Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” layihəsi çərçivəsində növbəti regional seminar iyunun 25-də Qusar rayonunda keçirildi. Seminarda giriş sözü söyləyən Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov son illər mədəniyyət sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışdı. O, ölkənin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyini nəzərə çatdırdı.
   
   Seminarda Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı, Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Mətləb Məmmədov məruzələrlə çıxış etdilər. Məruzələrdə “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” layihəsinin həyata keçirilməsinin məqsəd və vəzifələrindən söz açıldı, layihə çərçivəsində keçirilən görüşlərin bu sahədə ortaya çıxan problemlərin həllinə yönəldiyi vurğulandı, milli mədəniyyət və müasir mədəniyyət siyasəti sahəsində bir sıra maraqlı məqamlara toxunuldu.
   
   Mədəniyyət siyasətinin düzgün təşkili siyasi hədəflərə nail
   olmağa imkan verir
   
   Azərbaycanın füsunkar təbiətinin çoxsaylı əcnəbi turistləri ölkəmizə cəlb etdiyini deyən Asif Usubəliyev turizmin inkişafının, eyni zamanda, milli mədəniyyətimizin geniş şəkildə təbliğinə də imkan yaratdığını vurğuladı: «Mədəniyyət əslində böyük siyasətdir, xarici siyasətdə, beynəlxalq münasibətlərdə əhəmiyyətli vasitədir və biz ondan istifadə edərək mühüm siyasi hədəflərə nail ola bilərik. Mədəniyyətin böyük bir siyasi potensialı var. Biz bundan lazımi şəkildə istifadə etməliyik”.
   Sektor müdiri Azərbaycanın mədəniyyət sahəsində beynəlxalq layihələrə daim dəstək verdiyini qeyd etdi: “Xarici mədəniyyət siyasəti sahəsində real olaraq uğurlar var. Elə beynəlxalq miqyaslı mədəniyyət tədbiri yoxdur ki, Azərbaycan orada layiqincə təmsil olunmasın. Bütün yaradıcılıq festivallarında Azərbaycan uğurlar əldə edir”.
   Bununla yanaşı, sektor müdiri daxili mədəniyyət siyasətinin inkişafında müəyyən problemlərin olduğunu və onların həlli istiqamətində iş aparıldığını qeyd etdi: “Bu gün nazirlik səviyyəsində kadr hazırlığı, iş adamlarını prosesə cəlb etmək, mədəniyyət işçilərinin peşəkarlığının artırılması istiqamətində layihələr hazırlanır. Lakin unutmayaq ki, bizim mədəniyyət müəssisələrinin də üzərinə mühüm vəzifələr düşür. Artıq mədəniyyət müəssisələri fəaliyyətləri hesabına pul qazanmağı bacarmalı, yeni maliyyə mənbələri axtarmalıdırlar. Əfsuslar olsun ki, bu gün əksər mədəniyyət müəssisələri bu potensialdan layiqincə yararlana bilmir. Xüsusilə bu mədəniyyət evlərində daha aydın hiss olunur”. Mədəniyyət və turizm sahələrinin yüksək inkişafına yönələn tədbirlərin həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıdığını qeyd edən sektor müdiri mədəniyyət müəssisələrində qarşıda duran tələblərə ciddi yanaşılmasının vacibliyini bildirdi.
   
   Daxili mədəniyyət siyasətində
   beynəlxalq təcrübəyə əsasən
   yeni model qurula bilər
   
   Seminarın iştirakçısı, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı ölkədə aparılan daxili mədəniyyət siyasətinə uyğun olaraq bölgələrdə inkişafın hiss olunduğunu dedi. “Müasir dünya mədəni müxtəliflik prinsipindən çıxış edir. Qlobal ekoloji təhlükələrdən, müharibələrdən qorunmaq üçün mədəniyyətin inkişaf etdirilməsi vacibdir” -deyən alim mədəni müxtəlifliyin qorunması, tolerantlıq baxımından Azərbaycanın dünya ölkələrinə nümunə olduğunu qeyd etdi.
   M.Süleymanlı daxili mədəniyyət siyasətində Azərbaycanın milli və coğrafi şəraitini nəzərə almaqla, beynəlxalq təcrübəni mənimsəməklə yeni modelin qurula biləcəyini də istisna etmədiyini bildirdi: “Bu gün dünya ölkələri - könüllü və ya könülsüz - qlobal mədəni inteqrasiya prosesinə qoşulur. Bunun müsbət və mənfi tərəfləri var. Gənclərimizi qloballaşmanın mənfi təsirlərindən qorumağı bacarmaq lazımdır. Biz milli mədəniyyətin təbliği məsələlərinə xüsusi önəm verməliyik”.
   Məruzəçi, həmçinin, bu sahədə diskussiyaların aparılmasının vacibliyini qeyd etdi. O, milli mədəniyyət və müasir mədəniyyət siyasəti mövzusunda çap olunacaq kitabda bütün bu məsələlərə ayrı-ayrılıqda geniş münasibət bildiriləcəyini vurğuladı.
   Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi Mətləb Məmmədovun sözlərinə görə, sovet hakimiyyəti dövründə mədəniyyət siyasəti həmişə qalıq prinsipi əsasında fəaliyyət göstərib. Həmin illərdə mədəniyyət müəyyən ideologiyaya xidmət etdiyi üçün bu sahədə inkişafın hiss olunmadığını xatırladan M. Məmmədov bu gün ölkədə mədəniyyət müəssisələrinin tərəqqisi üçün müvafiq şəraitin yaradıldığını bildirdi.
   Alim qeyd etdi ki, mədəniyyət təhsillə birgə inkişaf etməli, təhsil müəssisələri mədəniyyət müəssisələri ilə əlaqələrini genişləndirməlidir. Onun sözlərinə görə, mədəniyyətimizin təbliğində ən böyük vəzifə mədəniyyət işçilərinin payına düşür: “Qloballaşmanın mənfi nəticəsi olaraq milli-mənəvi dəyərlərin aşılanması prosesinin qarşısı alınmalıdır. Bunu başqa yerlərdə heç kim etməyəcək. Bu işin öhdəsindən daha çox onlar gələ bilər”.
   Qloballaşmanın qarşısını almağın qeyri-mümkün olduğunu deyən məruzəçi milli mədəniyyətin mənfi təsirlərdən qorunub saxlanması imkanlarının olduğunu, orta məktəblərdə mədəniyyət müəssisələrinə maraq oyanmasında müəyyən icbari metodlardan istifadənin tərəfdarı olduğunu qeyd etdi: “Fikrimcə qiymətləndirmə prosesində şagirdin kitabxananın, muzeyin xidmətlərindən necə istifadə etməsi nəzərə alınmalıdır. Qloballaşma bizdən bunu tələb edir”.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar