tədbirin məqsədi Mirzə Ələkbər Sabir poeziyasını və Azərbaycan ədəbiyyatını geniş təbliğ etmək, eyni zamanda yazıçılarla oxucuları görüşdürməkdir.
   İkinci ildir ki, “Sabir poeziya günləri” Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil olunur.    

   Vüsal







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar