“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq bir sıra kitabxanalar müasir standartlara uyğun təmir olunur, bəziləri isə yenidən qurulur. Belə kitabxanalardan biri də F.Köçərli adına Respublika Uşaq Kitabxanasıdır. Sentyabrın 21-də kitabxananın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa olunan yeni binasının açılış mərasimi keçirildi.    

   Əvvəlcə kitabxananın müdiri Fizurə Quliyeva açılış nitqi ilə çıxış edərək bu günün uşaqların bayramı olduğunu bildirdi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Respublika Uşaq Kitabxanasının yeni binasının istifadəyə verilməsini ölkənin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğuladı: “Ölkəmizin mədəniyyət ocaqları yenidən qurulur, mədəniyyət müəssisələri üçün yüksək standartlara cavab verən binalar tikilir. Müasir avadanlıqla təchiz olunan kitabxana öz qapılarını uşaqların üzünə açır. Kitabın insan təfəkkürünün formalaşmasında əvəzsiz yeri var. İnternet, müasir kompyuterlər, televiziya olsa da, kitab bilik və savad mənbəyi olaraq həmişə olacaq. Odur ki, mən bütün kollektivə uğurlar arzulayır, bu binanın inşasında iştirak etmiş, əziyyət çəkmiş bütün insanlara təşəkkürümü bildirirəm. İnanıram ki, bu kitabxanada çox maraqlı layihələr həyata keçiriləcək».
   Nazir onu da bildirdi ki, müasir tələblərə cavab verən yeni kitabxana binasından həm uşaqlar, həm də valideynlər razı qalacaq. O, ölkədə kitabxana şəbəkəsinin daha da təkmilləşəcəyini və müasirləşəcəyini də diqqətə çəkdi: «14 rayonda müasir kitabxana-informasiya mərkəzləri yaratmışıq. Nazirlik tərəfindən kitabxana şəbəkəsinin vahid İnternet və informasiya şəbəkəsinə daxil olması üçün böyük işlər görülür. Arzumuz odur ki, növbəti 4-5 il müddətində ölkədəki bütün kitab fondu müasir rəqəmsal daşıyıcılara keçirilsin, Milli Kitabxana və sahə kitabxanaları ilə vahid şəbəkəyə daxil olsun».
   Açılış mərasimində iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev kitabxananın və kollektivin fəaliyyətinə uğurlar arzuladı: «Hətta informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi dövrdə də kitaba ehtiyac var. Bu baxımdan arzu edirəm ki, insanlar bu kitabxanaların inkişafından istifadə edə bilsinlər. Kollektivə arzu edirəm ki, rayonumuzun ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı çoxlu sayda tədbirlər keçirsinlər».
   Sonra nazir kitabxananın yeni binasının rəmzi lentini kəsdi. Kitabxana ilə tanışlıq keçirildi. Kitabxana müasir inventar və texniki avadanlıqlarla təmin olunub. Burada nağıl otaqları, incəsənət otağı, böyük və kiçik oxu zalları, elektron resurslar bölməsi, multimedia, internet-resurs mərkəzləri də yaradılıb.
   Tanışlıqdan sonra nazir bildirdi ki, Respublika Uşaq Kitabxanası öz fəaliyyəti ilə həmişə seçilib: «Uşaqlarla bağlı çoxlu tədbirlər keçirilib, onların biliyə, savada yiyələnmələri üçün lazımi işlər görüblər. Sözsüz ki, yeni şərait həm uşaqların, həm oxucuların, həm də valideynlərin bura gəlmələrinə imkan yaradacaq”.
   
   Mehparə