Tanınmış rus şairi Andrey Dementyev və bəstəkar Rizvan Sədirxanovun yaradıcılıq gecəsi keçirildi
   
   Oktyabrın 6-da Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında tanınmış rus şairi və ictimai xadimi, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyevin beynəlxalq müsabiqələr laureatı, bəstəkar Rizvan Sədirxanovla birgə «Sonuncu romantik» adlı yaradıcılıq gecəsi keçirildi. Tədbir Rizvan Sədirxanovun şairin şeirlərinə bəstələdiyi mahnılarla müşayiət olundu.
   
   Mərasimi giriş sözü ilə açan Dövlət Konservatoriyasının rektoru Fərhad Bədəlbəyli şairin insani keyfiyyətlərindən danışdı: «Mən Andrey Dementyevin əsas xüsusiyyətindən bəhs etmək istəyirəm. Onda valideynə böyük məhəbbət var. Yazdığı şeirlərdə bu sevgini hiss etmək olar. Şair öz müəllimlərini də unutmur və həyatda öz müəllimlərinə münasibətini yaradıcılığında əks etdirir. O, öz dostlarına da çox sadiqdir. Dostluq haqqında şeirləri həddindən artıq təsirlidir».
   F.Bədəlbəyli görkəmli rus şairi ilə bağlı maraqlı bir məqamı da diqqətə çatdırdı.
   Bildirdi ki, vaxtilə Moskvanın “Bolşoy Teatrı”nda dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş tədbirdə heç kəsin cəsarət edib danışmadığı halda A.Dementyev sevgi dolu nitq söylədi.
   Sonra şairin sözlərinə bəstələnmiş «Salam dost» adlı klip nümayiş etdirildi. Bunun ardınca isə vaxtilə Moskvada Nizami Gəncəviyə həsr edilən tədbirdə onun Nizami haqqında çıxışını əks etdirən lent nümayiş etdirildi. A. Dementyevin dahi şairimiz haqqında söylədikləri bir daha Azərbaycan poeziyasına sevgisini isbatlayırdı.
   Nəhayət, şair özü çıxış edərək Azərbaycanla bağlı ürək sözlərini dilə gətirdi:
   «Azərbaycan mənim üçün çox əzizdir. Sonuncu dəfə Bakıda 1982-ci ildə olmuşam. Bakıya gəldiyimdən bir gün sonra şəhəri gəzməyə çıxdım və gördüm ki, Bakı çox dəyişib, gözəlləşib».
   Nizami yaradıcılığından söz açan şair onun yaradıcılığı ilə hələ gənclik illərindən tanış olduğunu dilə gətirdi: «Mən şərqşünasam. Dahi Nizami Gəncəvi və onun yaradıcılığı haqqında hələ gəncliyimdən məlumat əldə etmişəm. Fars dili dərsində ilk dəfə onun şeirlərini oxuyarkən bu dilin necə musiqi dili olduğunu dərk etmişdim». Bunun ardınca o, Nizami Gəncəviyə həsr etdiyi şeirini oxudu. Onun çıxışı zalda alqışlarla qarşılandı.
   Natiq Azərbaycan poeziyası və onun nümayəndələri ilə şəxsi tanışlığından da söz açdı. O, bildirdi ki, Moskvadakı Ədəbiyyat İnstitutunda İsa Hüseynov, Nəbi Xəzri və Salam Qədirzadə ilə birlikdə oxuyub: «O zaman bizimlə birlikdə digər xalqların nümayəndələri də təhsil alırdı və biz sanki xoşbəxt bir ailə idik. Həyatın çox məqamları ədəbiyyatda yaşanır. Ədəbiyyat həm də yaşadır».
   Şairin çıxışında diqqətçəkən məqamlardan biri də onun böyük öndər Heydər Əliyev haqqında olan xatirələri idi: «Heydər Əliyev məni qəbul edəndə onun ədəbiyyat haqqında bilgiləri, fikirləri məni çox təsirləndirdi».
   Sonra şair Rizvan Sədirxanovla yaradıcılıq əməkdaşlığından söz açdı. Şair bunun tarixçəsini belə açıqladı: «Vaxtilə Moskvada «Gənclik» jurnalının redaktoru kimi fəaliyyət göstərərkən mənə Bakıdan zəng olundu. Maqnitofonda mənim şeirimə bəstələnən mahnı R.Sədirxanov tərəfindən ifa edilirdi. Mən bunu çox bəyəndim və həmin vaxtdan da əməkdaşlığa başladıq».
   Tədbirdə çıxış edən R.Sədirxanov da öz növbəsində A.Dementyevlə 20 ildən artıqdır ki, əməkdaşlıq etdiyini, bir neçə birgə diskin müəllifləri olduqlarını bildirdi.
    Qeyd edək ki, R.Sədirxanov Azərbaycan Neft Akademiyasını bitirib. 18 il neft sahəsində çalışdıqdan sonra ürəyinin səsinə səs verib. ömrünü musiqiyə bağlayıb. İtaliyanın Ozimo şəhərindəki Musiqi Akademiyasında təhsil alıb. Onun Azərbaycan, Şərq, rus və dünya şairlərinin sözlərinə yazdığı yüzlərlə melodiya musiqisevərlərin ürəyinə əbədi həkk olunub.
   Çıxışlardan sonra Rizvan Sədirxanov, Əməkdar artist Əvəz Abdullayev, Səbinə Əsədova, Nigar Cəbiyeva və Emil Minyaşevin ifalarında «Son romantik», «Qar üzərində alma», «Sevimlisi ilə son görüş» və digər mahnılar səsləndirildi. Şairin özünün müxtəlif mövzularda yazdığı şeirlərin məhz öz dilindən söylənilməsi xüsusi maraqla qarşılandı.
   Tədbirin sonunda «Sonuncu romantik» adlı audio diskin təqdimatı keçirildi.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar