İyunun 10-da Bakıda Müəllif Hüquqları Agentliyinin və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə “Müəlliflik hüququ və kreativ sənayelərin iqtisadi əhəmiyyəti” mövzusunda ikigünlük beynəlxalq seminar işə başlayıb.
Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və DƏMT-in Kreativ sənaye şöbəsinin icraçı direktoru Dimiter Qantçev seminarın əhəmiyyətindən danışıblar. Son illər müəllif hüquqlarının qorunması, müdafiəsi və təminatı sahəsində Azərbaycanda DƏMT-in köməyilə keçirilmiş beynəlxalq tədbirlər diqqətə çatdırılıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə tədbir iştirakçılarını salamlayıb, son illər Azərbaycanda iqtisadiyyat, qanunvericilik, mədəniyyət sahələrində əldə olunmuş nailiyyətləri qonaqların diqqətinə çatdırıblar.
Seminarın birinci günü “Kreativ sənayelərin konsepsiyası”, “Qlobal iqtisadiyyatda kreativ sənayenin rolu: əqli mülkiyyətin perspektivi”, “Yeni biliklərə əsaslanan iqtisadi artım və kreativ sənayelərin iqtisadi payı: Azərbaycan təcrübəsi”, “Azərbaycanın müasir iqtisadiyyatı-vəziyyət, meyillər və perspektivlər” və “Kreativ sənayelər üçün iş indikatorlarının inkişafı” mövzularında məruzələr dinlənilib.
Seminar iyunun 11-də işini davam etdirəcək.