“Samp” Qitələrarası Muzeylər Şəbəkəsi iyulun 9-dan 11-dək Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində seminar keçirəcək.
Seminarda “Samp”ın icraçı direktoru Elizabet Olofsson, Stokholm Kral Texnologiya Universitetinin, Filippin, Tanzaniya, Kolumbiya, Hindistan muzeylərinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları və musiqi ictimaiyyətinin nümayəndələri, ziyalılarımız iştirak edəcəklər.
Seminar günlərində Azərbaycan Turizm İnstitutunda, Qərb Universitetində, “Hatt qrup” İnkişaf Agentliyində, “Ekosfera” təşkilatında, o cümlədən musiqiçilərlə və musiqi təhsil ocaqlarında tələbələrlə görüşlər nəzərdə tutulub.
Qonaqlar Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filiallarının, habelə maestro Niyazinin ev-muzeyi və Vaqif Mustafazadənin xatirə muzeyinin ekspozisiyaları ilə tanış olacaqlar. Seminar iştirakçıları üçün Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının konserti də təşkil ediləcək. Onlar, həmçinin, muzeyin iş təcrübəsi ilə tanış olacaq, təcrübə mübadiləsi aparacaqlar.
Seminar çərçivəsində Azərbaycanda ilk dəfə muzey işinə dair beynəlmiləl nəşr - “Daha yaxşı işləməyin yolları, işçiləri təşviq etmənin əhəmiyyəti” kitabının təqdimatı da keçiriləcək. Kitab “Samp” Qitələrarası Muzeylər Şəbəkəsinin layihəsi çərçivəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyi, İsveç, Kosta-Rika və Botsvana muzeylərinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan, ingilis, ispan və isveç dillərində nəşr olunub.