Payızda qonşu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
İyulun 5-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyni ilə görüşdü. Nazir Ə.Qarayev qonaqları salamlayaraq İran nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə gəlişinin ikitərəfli mədəni əlaqələrin inkişafı baxımından önəmli hadisə olduğunu vurğuladı.
O, İranın mədəniyyət və islam maarifləndirilməsi nazirinin Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdırdı. Qeyd etdi ki, Azərbaycanla İran arasında 1994-cü ildə imzalanmış mədəniyyət sahəsində əməkdaşlıq sazişinə uyğun olaraq, ikitərəfli münasibətlər inkişaf etməkdədir və bu səfər həmin sazişin məntiqi davamıdır: «Azərbaycanla İran arasında nəzərdə tutulan müxtəlif tədbirlərin, müsabiqələrin və səfərlərin təşkil edilməsi bizim üçün əsasdır. Bu yaxınlarda Azərbaycanın incəsənət ustaları Tehranda geniş konsert proqramı ilə iştirak etdilər. Azərbaycan tərəfi üçün xoşdur ki, indi də İranın musiqiçiləri ölkəmizə gəlib. Mən inanıram ki, yaxın gələcəkdə bu mədəni hadisələr hər iki ölkədə daha geniş şəkildə - “Mədəniyyət günləri” çərçivəsində keçiriləcək”.
Nazir Ə.Qarayev Azərbaycanla İran arasında turizm sahəsində də əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd etdi.
İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyni Azərbaycan tərəfinin təkliflərini müsbət dəyərləndirdiklərini vurğuladı: “Əsas məqsəd Azərbaycanla mədəni əlaqələri daha da genişləndirməkdir. Biz bütün əlaqələri genişləndirmək üçün bu yaxınlarda ölkəmizə sizin vətəndaşlarınızın gəlməsi üçün vizanı ləğv etdik. Bu bir daha onu göstərir ki, Azərbaycanla əməkdaşlığımızın genişlənməsini istəyirik. Budəfəki səfər əsnasında iki ölkə arasında tarix, mədəniyyət, ədəbiyyat, kino və digər sahələrdə əməkdaşlığı genişləndirmək haqqında dialoqumuz maraqlı alındı».
İranlı nazir qeyd etdi ki, hər iki ölkədə “Mədəniyyət həftələri”nin keçirilməsi vacibdir: “Bundan əlavə, Azərbaycanın mətbuat nümayəndələrini noyabr ayında İranda keçirilməsi planlaşdırılan «Beynəlxalq mətbuat həftəsi»ində iştirak etməyə dəvət edirik. Biz iki dost və qardaş ölkəyik və hesab edirəm ki, mədəniyyət sahəsində ölkələrimiz arasında müştərək proqramlar həyata keçirməliyik. İki ölkənin rəsmi və siyasi şəxslərinin qarşılıqlı səfərlər etməsi vacibdir. O cümlədən mədəniyyət nümayəndələrinin səfərləri gələcəkdə də təşkil edilməlidir”.
Danışıqlardan sonra nazirlər iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında protokol imzaladılar. Ə.Qarayev iranlı həmkarına Azərbaycan xalçası hədiyyə etdi.
Nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırdılar. Nazir Ə.Qarayev bildirdi ki, İranda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi uzun müddət idi ki, müzakirə olunurdu: “Artıq məsələ həllini tapıb və bu görüşdə İran tərəfi bildirdi ki, payızda bu ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək”.
İntiqam Hacılı