İyunun 24-25-də Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov və nazirliyin məsul işçiləri Şəki və Zaqatala rayonlarında kənd mədəniyyət işçiləri ilə görüş keçirdilər. Regionlarda mütəmadi olaraq keçirilən bu cür tədbirlərin məqsədi kənd mədəniyyət müəssisələrinin fəaliyyətində mövcud olan problemlərin, habelə vətəndaşların müraciətlərində qaldırılan məsələlərin yerində araşdırılması və həlli yollarının müəyyənləşməsidir.
   
   İlk görüş iyunun 24-də Şəki şəhərində keçirildi. Tədbirdə Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov, mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri iştirak edirdi. İyunun 25-də isə analoji tədbir Zaqatalada gerçəkləşdi. Görüşdə Zaqatala RİH başçısının səhiyyə, təhsil və mədəniyyət məsələləri üzrə müavini Zümrüd Ağakişiyeva, Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Səfər Ramazanov və kənd mədəniyyət müəssisələrinin işçiləri iştirak edirdilər. Hər iki rayonda tədbir rayon icra hakimiyyətlərinin akt zalında keçirildi.
   Keçirilən görüşlərdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov regionların inkişafı ilə bağlı görülən tədbirlər, mədəniyyət və turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri, son zamanlar mədəniyyət müəssisələrində aparılan quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verdi. Rayon mədəniyyət müəssisələrinin fəaliyyətindən, mövcud çatışmazlıqlardan, onların həlli yollarından söz açdı.
   F.Qurbanov qeyd etdi ki, bölgələrdəki mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri mövcud problemlər, onların həlli ilə bağlı təkliflərini daha aktiv şəkildə bildirməli, təşəbbüslər irəli sürməlidirlər: “Bu gün Azərbaycanda dünyanın tanınmış sənət adamlarının iştirakı ilə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Eyni zamanda, biz öz mədəniyyətimizin də dünyada tanınması, təbliği üçün geniş iş aparırıq. Azərbaycan muğamı, aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu siyahıya Novruz bayramı da salınıb. Maddi irs siyahısına isə İçərişəhərin, Qız Qalasının, Şirvanşahların, Qobustanın daxil edilməsi ümumilikdə mədəniyyətimizin uğurudur. Bu uğurlar sırasında bölgələrimizin də mədəni həyatı dövlətin diqqətindədir”.
   
   Turizmin inkişafı həm də mədəniyyətin təbliğinə xidmət edir
   
   Aparat rəhbəri xüsusilə qeyd etdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında turizm strateji əhəmiyyət daşımağa başlayıb və bu sahədə xeyli iş görülüb. Turizmin inkişaf tempini rəqəmlərlə nəzərə çatdıran F.Qurbanov bildirdi ki, bu sahənin yüksəlişi nə qədər iqtisadi göstəricidirsə, bir qədər də mədəniyyətin tanıdılması, təbliği deməkdir: “ Bu gün Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Turizm sahəsində bu işlər daha intensiv surətdə aparılır. Əgər 2004-cü ildə Azərbaycana gələn turistlərin sayı 1 milyondan az idisə, 2009-cu ildə bu rəqəm 1,5 milyonu ötüb. Şəki və Zaqatala rayonlarının turizm baxımından əlverişli təbii şəraiti olduğunu nəzərə alsaq, bu rayonlarda yerləşən mədəniyyət obyektlərinin və bəzi tarixi abidələrin bərpasına ehtiyac olduğunu görərik. Burada mədəniyyət və turizm sahəsində çalışanların qarşısında mühüm vəzifələr dayanır”.
   F.Qurbanov mədəniyyət və turizm sahəsində gedən inkişaf, yeni tikilmiş və təmir edilmiş mədəniyyət ocaqları, turizm obyektləri barədə məlumat və statistik göstəriciləri görüş iştirakçılarının nəzərinə çatdırdı. Onun çıxışı mövzuya aid çəkilmiş foto-slaydla müşayiət olunurdu.
   
   Bölgələrdə yeni mədəniyyət obyektlərinin inşasına ehtiyac var
   
   Hər iki rayona səfər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, Regionlarla iş sektorunun müdiri Azəri Əhmədzadə bir sıra kəndlərdə mədəniyyət evləri, klub və kitabxanaların vəziyyəti ilə tanış oldular. Bu zaman diqqətə alınan problemlər, ayrı-ayrı məsələlər hər iki rayonun mədəniyyət işçiləri ilə görüşlərdə müzakirə mövzusu oldu.
   Aparat rəhbəri F.Qurbanov hər iki rayondakı çıxışında bunu nəzərə çatdırdı: «Mədəniyyət müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olmaq işimizin xeyrinədir. Kəndlərdə mədəniyyət işçiləri ilə ünsiyyətdə olduq. Son vaxtlar dövlət tərəfindən mədəniyyət obyektlərinə diqqət artmaqdadır. Şəki və Zaqatala Azərbaycanın turizm zonalarından biridir. Turistlər bura gələrkən mədəniyyət obyektləri və tarixi abidələr də onların diqqətində olur. Deməli, mədəniyyət ocaqlarını elə səviyyəyə çatdırmaq lazımdır ki, respublikamıza gələn turistləri də cəlb etsin. Bu isə yerlərdə olan obyektlərin büdcəsinin artmasına xidmət edir. Bölgələrdə mədəniyyət evləri, klub və kitabxanalar nə qədər keyfiyyətli olsa, gənclərin diqqətini daha çox bu məkanlara cəlb etmək olar. Son beş ildə respublikamızın paytaxtında onlarla belə yeni mərkəzlər inşa olunub, bəziləri isə əsaslı şəkildə müasir standartlara uyğun təmir edilib. Bir sıra rayonların mərkəzlərində mədəniyyət ocaqları əsaslı təmir olunsa da, bölgələrdəki mədəniyyət obyektlərinin əksəriyyətinin yenidən inşasına ehtiyac var».
   Aparat rəhbəri F.Qurbanov bölgələrdə keçirilən belə görüşlərin səmərəsiz qalmadığını önə çəkərək bildirdi ki, bu gün Şəki və Zaqatalanın mədəni həyatındakı çatışmazlıqlarla əyani tanış olmaq imkanı yarandı, mövcud problemlər diqqətə götürüldü. Zaqatala RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Z.Ağakişiyeva gələcəkdə də belə görüşlərin keçirilməsinə ehtiyac olduğunu, tədbirin mədəniyyət müəssisələrinin fəaliyyətinə müsbət təsir edəcəyini bildirdi.
   Beləliklə, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin Şəki və Zaqatala rayonlarındakı görüşləri səmərəli keçdi. Problemlər araşdırıldı və nazirliyin işçiləri tərəfindən qeyd edildi. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə yerləşən mədəniyyət obyektlərinin vəziyyətini araşdırmaq üçün digər rayonlara da səfərləri davam etdiriləcək.
   
   İntiqam Hacılı 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar