Avqustun 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı Bakıda, Novxanı “Aqua park” istirahət mərkəzində işə başlayan “Gənclər bu gün” adlı beynəlxalq görüş-seminar dünən başa çatdı.
   
   Avqustun 18-də seminarda kinorejissorluq mövzusunda debatlar aparılıb. Tədbiri açan Əməkdar incəsənət xadimi Yavər Rzayev seminar iştirakçılarına öz təcrübəsindən, kino sənətinin incəliklərindən danışaraq bu gün dünyada insanları düşündürən məsələlərin ekrana gətirilməsinin vacibliyini vurğuladı.
   Tədbir iştirakçıları 5 film izlədi. Bu ekran əsərlərində müasir dünyanı düşündürən məsələlər, insana və insanlığa hörmət, mərhəmət hissi, saf məhəbbətin ürəkləri titrədən görüntüləri maraqla qarşılandı.
   Yaradıcı gənclərin iştirakı ilə “Gənclər bu gün” beynəlxalq görüş-seminarında iştirak edən əcnəbi qonaqlar arasında Türkiyədən gəlmiş kinorejissor Faysal Soysal da iştirak edirdi. Fürsət tapıb onunla kiçik bir söhbət etdik. Faysal Soysal Türkiyədə qısametrajlı filmlər rejissoru kimi tanınır. O, kino sahəsində təhsilini İran və Hollivudda alıb. “Anamın olduğu gün”, “İtirilmiş zamanın arzuları”, “Mizansen”, “İstanbul” və başqa qısametrajlı filmlərin müəllifidir.
   Filmlərini adətən İran və Nyu-Yorkda lentə alan Faysal Soysal yaradıcılığı haqqında qısaca məlumat verdi: “Bu vaxta qədər 8 qısametrajlı film çəkmişəm. İranda çəkdiyim ilk filmim “Qadağan olunmuş yuxu” (2005) İstanbulda insan hüquqları ilə bağlı ən yaxşı film mükafatına layiq görüldü. Daha sonra “Kısa çek - uzun olsun” Qəzvin film festivallarında mükafatlar alıb. “Anamın olduğu gün” filmim isə Azərbaycanda “Audiovizual” film festivalında “525-ci qəzet”in xüsusi mətbuat mükafatına layiq görüldü. Ondan sonra “İtirilmiş zamanın arzuları” filmimi çəkdim. Bu Boston və İstanbulda ən yaxşı film mükafatını aldı. Nyu Yorkda oxuduğum müddətdə də bir sıra filmlərimi, “Mizansen”, “Saat neçədir?” və s. çəkdim”.
   Bu vaxtadək müxtəlif seminarlarda iştirak etdiyini qeyd edən Faysal bəy Azərbaycan kinosu haqqında təsəvvürünün geniş olmadığını qeyd etdi: “Türkiyədə film festivallarında Azərbaycan filmləri iştirak etmədiyindən təsəvvürüm o qədər də zəngin deyil. Odur ki, Azərbaycan kinosu ilə yaxından tanış olmaq istərdim”.
   Rejissor azərbaycanlı tələbələrin kinoya olan böyük marağını da vurğuladı: “Burada tələbələrin kinoya çox böyük həvəsi olduğunu gördüm. Gələcəkdə gənclərlə müəyyən layihələr üzərində ciddi şəkildə işləmək istərdim”.
   Kino mövzusunda debatlardan sonra yaradıcı gənclərin görüş-seminarı gənc modelyerlərin “Milli və müasir geyim ənənələri” adlı moda təqdimatı ilə davam etdi. Təqdimatda bir neçə gənc modelyerin - Gülnar Şirinovanın, Püstəxanım Rəhimovanın, Lalə Quliyevanın, Nəzakət Əhmədovanın, Nadya Tağıyevanın, Günay Mirzəyevanın geyim kolleksiyaları qonaqlara nümayiş olundu.
   Tədbirdə “Noğullar” qrupunu təmsil edən uşaqlar müxtəlif musiqi nömrələri ilə çıxış etdilər.
   Daha sonra Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri, istedadlı rəssam Nazim Yunusov çıxış etdi.
   Tədbirdə geyimləri nümayiş olunanlar arasında müxtəlif geyim kolleksiyası ilə, “Şərq motivləri”, “Vətənpərvərlik” mövzusunda çıxış edən Nəzakət Əhmədovanın kolleksiyası digərlərindən fərqlənirdi.
   Nümayişdən sonra modelyer və dizayner Nəzakət Əhmədova ilə görüşüb təəssüratlarını öyrəndik: “Bu gün burada ilk geyim kolleksiyasını nümayiş etdirən gənclər də var idi. Belə tədbirlərin keçirilməsi gənclər üçün böyük stimuldur”. Milli geyimlərimizi adətən müasir modada tətbiq edən Nəzakət xanım bunun vacibliyini qeyd etdi: “Azərbaycan modasını dünyada tanıtmaq üçün ilk növbədə milli geyimlərimizə müraciət edirəm. Adətən müasir geyimlərdə milli elementlərdən istifadəyə üstünlük verirəm. Gələcəkdə də belə bir geyim kolleksiyası ilə Azərbaycanı ölkədən kənarda təmsil etmək istərdim. Bu ideyaya digər modelyerləri də dəstək olmağa dəvət edirəm”.
   Azərbaycanda istedadlı modelyer gənclərin kifayət qədər olduğunu vurğulayan Nəzakət Əhmədova dünya moda arenasına çıxmaqda problem kimi yalnız maliyyə çatışmazlıqlarının olduğunu dedi.
    Avqustun 19-da “Gənclər bu gün” beynəlxalq görüş-seminara yekun vuruldu. Seminarın sonuncu günü “Yuğ” teatrının baş rejissoru Vaqif İbrahimoğlu gənc rejissorlar üçün “master-klass” keçdi. Bundan əlavə, teatr, kino və moda sahələri üzrə yaradıcı gənclərin iştirak etdiyi forumda teatr mövzusuna, onun inkişaf perspektivlərinə dair müzakirələr aparıldı. Sonra azərbaycanlı rejissorlardan Yusif Quliyevin “Keçid”, Fariz Əhmədovun “Bir addım”, Elməddin Alıyev və Xəyyam Abdullayevin “Koramal” filmləri nümayiş edildi. Seminarın sonunda iştirakçılara diplomlar təqdim olundu.

   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar