Noyabrın 8-də Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində dünyanın tanınmış teatr mütəxəssisləri tərəfindən Akademik Milli Dram Teatrında 4 seminar keçirildi. Seminarlardan ikisi teatr rəssamlığı və teatr geyimləri mövzusuna, ikisi isə teatr tənqidinə həsr olunmuşdu.
Seminar başlandı
İlk seminarı Amerikada yaşayan dünya şöhrətli teatr rəssamı İosif Yusupov aparırdı. O, müasir teatr rəssamlığının problemlərinə keçməzdən öncə özü haqqında qısa məlumat verdi. Bildirdi ki, Səmərqənd şəhərində doğulub, Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. 30 ildən çoxdur ki, quruluşçu rəssam kimi çalışır. Keçmiş sovet respublikalarında, xarici ölkələrdə bir çox tamaşaların rəssamı olub. 1991-ci ildə Amerikaya köçən sənətkar televiziya və kino sənayesində, teatr və operalarda çalışıb və yaradıcılıq əlaqələri onu tanınmış rejissorlarla yaxınlaşdırıb.
Sənətkar öz işlərini nümayiş etdirməzdən əvvəl teatr rəssamlığında istifadə olunan materiallardan - plastik şüşə və digər şəffaf materiallardan söz açdı. Bildirdi ki, bu materiallar vasitəsi ilə istənilən səhnə tərtibatına nail olmaq mümkündür və dünya praktikasında heç kim onlara qədər bu materiallardan belə geniş istifadə etməyib. İosif Yusupov işıq rəssamının bu cür dekorasiyalarla işləməsinin zövqlü olduğunu qeyd etdi.
Rəssam müasir teatrların ümumi mənzərəsindən də danışdı. Qeyd etdi ki, ABŞ-dakı teatrlar əsasən kommersiya müəssisələridir. Hər şey prodüserdən başlayır, o, tamaşalara böyük pullar cəlb edir. Teatrda işləyəcək komandanı da o müəyyənləşdirir.
Rəssam bildirdi ki, keçmiş sovet məkanındakı teatrların çoxu öz işlərinin qurulmasında Qərb konsepsiyasını qəbul ediblər: onlar prodüser şirkətləri ilə əməkdaşlıq edirlər. Rejissorlar və prodüserlər teatrla müqavilə bağlayır. Müqavilənin şərtlərinə görə, tamaşanın quruluşunun məsuliyyətini onların hər ikisi daşıyır.
O bildirdi ki, Amerikanın kino sənayesində istifadə olunan bütün dekorasiyalar layihə sona çatdıqdan sonra sındırılır. Çünki, bunların saxlanma xərcləri çoxdur: “Ancaq mənim təcrübəmdə belə bir hadisə olmuşdu. Yaponiyada “Çar Edip” tamaşasının dekorasiyaları yığılıb körpü şəklində təzədən qurulmuşdu. Yaponlar öz pullarını havaya sovurmurlar!”
“Metropoliten Opera”da “Hərb və sülh”
Tamaşanın uğuru üçün pul, istedad, təşkilatçılıq, reklamdan başqa maraqlı amillər də ola bilər: “Məsələn, 2000-ci ildə “Metropoliten Opera”da Andrey Konçalovski ilə birlikdə “Hərb və sülh” operasını səhnələşdirmişdik. Fransız əsgəri obrazını oynayan bir aktyor səhnədə itdi ki, bu da tamaşaçılarda və mətbuatda xüsusi marağa səbəb oldu. Hadisə belə baş verdi: səhnə yarımkürə şəklində düzəldildiyindən yerimək çətin idi və aktyorlar tədricən buna öyrəşdilər. Tamaşanın premyerasında fransız qoşunları geri çəkilərkən onlardan biri səndərləyərək orkestrin yerləşdiyi yerə yumalandı. Dirijor tamaşanı saxladı, zala sakitlik çökdü. Nə baş verdiyini tamaşaçılar anlamırdılar. Bu zaman səhnə arxasından “Metropoliten Opera”nın baş direktoru çıxaraq gülümsəyib izah etdi ki, hər şey qaydasındadır, ona tibbi yardım göstərilir və biz tamaşanı davam etdirə bilərik. Səhəri gün bu xəbər mətbuatın başlıca xəbərlərindən birinə çevrildi, növbəti gün tamaşaya bilet tapmaq çox müşkül məsələyə çevrilmişdi”.
İosif Yusupov məruzəsini bitirdikdən sonra bir-birindən gözəl sənət əsərlərini - teatr rəssamının fantaziyalarını seminar iştirakçılarına təqdim etdi.
Növbəti seminar: “Teatr tənqidi” “Həyat təkcə auditoriyadan və teatr səhnəsindən ibarət deyil”
Akademik Milli Dram Teatrının kiçik səhnəsində amerikalı mütəxəssis Piter Qoldfarb “Teatr tənqidi” mövzusunda yaddaqalan seminar keçirdi.
Əvvəlcə tanınmış teatrşünas Məryəm Əlizadə dünya şöhrətli sənətkar haqqında məlumat verərək bildirdi ki, cənab Qoldfarb UNESCO-nun nəzdində teatr təlimi və təhsili üzrə komissiyanın vitse-prezidentidir. Eyni zamanda Beynəlxalq Teatr İnstitutunun yüksək rütbəli üzvlərindən biridir. Aktyor, rejissor, eyni zamanda prodüserdir. Teatrda, kinoda, televiziyada aktyor kimi fəaliyyət göstərir. Sənətdə olduğu 40 il ərzində dünyanın görkəmli sənətkarları ilə iş birliyi qurub, bir sıra beynəlxalq mükafatların sahibi, beynəlxalq teatr və kino festivallarında jürinin üzvüdür.
İnsan hər yerdə özü olmalıdır
Piter Qoldfarb bir anda sərbəstliyi və səmimiyyəti ilə auditoriyanı ələ aldı. Yaxşı aktyor olmaq üçün aktyorlara kitabdan öyrənməyi yox, həyatdan öyrənməyi məsləhət bildi. “Önəmli olan sizin məndən və başqa müəllimlərdən dinlədikləriniz deyil, sizin daxilən özünüzü nə qədər təcrübəli hiss etməyinizdir, özünüzdə bu qabiliyyəti görməyinizdir. Konsepsiyanı və ya hansısa bir ideyanı oynamaq mümkün deyil. Mənim müəllimim demişdi ki, əgər siz həyatınızın ən gözəl günlərini yaşayırsınızsa, yaxşı olar ki, bu işlə məşğul olmayasınız”.
“Əgər aktyor kifayət qədər sərbəst deyilsə, hisslərini boğursa, gizlədirsə yaxşı aktyor deyil. Yaradıcı insanlar hisslərini boğmamalıdır. Bunun əksi isə sadəcə olaraq özünə əziyyət verməkdir” - deyən sənətkar “aktyor necə olmalıdır” sualına da özünəməxsus tərzdə cavab verdi:
“Yaxşı aktyor olmaq üçün insan ilk növbədə özünü dərk etməlidir. Əsas məsələ səhnədə başqasının rolunu oynamaq deyil, səhnədə başqası olmaqdır. Başqası olmaq üçün aktyor öz potensialını qiymətləndirməli, sonra özünü başqasının yerinə qoymalıdır”.
Piter Qoldfarb eyni zamanda bildirdi ki, məruzələr oxuyarkən heç bir metodika, nəzəriyyə tətbiq etmir, texnika da öyrətmir, ancaq təcrübəsi əsasında yaranan sintezi öyrədir. Bu yöndə apardığı araşdırmalar, oxuduğu kitablar və həyat təcrübəsi mühüm rol oynayır.
Həyat təcrübəsini zənginləşdirmək üçün Piter Qoldfarb seminar iştirakçılarına səyahət etməyi məsləhət bildi: “Həyat təcrübəniz sizin kitabxananıza çevrilir, hansı ki, həmin kitabxanadan istifadə edərək özünüzü hansısa sənət sahəsində - rejissorluq, aktyorluq göstərə bilərsiniz. Siz düşünməyin ki, yaxşı bir müəllimdən dərs aldınızsa, onun hər dediyini olduğu kimi qəbul etməlisiniz. Sadəcə sizin üçün önəmli olan məqamları götürün, uyğun gəlməyənləri unudun. Yadda saxlayın ki, yenə əsas meyar sizin öz təcrübənizdir. İnsan öz hisslərindən uzaqlaşanda kimdənsə şablonu öyrənir. Xüsusilə aktyorlar. Siz aktyor olaraq həyatı oynayırsınız, həyatı yaradırsınız. Filosoflardan biri deyib: “Siz məktəbə getməklə öz həyat təhsilinizi kəsirsiniz”. Mən də tələbələrimə sadəcə təhsili unudub həyata atılmağı, həyatı öyrənməyi məsləhət görürəm. Həyat təcrübənizi zənginləşdirin, o zaman aktyor olaraq potensialınız artacaq”.
«Tənqidçinin əsəri tənqid etmək mədəniyyəti və savadı olmalıdır»
“Teatr tənqidi” mövzusunda daha bir seminar Kanadadan gələn teatr tənqidçisi Mişel Vaisin məruzəsi ilə keçdi.
Əvvəlcə teatrşünas Məryəm Əlizadə qonağı seminar iştirakçılarına təqdim etdi. Qeyd etdi ki, Mişel Vais Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi olmaqla yanaşı, teatra həsr olunmuş «Oyun» jurnalının baş redaktorudur.
Kanadalı mütəxəssis isə öz çıxışına tənqidçi kimi fəaliyyətindən başladı. Bildirdi ki, müəyyən təcrübə əldə etmiş hər bir tənqidçinin bioqrafiyası olmalıdır: «20 ildir ki, tənqidçiliklə məşğul oluram. Kanadada yaşamağıma baxmayaraq, Şimali Afrikada doğulmuşam. Valideynlərim Kanadaya mühacirət edəndə mənim 12 yaşım var idi. Kanadada fransız dilində təhsil almışam. 17 yaşımda isə öz maraq dairəmə aid olan, həyatı mənim üçün mənalı edən nə isə bir işlə məşğul olmaq istəyirdim. O zaman mənə teatr maraqlı gəlirdi: Özü də avanqard və eksperimental teatr. Beləliklə, həyatımın mənası məhz teatr oldu. Az sonra təhsilimi davam etdirmək qərarına gəldim. Eyni vaxtda radio verilişlərini də izləyir, radioda teatr haqqında verilişlər hazırlayırdım».
Teatrla bağlı verilişlər hazırlaya-hazırlaya sonradan teatr tənqidçisi olduğunu deyən M.Vais redaktoru olduğu «Oyun» jurnalından da bəhs etdi. Bildirdi ki, jurnal 1976-cı ildən fransız dilində nəşr edilir.
Seminar iştirakçılarına hazırda baş katibi olduğu Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası (BTTA) haqqında da danışan mütəxəssis qurumun 1998-ci ildə Beynəlxalq Teatr Tənqidçiləri tərəfindən yaradıldığını diqqətə çatdırdı: «Bizim qurumdan əvvəl də Beynəlxalq Teatr Tənqidçiləri İttifaqı var idi. Bu təşkilat 1956-cı ildə yaranmışdı. Biz isə öz təşkilatımızı 1998-ci ildə yaradarkən bu təşkilatla heç bir əlaqəmiz olmamışdı. Təşkilatı dünya teatrları ilə əlaqə qurmaq məqsədilə yaratdıq. Çünki o zaman digər xarici ölkələrin teatrları ilə əlaqələr yox idi, ya da çox zəif idi. Məlumatları gec alırdıq. Bundan başqa, məqsədimiz bütün teatr tənqidçilərini bir araya gətirmək, dünya teatrına kömək etmək idi”.
Qurum 56 ölkənin 25 min teatr tənqidçisini bir araya gətirib. Qurumda fərdi şəkildə də üzvlər təmsil oluna bilərlər.
Öz məruzəsində qurumun fəaliyyətindən bəhs edən kanadalı mütəxəssis bildirdi ki, əlaqələri genişləndirmək məqsədilə müxtəlif konfranslar keçirirlər: «Məsələn, 2012-ci ildə Polşada, 2014-cü ildə isə Çində konfranslar keçiriləcək. Bundan başqa müxtəlif fəaliyyətlər mövcuddur. Hər iki ildən bir gənc tənqidçilər üçün seminarlar təşkil edilir. Gələn il isə Serbiyada «Yeni teatr üçün yeni tənqidçilər» adlı konfrans olacaq».
«Teatr ölmür və tənqidçilər də teatrdan sonra gəlir» - deyən mütəxəssis tənqidçi peşəsinin bəzi məqamlarından da danışdı:
«Məsələn, bəzi insanlar narahatdır ki, tənqidçilər kimin üçün yazır? Tənqidçilər öz oxucuları, radioda veriliş hazırlayanlar isə öz dinləyiciləri üçün veriliş hazırlayırlar. Müxtəlif ölkələrdə müxtəlif teatrlar olduğu kimi, müxtəlif tənqidçilər də var. Məsələn, postsovet ölkələrində reportyor teatrlara üstünlük verirdilər. Bizdə isə teatr şou kimidir. O, hazırlanır və cəmi üç həftə davam edir. Artıq biz üç aydan bir çap olunan jurnalımızda həmin tamaşa haqqında yazanda o tamamilə itmiş olur. Amma məsələn, Almaniyada uzunömürlü teatrlar var. Bəzi ölkələrdə hətta tənqidçilər əsər yazır».
Seminar zamanı qonaq Azərbaycanda nə qədər teatr tənqidçisinin olması ilə də maraqlandı. M.Əlizadə məlumat verdi ki, hər il Azərbaycanda bu sahə üzrə çoxlu mütəxəssis hazırlansa da, bu sənətin ardınca gedənlərin sayı azdır.
Xarici mütəxəssis bildirdi ki, Azərbaycandan fərqli olaraq Kanadada teatr tənqidçiliyi üçün xüsusi təhsil yoxdur: «Onlar əvvəlcə kimlərdənsə müsahibə alır, amma sonradan özləri həmin teatr xadimlərini tənqid edirlər. Beləliklə, teatrdan yaza-yaza tənqidçi olurlar. Tənqidçi əsəri tənqid və mühakimə etmək üçün də hazır olmalıdır. Digər tərəfdən tənqidçi teatrda yorğun və içkili olmamalıdır. Tamaşada yatması isə artıq tənqidçinin əsərə olan reaksiyasıdır. Deyirlər, teatr cəmiyyətin aynasıdır və mən tənqidçi kimi ona baxanda özümü görəcəyəm. Bəzən də tənqidçini göldə durna balığına bənzədirlər. Balıqlar həmişə ondan qorunmalıdır.
Bəli, tənqidçi olmalıdır ki, teatr inkişaf etsin. Tənqidçinin əsəri tənqid etmək mədəniyyəti və savadı da əsas şərtdir. Teatr həmişə böhrana məruz qalır və bunsuz mümkün deyil».
Seminarın gedişində teatrşünas-tənqidçi Aydın Talıbzadə Koreya teatrı və onun uğurlarının səbəbləri ilə bağlı kanadalı mütəxəssisin fikrini öyrənmək istədiyini bildirdi. Vaisın cavabı belə oldu: «Dünyanın bir çox ölkələrində teatr festivallarında iştirak etmişəm. Koreya teatrının uğurunu onun dinamikliyində, gəncliyində və daim inkişafında görürəm. Son 30 ildə «Hamlet» tamaşasını ən gözəl və canlı oynayan məhz Koreya teatrı olub. Onlar real və ssenaridən uzaq Hamlet yaradıblar”.
«Azərbaycanda çox gözəl teatr atmosferi var»
Teatr geyiminə həsr olunmuş seminarı Kaliforniya İncəsənət Universitetinin (ABŞ) İncəsənət ustası, teatr rəssamlığı və geyim rəssamlığı üzrə mütəxəssis İrina Krujilina apardı. O, məruzəsində teatr geyimlərinin dizayn sistemi haqqında məlumat verdi. Onun kolleksiyası «İnside-Out» (İçəridə-Çöldə) adlanırdı. Seminar müddətində kostyumların formasından, xətlərindən, rənglərindən danışan mütəxəssis ötən əsrlərdə mövcud olmuş klassik kostyumların formasına da toxundu. İrina Krujilinanın səhnə geyimləri üzərindəki vizual assosiasiyalar haqqında verdiyi məlumat auditoriyanın xüsusi marağına səbəb oldu. Mütəxəssis seminar boyu səhnə geyimlərindən danışmaqla həm də onları ekranda bir-bir nümayiş etdirirdi.
Mütəxəssis bu günə qədər bir sıra ölkələrin paytaxtlarında fəaliyyət göstərən universitetlərdə mühazirələr dediyini bildirdi: «Teatrda geyim çox vacibdir. Geyimlər səhnəyə xüsusi yaraşıq verir, parlaqlıq gətirir. Amma indi yaxşı səhnə geyimləri çox azdır».
İ. Krujilina bu sahədə çalışmağın bir tərəfdən asan, digər tərəfdən çətin olduğunu bildirdi: «İndi Rusiyada yaxşı teatr rəssamlarının sayı azdır. Məsələnin asan tərəfinə gəlincə, o zaman Rusiya teatrları xaricə gedirdi və xaricdə bu teatrı çox sevirdilər. Bu baxımdan mənim üçün asan idi. Teatr rəssamlığı hər zaman vacibdir. Amma yaxşı teatr geyimlərinin sayı azdır».
Müasir dövrə gəlincə, mütəxəssis, teatr rəssamının müasir, eksperimental olmasının vacibliyini önə çəkdi: «Mövzunu, ədəbiyyatı, musiqini, səhnəni başa düşməlidir. Həm həyatda, həm də teatrda peşəkar olmalısan. Hər halda çətin olsa da, gözəl prosesdir».
İrina Krujilina Bakı təəssüratlarını da bölüşdü: «Çox maraqlı oldu. Mən insanlara treninqi dizayner kimi deyil, rejissor, prodüser kimi keçirəm. Çünki səhnə geyimləri rəssamlığı üçün bütün bunları bilmək lazımdır. Bunun üçün həm də komanda ilə işləmək vacibdir. Əlbəttə, teatr rəssamlığı haqqında sizinkilərdən də eşitmək çox gözəl idi. Mən belə treninqi dünyanın demək olar ki, bütün ölkələrində, Amerikada və Avropada da keçirmişəm. Sizin də çox gözəl ənənələriniz var. Əlbəttə teatr bütün dünyada dəyişir və avanqard teatrlar yaranır. Bakı gözəl, insanlarının intellektual səviyyəsi yüksək olan şəhərdir».
Qonaq Bakı ilə bağlılığından da bəhs etdi: «Həmişə Bakıda olmaq istəmişəm. Atam memar olub və vaxtilə Bakıda, nənəm isə Tbilisidə yaşayıb. Ona görə də, buranın insanları mənə yaxın, mətbəxi isə tanışdır».
İ. Krujilina Azərbaycanla gələcək əməkdaşlıqdan da bəhs etdi: «Gələcəkdə Azərbaycan Opera və Balet Teatrı, Azərbaycan Dövlət Dram Teatrı ilə əməkdaşlıq etmək istərdim. Dünən Bakı Dövlət Pantomima Teatrında oldum. İlk dəfə idi ki, belə tamaşalara baxırdım və Nyu-Yorkda belə bir teatr yoxdur. Ümumiyyətlə, Azərbaycanda çox gözəl teatr atmosferi var».
Seminarın sonunda iştirakçılarla mütəxəssis arasında fikir mübadiləsi aparıldı.
Təranə Vahid,
Mehparə Sultanova