Çağdaş tatar ədəbiyyatının tanınmış şairlərindən biri olan Yulduz (Yulduz Adipovna Zamaletdinova-Şarapova) 1962-ci il aprelin 10-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Buin rayonunun Novıye Tinçali kəndində anadan olub. 1979-cu ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra Kazana gəlib və Kazan Universitetinin tarix və filologiya fakültəsinin tatar dili və ədəbiyyatı şöbəsinə qəbul olub. Təhsilini başa vurandan sonra bir müddət “Yalkın” jurnalında, daha sonra Vısokoqorski rayonunun “İliç yuli” rayon qəzetində çalışıb. 1996-cı ildən “Yaş leninçi” (indiki “Sabantuy”) qəzetində işləməyə başlayıb, hazırda həmin nəşrin ədəbiyyat şöbəsinin müdiridir.
Bədii yaradıcılığa hələ orta məktəb illərindən başlayan Yulduzun ilk şeirlərindən bəziləri o illərdə “Bayrak” rayon qəzetində nəşr olunub. Lakin o, uşaq şairi kimi ən böyük uğurlarını özü üçün həqiqətən yaradıcılıq laboratoriyası hesab etdiyi “Sabantuy” qəzetində işlədiyi illərdə əldə edib.
1994-cü ildə Yulduzun ilk kitabı - “Antenalı kartof” (“Antennalı bərənqe”) çapdan çıxıb və “İlin kitabı” müsabiqəsinin mükafatına layiq görülüb. Sonrakı illərdə şairin daha 5 kitabı nəşr olunub və oxucular tərəfindən maraqla qarşılanıb.
Yulduzun uşaq şeirlərində bədii fantaziya, özünəməxsus, rəngarəng bənzətmələr aləmi, oxucuya uşaqlığın quş kimi uçub getməsini və yaş artdıqca onun şirin xatirələrə çevrilməsini xatırladan poetik məqamlar və bəzən də şirin bir yumor hakimdir.
Onun şeirləri məktəb dərsliklərinə və uşaq bağçaları üçün iş dəftərlərinə daxil edilib, sözlərinə mahnılar bəstələnib.
2004-cü ildə “Qulaqlı fəsəlilər” (“Kolaklı koymaklar”) adlı şeir kitabına görə Tatarıstan Yazıçılar İttifaqının Abdulla Aliş adına mükafatına layiq görülən şairə, 2012-ci ildən Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimidir.
Azərbaycan oxucuları üçün maraq doğuracağını düşünərək qardaş tatar xalqının gözəl şairəsi Yulduz xanımın bir neçə şeirini təqdim edirik.
Hədiyyə
Bu Yeni ildə bizə
Şaxta Baba bolluca
Hədiyyələr gətirdi.
Konfetlər, oyuncaqlar,
Nələr, nələr gətirdi...
Ancaq o, ən dəyərli,
Ən gözəl hədiyyəni,
Hələ gəzə bilməyən
Balaca qardaşıma
Gətirdi, bağışladı -
Qardaşım həmin gündən
Yeriməyə başladı...
Şaxta Baba beləcə,
Min bir dürlü sevinclə
Doldurdu qəlbimizi.
Bu sevinc uzun zaman
Çətin tərk edər bizi...
Zibil qabı
Ax, bu pinti adamlar
atdılar yerə məni.
İndisə sevməyirlər
ətrafı zibilləmək
işimə görə məni.
Özüm yaxşı bilirəm,
Zibilləmək pisdi, pis!!!
Danışmağa, dilim yox,
bəs bunu insanlara
nə təhər bildirim mən?
Ayağım yox, əlim yox,
özüm zibilqabına,
necə gedib girim mən?
Narahatam, narahat...
Neyləyim ki, zibiləm
Atılmışam yerə mən.
İnsanların yerinə
Utanıb qızarıram
Gündə neçə kərə mən...
Siçan
Unuduruq hər şeyi
Bilgisayar görəndə.
Tez tuturuq siçanı
İnternetə girəndə.
Tuturuq pişik kimi...
Siçanları vaxt vardı
Ancaq yaxşı pişiklər
Ovlayardı, tutardı.
İndi böyük, balaca
Hamı tutur siçanı.
Davam etsə beləcə
Bu “qorxulu” mənzərə,
Tezliklə görəcəyik,
Hamımız çevrilmişik,
Quyruqlu pişiklərə...
Qulaqlı fəsəlilər
Bacım bizə çox gözəl
Fəsəlilər bişirdi.
Dadlı-dadlı fəsəlilər,
Yağlı, ballı fəsəlilər...
Ancaq bu fəsəlilər
Başqa fəsəlilərə
Bənzəməyirdi qəti:
Qulaqları var idi
Bəzilərində üç, beş,
Bəzilərində altı.
Çox dadlıydı hər biri.
Yedik fəsəliləri,
Tamam yağa bulaşdı
Qulağımız, burnumuz,
Əlimiz, üzümüz də.
Qulaqlı fəsəliyə
Oxşadıq özümüz də...
Anamın səfəri
Anam bu gün harasa
səfərə hazırlaşır.
Düşünürəm yəqin ki,
məni də aparacaq,
Sevincim aşıb-daşır.
Ancaq anam deyir ki,
Sən evdə qal, balaca.
Yorularsan, körpəsən,
Qayıdanda mən sənə
Nə istəsən alacam.
Deyirəm ki, anacan
Bax, sənə söz verirəm,
Daha yorulmayacam,
Daha ağlamayacam...
Nə qədər çalışsam da,
Dil töksəm də dalbadal,
Yenə olmur faydası,
Anam deyir evdə qal...
Mənsə götür-qoy edib,
İşlədirəm ağlımı.
Gəlirəm son qərara:
Anamın çamadanın
Axtarıram, tapıram,
Girirəm çamadana,
Bağlayıram ağzını...
Bir az sonra səfərə
Mənsiz yola düşəcək
Anamın çamadanı
Hazır gözləyir onu.
Mən isə oturmuşam
Çamadanın içində,
Oturmuşam sevincək.
Qoy anam mənsiz getsin,
Görüm, necə gedəcək...
Rus dilindən tərcümə edən:
Elşad Ərşadoğlu