İyunun 16-da «Exselsior» mehmanxanasında Şimali Kiprdə fəaliyyət göstərən Kipr Beynəlxalq Universitetinin tanıtım mərasimi keçirildi.
Tədbirdə çıxış edən universitetin rektoru Mehmet Yükselen təhsil ocağı barədə məlumat verdi. Onun sözlərinə görə, Kipr Beynəlxalq Universitetində iqtisadiyyat, hüquq, dil-ədəbiyyat, turizm, hotel işi, incəsənət və mühəndislik fakültələri üzrə ümumilikdə 28 xarici ölkədən 4700 tələbə təhsil alır. Dərslər ingilis dilində keçirilir.
Dünya standartlarına uyğun tədris sistemi ilə işləyən universitetdə dünyanın bir çox ölkələrindən, o cümlədən Türkiyə, İsveçrə, Almaniya, Böyük Britaniyadan tələbələr təhsil alır. Mehmet Yükselen onu da bildirdi ki, azərbaycanlı gənclərin Kipr Beynəlxalq Universitetində təhsil alması həm Şimali Kipr dövlətinin, həm də rektor olaraq onun özünün marağındadır. Çünki Kiprlə Azərbaycanı təkcə işgüzar əlaqələr və biznes maraqları deyil, eyni zamanda, tarixi bağlılıq, soy-kök yaxınlığı birləşdirir.
Kipr Beynəlxalq Universitetinin Azərbaycanda tanıtımını həyata keçirən «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, təhsil ocağının güclü maddi-texniki bazası var. Təkcə kimya laboratoryasının qurulmasına 1,5 milyon dollar vəsait ayrılıb.
Burada illik təhsil haqqı 4.446 avrodur. Yemək və universitet ərazisində yerləşən şəhərcikdə qalmaq da bu qiymətə daxildir. Yaxşı oxuyan və nümunəvi davranış göstərən tələbələr üçün endirimlər nəzərdə tutulub: «Burada yüksək təhsil verildiyindən biz də Azərbaycanın turizm sənayesində fəaliyyət göstərən şirkət olaraq istəyirik ki, ölkəmizdə savadlı kadrlar çox olsun. Bir şeyi də qeyd edim ki, Kipr Beynəlxalq Universitetini bitirən tələbələr Böyük Britaniyanın «Universty of Sunderland» və «Universty of Wolverhampton» universitetlərinin də diplomlarını almaq imkanı da əldə edirlər. Bu baxımdan da düşünürəm ki, azərbaycanlı tələbələrin burada təhsil alması həm də onların özü üçün yaxşı perspektiv deməkdir».
Azərbaycan Turizm Universitetinin rektoru Cəfər Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, hazırda dünyada mövcud olan təhsil bazarında universitetlər öz mövqelərini möhkəmləndirmək uğrunda mübarizə aparırlar. Şimali Kiprdə turizm sahəsinin inkişafına və təhsilə böyük önəm verilir. ATİ bu ölkənin Doğu Akdeniz Universiteti ilə çox yaxından əməkdaşlıq edir: «Biz bu yaxınlarda onlarla ikili diplomların verilməsi ilə də bağlı müzakirələr apardıq. Kipr Beynəlxalq Universiteti də özünün təhsil imkanlarını xaricdə yaymaqla universitetə tələbələr cəlb edir. Bu universitet az müddətdə çox böyük uğurlara imza atıb. Ona görə də Turizm İnstitutu gələcəkdə Kipr Beynəlxalq Universiteti ilə geniş əməkdaşlıq etməyi nəzərdə tutur».
Qeyd edək ki, Kipr Beynəlxalq Universitetinin Azərbaycanda tanıtım kampaniyasının aparılmasını və azərbaycanlı gənclərin bu universitetdə təhsil almasını Azərbaycanın Təhsil Nazirliyi də dəstəkləyir.
Fəxriyyə Abdullayeva