Sentyabrın 13-də Atatürk Mərkəzində Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasının toplantısı keçirildi. İclasda Azərbaycan, Ukrayna, Gürcüstan, Rusiya, Qazaxıstan, Moldova, Belarus və Qırğızıstandan nümayəndə heyətləri iştirak edirdi.
   
   Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova tədbirlə bağlı jurnalistlərə məlumat verərək bildirdi ki, belə mötəbər toplantı Bakıda ilk dəfə keçirilir: “Belə toplantılar ildə bir dəfə keçirilir. İndiyədək Moskva, Minsk, Almatı, Astana, Tiflisdə toplantılar olub. İndi isə Bakı mötəbər tədbirə ev sahibliyi edir. Biz ötən il ərzində mədəniyyət işçiləri həmkarlar ittifaqlarının fəaliyyətini, əldə etdikləri nailiyyətləri müzakirə edəcəyik. Digər mühüm məsələ iqtisadi böhran şəraitində Azərbaycanda həmkarlar ittifaqlarının mədəniyyət işçilərinin hüquqlarını necə qoruması ilə bağlıdır”.
   Sonra iclas başladı. Cəmilə Səttarova rəhbərlik etdiyi qurumun maliyyə böhranı vəziyyətində mədəniyyət işçilərinin əmək hüquqlarının və onların maraqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə danışdı. Bildirdi ki, ölkəmizdəki sosial-iqtisadi tərəqqi, demokratik institutların inkişafı, əsaslı hüquqi bazanın yaradılması həmkarlar ittifaqları hərəkatının genişlənməsi üçün geniş imkanlar yaradıb: «Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı üzvlərinin sosial-iqtisadi, əmək və s. hüquqlarının müdafiəsi, işçilərlə əməkdaşlığın qurulması və konstruktiv dialoqun aparılması sahələrində müstəqil fəaliyyət göstərir. Hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə bağlanılan Baş Kollektiv Saziş üçün materialların hazırlanmasında ittifaqın bilavasitə iştirakı bu sənədə mədəniyyət işçilərinin əmək maraqlarını müdafiə edən bir sıra konstruktiv təklifləri daxil etməyə imkan yaradır».
   İttifaqın sədrinin sözlərinə görə, qurum mədəniyyət işçilərinin maraqlarının müdafiəsi və təminatı üçün sahə kollektiv sazişlərinin bağlanılması təcrübəsindən istifadə edir.
   Bundan əlavə, ittifaq müxtəlif dövlət proqramlarının uğurla həyata keçirilməsində fəal iştirak edərək, gender bərabərliyi sahəsində və gənclərlə bağlı məsələlərin həllində də böyük işlər görür: «Bu illər ərzində həmkarlar ittifaqlarının üzvləri beş faiz artaraq 53 min 172 nəfər olub. Onların 78,9 faizini qadınlar, 28,3 faizini isə gənclər təşkil edir. Bundan əlavə, həmkarlar ittifaqının maddi-texniki bazası da gücləndirilib. Regionlarda isə həmkarlar ittifaqının nümunəvi rayon komitələrinin əsasında metodik mərkəzlər yaradılıb. Mərkəzlərin məqsədi qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, seminarların təşkilidir».
   Digər çıxışçılar də təmsil etdikləri ölkələrin mədəniyyət işçiləri həmkarlar ittifaqlarının keçən il ərzində fəaliyyəti barədə məlumat verdilər.
   Çıxışlardan sonra vətəndaş cəmiyyətində mədəniyyət işçiləri müstəqil həmkarlar ittifaqının inkişaf meyilləri, problemlər və vəzifələr ətrafında fikir mübadiləsi aparıldı.
   Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasının sədri Tatyana Oqorodova qəzetimizə açıqlamasında bildirdi ki, hər il təşkilatın üzvü olan bir ölkədə toplaşıb mədəniyyət işçiləri müstəqil həmkarlar ittifaqlarının illik fəaliyyəti ilə tanış olurlar: «Bu toplantıda da təşkilatların öz üzvlərinin maraqlarını necə qoruması məsələsini müzakirə etdik. Hər bir müəssisədə yaradılan həmkarlar təşkilatı orada işçilərin əmək və sosial hüquqlarının qorunmasında, onların əməkhaqlarının vaxtında ödənməsində, rəhbər-işçi münasibətlərinin tənzimlənməsində, işçilərin müxtəlif problemlərinin həll edilməsində böyük rol oynayır. Belə görüşlərdə biz öz təcrübəmizi bir-birimizlə bölüşürük, üzv ölkələrin həmkarlar təşkilatlarının işlərindəki yeniliklərlə tanış oluruq».
   Ukrayna Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Lyudmila Perelıgina isə dedi ki, rəhbərlik etdiyi qurum Ukraynada çox böyük söz sahibidir: «Bizim, demək olar ki, bütün mədəniyyət müəssisələrində təşkilatlarımız var. İşçilərin əmək və sosial hüquqlarının qorunmasına ciddi nəzarət edirik. Bizi daha çox siyasətin ölkənin iqtisadi həyatına və insanların sosial durumuna necə təsir etməsi maraqlandırır. Bu baxımdan da budəfəki toplantımızın Azərbaycanda baş tutmasından məmnunuq. Düşünürəm ki, buradakı həmkarlarımızın fəaliyyəti ilə yaxından tanış olmaq gələcək işimizdə bizə kömək edəcək».
   Qeyd edək ki, həmkarlar ittifaqındakı xidmətlərinə görə Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasının sədri Tatyana Oqorodova Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən medalla təltif edilib. Digər qonaqlara da fəxri fərmanlar verilib.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar