Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin bölgələrdə təşkil etdiyi səyyar yay kursları artıq başa çatıb. 4 region üzrə 21 rayonu əhatə edən səyyar yay kurslarında 429 nəfər dinləyici iştirak edib və sonda onlara vəsiqələr təqdim olunub.
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov bu il ilk dəfə təşkil olunan səyyar yay kurslarının məqsədi, əhəmiyyəti və əldə olunan nəticələrdən danışdı.
- Mərkəzin Sistemli Təhlil və Proqram Təminatı Laboratoriyasında aparılmış təhlilin nəticəsi göstərdi ki, yerlərdə, kənd klub müəssisələri işçilərinin və kənd kitabxana işçilərinin təxminən 55, bəzi yerlərdə isə 60 faizinin təhsili ümumi orta və yaxud da qeyri-ixtisasdır. Çıxış yolu kimi yerlərdə səyyar yay kursları təşkil etmək qərarına gəldik. Bunun üçün tanınmış müəllimləri, mütəxəssisləri bu kurslara cəlb etmək və yerlərdə 10 gün, 72 saat həcmində dərslər təşkil etmək, o dərslərin 80-85 faizi bilavasitə ixtisasla bağlı olmasını həyata keçirmək istədik. Yeniliyi hər zaman dəstəkləyən hörmətli nazir təşəbbüsümüzə dəstək verdi.
İyul ayının 6-da səyyar yay kurslarına İsmayıllı bölgəsində start verdik, ətraf rayonlar da əhatə olunmaqla bu zonada 108 , Quba bölgəsində 110 , Lənkəran zonasında 90 , Şəki bölgəsində isə 114 nəfər və ümumilikdə 429 nəfər səyyar yay kurslarında iştirak etdi.
- Səyyar yay kursları mədəniyyət müəssisələri və kitabxana işçiləri tərəfindən necə qarşılandı?
- Dinləyicilər böyük həvəs və razılıq hissi ilə bu kurslarda iştirak etdilər, bir tərəfdən nəzəri biliklərini artırdılar, müəyyən qədər də praktiki vərdişlərə yiyələndilər. Çünki kurslarda nəzəri mühazirələrlə yanaşı, təcrübə saatları, seminarlar, müəyyən maraqlı tədbirlərin keçirilməsi, xüsusilə klub müəssisələri işçiləri üçün, səhnələrin qurulması üçün plan-proqramlar təşkil etmişdik. Kurslarda bütün bunlara nail olduq və dinləyicilər olduqca razı qaldılar. Öz yaşadıqları yerdə kursda iştirak etmək onlar üçün də əlverişli idi.
- Bölgələrdə təşkil olunmuş kurslar zamanı tarixi yerlərə də, yəqin ki, baş çəkdiniz?
- Müəllim heyəti, dinləyicilərin bir qismi bölgələrdəki tarixi abidələrlə, muzeylərlə tanış oldular. İsmayıllıda olarkən Lahıc kəndinə, Qubada Qırmızı qəsəbəyə getdik. Şəkidə Xan sarayını, Kiş kəndində Alban məbədini, Marxalı ziyarət etdik. Lənkəranda tarix-diyarşünaslıq muzeyində olduq. Eyni zamanda bu bölgələrin təbiəti ilə də yaxından tanış olmaq imkanı əldə etdik.
- Kurslara neçə müəllim cəlb olunmuşdu?
- 12 nəfərdən ibarət komandamız vardı, bura müəllim heyəti və bizim işçi heyəti daxil idi. BDU-nun dosenti Sahib Rzayev, Mədəniyyət və İncəsənət Universitetinin dosentləri Mübariz Süleymanlı, Arif Rəhimov, sənətşünaslıq elmləri namizədi Zəminə Axundova, Milli Kitabxananın əməkdaşı, kitabxana işinin təşkili üzrə mütəxəssis Səmayə Quliyeva və bizim mərkəzin mütəxəssisləri kurslarda iştirak edirdilər, istər nəzəri, istər praktik baxımdan öz bilik və bacarıqlarını dinləyicilərlə bölüşürdülər.
- Yəqin ki, səyyar kurslar növbəti illərdə də davam edəcək.
- Kurslar 4 region üzrə 21 rayonu əhatə etdi ki, bu da respublikanın üçdə biri deməkdir. Digər rayonlarda da həmin kateqoriyalı işçilərin kursdan keçməsinə ehtiyac var. Belə düşünürük ki, Aran rayonları yayda çox isti olduğundan yaz-payız aylarında davamlı olaraq bu prosesi həyata keçirək. Mərkəzin Sistemli Təhlil və Proqram Təminatı Laboratoriyasında biz yenə də digər kateqoriyalar üzrə təhlillər aparırıq və növbəti illərdə bu cür kursları davam etdirəcəyik.
Mədəniyyət və turizm nazirinə təşəkkürümüzü bildiririk ki, bizim təşəbbüsümüzü dəstəklədi, reallaşması üçün şərait yaratdı və gözlədiyimizdən də qat-qat artıq nəticə əldə etdik.
Təranə Vahid