İyunun 22-də S.Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Azərbaycanda Gürcüstan Mədəniyyəti Günlərinin açılışı münasibətilə bu ölkənin tanınmış fırça ustalarından olan Rusudan Petviaşvilinin sərgisi təşkil olundu.
  
 
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasında mədəni əlaqələrdən danışıb, bu əlaqələrin gündən-günə inkişaf etdiyini bildirdi. Ötən ilin martında Gürcüstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladan nazir müavini həmin tədbirdə ölkəmizdən böyük nümayəndə heyətinin iştirak etdiyini, azərbaycanlı sənətçilərin təqdim etdiyi proqramların gürcü sənətsevərlər tərəfindən maraqla qarşılandığını nəzərə çatdırdı.
   Nazir müavini Azərbaycanda Gürcüstan Mədəniyyəti Günlərinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə olacağını dedi. O, sərginin və Mədəniyyət Günləri çərçivəsində təşkil olunan digər tədbirlərin azərbaycanlı sənətsevərlər tərəfindən maraqla qarşılanacağına, xoş təəssüratlar yaradacağına əminliyini bildirdi.
   Açılış mərasimində çıxış edən Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini Marine Çoqoşvili iki ölkə arasında dostluq və mədəni əlaqələrin mövcud vəziyyətindən danışdı, Azərbaycanla mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, belə tədbirlərin bundan sonra da davam edəcəyinə ümid etdiyini vurğuladı.
   Sonra o, tədbirdə iştirak edən tanınmış rəssam Rusudan Petviaşvilini qonaqlara təqdim etdi.
   Gürcü rəssam Rusudan Petviaşvili isə Azərbaycanda ilk sərgisinin təşkil olunduğuna görə məmnunluğunu bildirdi. Sərgidə təqdim olunan əsərlərin ilk dəfə nümayiş olunduğunu deyən rəssam Azərbaycanda incəsənətə yüksək qiymət verildiyini, belə tədbirlərin təşkilinin ölkələr arasında mədəni münasibətlərin inkişafına xidmət etdiyini qeyd edib.
   Tədbirdə çıxış edənlər Azərbaycanla Gürcüstan arasında əvvəlcədən mövcud olan mədəni əlaqələrdən danışaraq sərgi barədə öz fikirlərini bölüşdülər.
   Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın qrafika, rəngkarlıq janrlarında, dekorativ incəsənətin batika üsulu ilə çəkilmiş 20-dən artıq əsəri nümayiş etdirilir.
   Mədəniyyət və turizm naziri Ə.Qarayev sərgidə iştirak etdi. Nazir sərgidə nümayiş olunan əsərlərə baxdı, gürcü rəssama yaradıcılıq uğurları arzuladı.
   Qeyd edək ki, Rusudan Petviaşvili bütün dünyada tanınır. Rəssamın indiyədək Vyana, Budapeşt, Madrid, London, Moskva, ABŞ və İsveçrə sərgiləri təşkil olunub.  

   Ceyhun  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar