Beynəlxalq konfransda Bəyannamə qəbul olundu
Noyabrın 23-də Muzey Mərkəzində «Neft və mədəniyyət - xalqın sərvəti kimi» mövzusunda beynəlxalq elmi-praktiki konfransın ikinci hissəsi keçirildi. Qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Rusiyanın Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi və iki gün davam edən konfransda mədəniyyət və iqtisadiyyatın münasibətləri, qloballaşma dövründə milli mədəniyyətin inkişafı məsələləri müzakirə olundu.
Müzakirələrdən sonra konfransın yekun bəyannaməsi qəbul edildi. Bəyannamədə qeyd olunur ki, ictimai fəaliyyətin bütün formaları, o cümlədən mədəni fəaliyyətin kommersiyalaşması müasir dünyanın qaçılmaz faktorudur. Təəssüf ki, milli və klassik mədəniyyətin rəqabətə davamsızlığı və rentabelli olmaması faktı digər kütləvi populyar mədəniyyətlə mübarizədə onun imkanlarını həssas edir.
Əlavə maliyyə vasitələri təkcə ölkənin mədəni infrastrukturunda pozitiv əks olunmur, bu, eyni zamanda, həmin sahədə iqtisadi özünü təmin etmənin vacib şərtidir.
Məhz mədəni obyektlərin iqtisadi müstəqilliyində həmin kriteriyanın olmaması onları modanın müasir tendensiyaları və yüksək gedişli kütləvi mədəni formaların qarşısında müdafiəsiz edir. Belə bir vəziyyətdə hər bir ticarət strukturunun mədəni layihələri bu və ya digər formada dəstəkləməsi təkcə milli mədəniyyətin deyil, eyni zamanda dövlət müstəqilliyinin möhkəmlənməsinə töhfə verir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq konfransı Rusiya və Azərbaycan arasında təcrübə mübadiləsi istiqamətində atılan addım kimi qiymətləndirdi: «Müəyyən dövrlərdə, xüsusilə SSRİ dağıldıqdan sonra Azərbaycanla Rusiya arasında siyasi münasibətlər zəifləyib. Amma mədəniyyət sahəsində əlaqələr hər zaman intensiv olub. Belə tədbirlər bu əlaqələri daha da inkişaf etdirəcək».
Sonra nazir ölkəmizdə mədəniyyət sahəsinə dövlət qayğısından bəhs etdi: «Azərbaycanda çoxlu muzeylər, mədəniyyət müəssisələri, mədəniyyət mərkəzləri tikilir. Ölkəmiz beynəlxalq konfransların mərkəzinə çevrilib və bu uğurların əldə olunmasında Heydər Əliyev Fondu mühüm rol oynayır. Azərbaycan mədəniyyətinin inkişafı qloballaşma dövrünün çağırışlarına hazırdır və bizim təcrübəmiz bir çox ölkələr üçün maraqlıdır. Biz bu təcrübəni bölüşməyə hazırıq».
Nazir konfransın bəyannaməsində yer alan müddəaların aktuallığını da vurğuladı: “Neft və mədəniyyət arasındakı qarşılıqlı əlaqələrin gələcəkdə qanunla öz əksini tapacağına ümid edirik. Yaxşı olardı ki, analoji forumlar növbəti illərdə Rusiyada keçirilsin. İnanıram ki, Milli Məclis nümayəndələri, Rusiya tərəfi də bu bəyannaməyə ciddi diqqət yetirəcək».
Rusiya Dövlət Dumasının Mədəniyyət komitəsinin sədri Qriqori İvilyev də öz çıxışında neft sahəsindəki əlaqələrin gücləndirilməsi üçün mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsini vacib hesab etdi: «Neft xalqın sərvətidir və həm də o xalqlar arasında mədəni təcrübənin bölüşməsində mühüm rol oynayır. Biz görürük ki, Azərbaycanda mədəniyyət sahəsinə çox böyük diqqət yetirilir. Biz də öz tərəfimizdən belə təcrübə mübadiləsinin davamlı olmasını istərdik».
Rusiyalı deputat tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirdi.
Mehparə