Mədəniyyət və Turizm Nazirliyi yeni layihəyə start verir
   
   Azərbaycan müxtəlif mədəniyyətlərin, millətlərin, dini konfessiyaların birlikdə, mehriban və qarşılıqlı anlaşma şəraitində yaşadığı tolerant bir ölkədir. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixdə imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiyası”na qoşulub. Bu konvensiya 2010-cu il mayın 15-də Azərbaycana münasibətdə qüvvəyə minib. Azərbaycan dövləti tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq Azərbaycan xalqının mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirir.
   
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sı çərçivəsində həyata keçirəcəyi “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi də bu ənənənin davamıdır. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan Respublikasının qoşulduğu UNESCO-nun «Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya»sının müddəalarının icrasını təmin etmək, mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək, mədəniyyətlərin qarşılıqlı səmərəli şəkildə çiçəklənməsi və sərbəst fəaliyyəti üçün şərait yaratmaqdır.
   Bundan başqa, layihə mədəniyyətlərarası hörmət və sülh mədəniyyətinin rifahı naminə bütün dünyada geniş mədəni mübadiləni təmin etmək üçün mədəniyyətlərarası dialoqu təşviq etmək, xalqlar arasında mənəvi körpülərin qurulması ruhunda mədəni əlaqələri inkişaf etdirmək, mədəni özünüifadə müxtəlifliyinə hörməti təşviq etmək və yerli, milli və beynəlxalq səviyyədə onun dəyəri haqqında məlumatlılığı artırmaq məqsədi güdür.
   Layihə çərçivəsində milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqu təşviq etmək, tolerantlığı təbliğ etmək, ölkədə yaşayan bütün millətlərə mənsub insanlar arasında azərbaycançılıq ideyasını yaymaq, vahid mədəni mühitin formalaşmasına şərait yaratmaq məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcək. Bu məqsədlə ölkə ərazisində milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda milli həmrəylik mövzusunda seminarların keçirilməsi, ölkənin mədəni həyatına inteqrasiya məqsədilə regionlarda olan mədəniyyət xadimləri, xüsusi mədəni özünüifadəyə və istedada malik olan insanlar üçün treninqlərin təşkili, mədəniyyətlərarası dialoqun vəziyyətinə dair tədqiqat işinin hazırlanması və ölkənin mədəni rəngarəngliyinə dair buklet və broşürləri nəşr etmək və s. bu kimi tədbirlər nəzərdə tutulur.
   Layihənin icrasından gözlənilən nəticələr də az deyil. UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiyası”nın müddəaları icra olunacaq, milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq təşviq olunacaq, vətəndaşların, yerli xalqların və milli azlıqların mədəni özünüifadə hüquqları qorunacaq və ölkədə vahid mədəni mühitin formalaşması daha da inkişaf edəcək. Milli azlıqların və yerli xalqların mədəniyyət mərkəzləri arasında əlaqələndiricilik təmin ediləcək və onların ölkənin mədəni həyatında iştirakı üçün daha da əlverişli şərait yaranacaq.
   Qeyd edək ki, layihə ilə bağlı tədbirlər planı artıq hazırdır. Milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda tolerantlıq və mədəniyyətin xalqlar arasında birləşdirici rolu barədə seminarların keçirilməsi, “Azərbaycançılıq - milli mədəniyyətimizin əsas prinsipi kimi” elmi konfransın keçirilməsi həmin plana daxildir. Ölkə ərazisində yaşayan milli azlıqlar və yerli xalqların mədəniyyətini əks etdirən vahid məlumat bazasının yaradılması da tədbirlər planında yer alıb.
   Mədəniyyət və Turizm Nazirliyinin saytında milli azlıqlarla iş üzrə xüsusi bölmənin yaradılması, hər bir milli azlıq və yerli xalqın mədəniyyəti, ənənələri, mətbəxi, əl işləri, xalq yaradıcılğı nümunələri, musiqisi və s. haqqında (ümumi Azərbaycan mədəniyyəti kontekstində) vahid məlumat faylının hazırlanması, milli azlıqların mədəniyyətini əks etdirən fotokataloqun və məlumat broşürünün (Azərbaycan, ingilis və rus dillərində) nəşri, “Azərbaycan bizim vətənimizdir” adlı əl işləri sərgisinin təşkili də nəzərdə tutulur.
   
   Mehparə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar