“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq bu sahədə çalışanların kompyuter biliklərinin artırılması məqsədilə oktyabrın 5-dən 9-dək Sumqayıt şəhərində şəhər və rayon mərkəzləşmiş kitabxana sistemləri rəhbərlərinin iştirakı ilə treninq keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən keçirilən kurslarda Bakı və Sumqayıt şəhərlərinə yaxın bölgələrdən 19 rayonun Mərkəzi Kitabxana Sisteminin (MKS) direktoru iştirak edirdi.
   
   Sumqayıt Şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin ev sahibliyi etdiyi kurslarda Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin 4 əməkdaşı tərəfindən dinləyicilərə müasir komyuterlərin proqram təminatı, mətn redaktoru ilə iş, lokal və qlobal kompyuter şəbəkələri sistemi, internetdən istifadə qaydaları və digər mövzular üzrə nəzəriyyə dərsləri və fərdi olaraq təcrübə kursları keçirilib.
   Oktyabrın 9-da treninq dinləyicilərinin kompyuter biliklərinin yoxlanılması məqsədilə yaradılmış komissiyanın iştirakı ilə qiymətləndirmə aparıldı. Dinləyicilərin bilikləri fərdi şəkildə yoxlanıldıqdan sonra kurslarda uğurla iştirak edənlərə müvafiq vəsiqələr təqdim olundu.
   
   Kompyuter biliklərinin artırılmasına ehtiyac var
   
   Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov treninqin nəticələrini uğurlu hesab edir. “Kitabxana sahəsində qəbul olunan Dövlət Proqramı kitabxana-informasiya sahəsində çalışan kitabxana mütəxəssislərinin informasiya texnologiyaları ilə işləməsini, onların kompyuter biliklərinin artırılmasını tələb edir. Bizim məqsədimiz qısa müddət ərzində kitabxana sistemində çalışan rəhbər işçilərin kompyuter biliklərinin artırılmasına nail olmaq idi. 19 şəhər və rayon üzrə MKS-nin direktoru bu qısa zaman müddətində müxtəlif proqramlar üzrə biliklər aldılar. Kompyuterlərin insan fəaliyyətində rolu gündən-günə artır. Kurslarda iştirak edən kitabxana rəhbərləri öz üzərində çalışmaqla əldə etdiyi bilikləri zənginləşdirməlidirlər. İndi bir çox kitabxanalarda buna imkan var. Onlara tədris olunmuş internet üzrə biliklər imkan verəcək ki, internet vasitəsilə kitabxana işi sahəsində beynəlxalq təcrübəni öyrənsinlər, yeniliklərlə tanış olsunlar. İnanıram ki, treninqin çox müsbət nəticəsi olacaq”.
   
   Dinləyicilər treninqdən razılıq edirlər
   
   Treninqin iştirakçısı, Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova kursların təşkilini kitabxana işçiləri üçün əhəmiyyətli hesab edir. “Müasir kompyuter texnologiyalarına birinci biz özümüz bələd olmalıyıq ki, kitabxana əməkdaşlarının işinə nəzarət edə bilək, yenilikləri mənimsəyək. Mən özüm burada kompyuter sahəsində bilmədiyim nəzəri bilikləri əldə etdim, praktik cəhətdən bilmədiklərimi öyrəndim. Bölgələrdə bu cür tədbirlərin keçirilməsi çox gözəl təcrübədir. Treninqin digər müsbət cəhəti odur ki, bizim həmkarlarımızla ünsiyyətdə olduq, fəaliyyətimizlə bağlı qarşılıqlı fikir mübadiləsi apardıq. Biz belə tədbirlərin davamlı olmasını istərdik”.
   Digər dinləyici, Kürdəmir Rayon MKS-nin direktoru Şahalı Şıxəliyev treninqlərdə bir sıra kompyuter biliklərinə yiyələndiyini deyir. “Burada həm nəzəriyyə, həm də təcrübə dərsləri keçirilirdi. Mərkəzin əməkdaşları bizimlə fərdi şəkildə məşğul olurdu. Mən burada kompyuter bilikləri sahəsində çox şey öyrəndim. Düşünürəm ki, biz bu bilikləri daha da təkmilləşdirməliyəm”.
   
   Treninqlər davam etdiriləcək
   
   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanovun sözlərinə görə, növbəti treninqlər oktyabr ayı ərzində Lənkəran və Gəncə şəhərlərində keçiriləcək. “Kompyuter biliklərinin genişləndirilməsi məqsədilə təşkil olunan kurslarda bütövlükdə 57 rayon və şəhər MKS-ni əhatə edəcək. Lənkəran şəhərində təşkil olunan zona treninqində 23, Gəncə şəhərində keçirilən kurslarda isə 15 MKS direktoru dinləyici qismində iştirak edəcək”.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar