Noyabrın 1-2-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində bu elm və mədəniyyət ocağının 90 illiyinə həsr edilmiş “Muzeylər və mədəni irs” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq rəhbərlik etdiyi müəssisənin 90 illik fəaliyyətinə nəzər saldı.
    
   Akademik bildirdi ki, 1920-ci ildə Bakıda “Doğma diyarın tədris muzeyi” adı ilə fəaliyyətə başlayan muzey mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliğini həmişə layiqincə yerinə yetirməyə çalışıb. Onun sözlərinə görə, bu gün muzeyin müxtəlif fondlarında tariximizi yaşadan 300 minədək eksponat qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq, əsasən XIX əsrin sonu - XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab və qəzetlər toplanılıb.
   Milli Azərbaycan Tarixi Muzeyinin müasir informasiya texnologiyaları ilə təmin olunduğunu diqqətə çatdıran N.Vəlixanlı “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya uyğun olaraq dünya muzeyləri ilə əməkdaşlıq mübadiləsinin aparıldığını, son iki ildə əməkdaşların Türkiyə, Polşa, Suriya, Çin, Rusiya, Yaponiya və Macarıstanda elmi ezamiyyətlərdə olduğunu dedi. O, həmçinin muzeyin yeni internet saytının (www.azhistorymuseum.az ) noyabrın 1-dən istifadəçilərin ixtiyarına verildiyini vurğuladı.
   AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxışında Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində muzeylərin rolundan danışdı. O, konfransın əhəmiyyətini yüksək dəyərləndirdi, beynəlxalq tədbirdə muzey işinin müasir tələblər səviyyəsində təşkili istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirə olunacağını iştirakçıların diqqətinə çatdırdı. Natiq bildirdi ki, son zamanlar Milli Azərbaycan Tarixi Muzeyi yeni bir dövr yaşayır. Əsaslı təmir və bərpa işlərindən sonra muzeydə yeni ekspozisiyalar təşkil olunub.
   Sonra mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək konfransın işinə uğurlar arzuladı. Nazir müavini qeyd etdi ki, son illər dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə muzey işinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeylərin fəaliyyətinin təkmilləşdirilməsi işinin diqqət mərkəzində saxlanıldığını bildirən S.Məmmədəliyeva mühafizə edilən tarixi abidələrin təbliğinin muzeyin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirdi.
   Tədbirdə Türkiyə nümayəndə heyəti adından, Topqapı Sarayı Muzeyinin baş mühafizi Sibel Alparslan Arça və Rusiya Federasiyasının nümayəndə heyəti adından, Dağıstan Dövlət Universitetinin yeni və ən yeni dövr vətən tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Artur Dalqatov çıxış edərək belə konfransların keçirilməsini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, keçirilən konfrans muzey işinin təşkili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. Sonra konfrans işini bölmə iclaslarında davam etdirdi.
   Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Misir, Ukrayna və Şimali Kiprdən alimlərin qatıldığı konfransda ümumilikdə 40-dan çox məruzə dinlənildi. Tədbirin bütün materialları Milli Azərbaycan Tarixi Muzeyinin yeni istifadəyə verilmiş internet səhifəsində yerləşdiriləcək.
   Konfransın ikinci günündə iştirakçılar Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş sərgi ilə tanış oldular, Atəşgah və Mərdəkan qalalarını ziyarət etdilər.    

  Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar