Dünya şöhrətli dirijor Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş musiqi festivalında iştirakdan məmnunluğunu bildirib
Dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar ölkəmizdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində tədbirlər davam etməkdədir. Sentyabrın 22-də Bakıya gələn MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin üzvləri və festivalın digər qonaqları mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdülər.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, məşhur dirijor, MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin rəhbəri, Moskva Beynəlxalq Musiqi Evinin prezidenti Vladimir Spivakov, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TÜRKSOY-un baş direkoru Dusen Kaseinov, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyan iştirak edirdi.
Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunan Beynəlxalq musiqi festivalının əhəmiyyətindən danışan nazir Əbülfəs Qarayev festival çərçivəsində ölkəmizdə keçirilən silsilə tədbirlər barədə qonaqlara ətraflı məlumat verdi. Nazir bildirdi ki, Azərbaycan son illər mütəmadi olaraq mədəniyyət sahəsində həyata keçirilən beynəlxalq layihələrin fəal iştirakçısına çevrilir. O, buna misal kimi 2008-ci ildə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısını, ötən il Bakının «İslam Mədəniyyətinin paytaxtı» kimi missiyanı yerinə yetirdiyini qeyd etdi. «Mədəniyyətlərin mərkəzində olmaq istəyirik» deyən nazir bu missiyanın davamı olaraq 2011-ci ilin aprelində Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin planlaşdırıldığını da qonaqların diqqətinə çatdırdı.
Nazir dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında hazırlanaraq 6 ölkədə uğurla nümayiş etdirilməsi haqqında məlumat verdi. Qeyd etdi ki, belə layihələrdə müxtəlif xalqların birgə iştirakı müsbət nəticələr verir: «Çoxlu təşəbbüslər var və biz onları dəstəkləyirik». Ə.Qarayev MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin yaranmasını və bu musiqi kollektivinin müxtəlif ölkələrdə uğurlu konsert proqramları ilə çıxışını müsbət hadisə kimi dəyərləndirdiyini bildirdi.
Rusiya prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanda coxlu sayda mədəniyyət tədbirlərinin keçirilməsini xalqlar arasında dostluq münasibətlərinə verilən ən dəyərli töhfə kimi dəyərləndirdi. Qonaq qeyri-maddi və mədəni irsin qorunmasına dair seminarların vacib əhəmiyyət kəsb etdiyini vurğuladı.
TÜRKSOY-un baş direktoru Dusen Kaseinov dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında danışdı. Qonaq bildirdi ki, beynəlxalq layihə çərçivəsində nümayiş etdirilən opera böyük uğur qazanıb. 2010-cu il üçün “Avropa mədəniyyətinin paytaxtı” seçilən İstanbulda opera festivalının bağlanış mərasiminin də məhz bu tamaşa ilə yekunlaşdığını vurğulayan D.Kaseinov, belə beynəlxalq layihələrin qarşılıqlı surətdə keçiriləcəyini diqqətə çatdırdı.
Dünya şöhrətli skripkaçı Vladimir Spivakov isə MDB ölkələrinə turnesi çərçivəsində Azərbaycanda olmasından və burada Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş musiqi festivalında iştirakdan məmnunluğunu bildirib: “Orkestrə bir ildir rəhbərlik edirəm. Biz Nyu-Yorkda, Parisdə çıxış etmişik. İndi isə MDB ölkələrinə turnemiz çərçivəsində konsertlər veririk. Qazaxıstan və Türkmənistandan sonra simfonik orkestr Bakıya gəlib».
Orkestr haqqında məlumat verən V.Spivakov bildirdi ki, gənclərdən ibarət simfonik orkestr MDB Humanitar Əməkdaşlıq Şurası və Şuranın Dövlətlərarası Fondu tərəfindən yaradılıb. Yarandığı vaxtdan, 2007-ci ildən orkestr yüksək peşəkarlıq və müxtəlif ifaçılıq məktəblərinin zəngin potensialını nümayiş etdirir. İstedadlı musiqiçilər yaradıcılıq əməkdaşlığının yeni ənənəsinin başlanğıcını qoyur, xalqların bir-birinə daha da yaxınlaşmasına və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə zəmin yaradırlar”.
* * *
Görüşdən sonra məşhur dirijor Vladimir Spivakovdan qısa müsahibə aldıq:
- Bakıda özünüzü necə hiss edirsiniz?
- Yaxşı əhvaldayam. MDB Gənclər Simfonik Orkestri olaraq Nyu-Yorkda, sonra da UNESCO-da çıxış etmişik. İndi isə MDB ölkələrinə səfər edirik. Əvvəlcə Qazaxıstanda olduq, oradan Azərbaycana gəldik. Bundan sonra Ermənistana, sonra da Ukraynaya gedəcəyik. Əsas odur ki, gənc musiqiçilər nəyisə yaratmaqla məşğuldurlar. İnsan nə isə yaradanda heç vaxt həyatı çətinləşdirən amillər haqqında düşünmür. Düşünürəm ki, bu gözəl ideyadır və biz bunun reallaşması üçün zəmin hazırlayırıq.
- Sizin səfəriniz eyni zamanda Üzeyir Hacıbəylinin 125 illik yubileyi ilə üst-üstə düşür. Bu festivalda iştirakı necə qiymətləndirirsiniz?
- Azərbaycanın zəngin musiqisi, dünya səviyyəli musiqiçiləri, bəstəkarları var. Azərbaycan musiqisi dünyada daha geniş təbliğ olunmalıdır. Dünya sizin bəstəkarları daha yaxından tanımalıdır.
Bu sənətkarlardan hər birinin əsəri xarici ölkələrdə ifa olunduqca musiqinizin təbliğinə də əlavə təkan verilir. Azərbaycan hələ gənc ölkədir. Biz bu ölkədən gözəl mədəniyyət layihələri gözləyirik.
Mehparə