“Mən - kommentator... deyiləm, müstəqil sənət növünün - rejissuranın nümayəndəsiyəm, odur ki, heç kimin, hətta dahi Şekspirin ruporu olmağa razı deyiləm”
   Tofiq Kazımov      
   

   ...Tofiq Kazımov rejissor idi, onun dünyası teatr idi, odur ki, teatr dünyası ona  məxsus idi...
   ...Tofiq Kazımov öz sənətinin ustadı idi, odur ki, Azərbaycan teatrında böyük bir dövr onun adı ilə bağlıdır...
   Tofiq Kazımov pedaqoq idi, odur ki, böyük bir aktyor nəsli onun tamaşaları ilə böyüdü və Tofiq Kazımov teatrı yarandı...
   ...Tofiq Kazımov şəxsiyyət idi, həssas, qayğıkeş, narahat, odur ki, Azərbaycan teatrında lirik-psixoloji janr onun adı ilə bağlıdır...
   ...Tofiq Kazımov qeyri-adi bir sənətkar idi, odur ki, Məryəm Əlizadənin böyük müəlliminə həsr etdiyi kitabın adı da qeyri-adidir - “Dördüncü ölçünün rəngləri”...

   
   
   Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatrşünas, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin Azərbaycanın milli teatr sənətinin parlaq simalarından biri - görkəmli rejissor, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Kazımovun həyat və yaradıcılığından bəhs edən “Dördüncü ölçünün rəngləri” kitabının təntənəli təqdimat mərasimi oldu.
   Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.
 
   
   Kitabdan qeydlər: “Gerçəkliyimizdə hər şeyin olduğu kimi, səhnənin də adi gözlə gördüyümüz üç ölçüsü var: eni, hündürlüyü, dərinliyi. Gerçəkliyimizdə hər şey kimi, səhnənin də dördüncü ölçüsü var. Bu ölçü - ZAMANDIR”
   Təqdimat mərasimini Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov açaraq “Dördüncü ölçünün rəngləri” kitabını Azərbaycan teatrşünaslığında, Azərbaycan milli-mədəni gercəkliyində əsl hadisə kimi dəyərləndirdi. O qeyd etdi ki, Məryəm Əlizadənin çağdaş teatrşünaslığımızda yeni elmi müstəvidə araşdırıb ərsəyə gətirdiyi “Dördüncü ölçünün rəngləri” kitabı eyni zamanda Azərbaycan milli teatr prosesini zaman kontekstində araşdırmaq baxımından qiymətlidir.
   Tofiq Kazımov haqqında bu günə kimi məqalələr, kitablar yazılsa da, bu kitabın özünün böyük bir dəyəri, başqa bir xüsusiyyəti olduğunu qeyd edən İsrafil İsrafilov bildirdi ki, müəllif kitabda görkəmli rejissorun yaradıcılığına tamamilə yeni baxış, dərin elmi təhlil, elmi-nəzəri mövqedən yanaşıb: “Tofiq Kazımovun taleyi haqqında, yaradıcılıq xüsusiyyəti haqqında hələ çox-çox illər bundan sonra da müxtəlif tədqiqatlar aparılacaq, çünki kitabın özü yeni tədqiqatlar üçün imkan verir”.
   İsrafil İsrafilov Tofiq Kazımovun atası - görkəmli şair, dramaturq, aktyor, rejissor, tərcüməçi və teatr təşkilatçısı Səməd Mənsurun həyat və yaradıcılığından da söz açdı. Zamanın neçə-neçə ağır sınaqlarından keçmiş Səməd Mənsurun “Rəng edir” adlı şeirinin nəsillərin yaddaşında bu gün də səsləndiyini bildirdi. Çıxışının sonunda “40 il əvvəl, elə bu salonda Tofiq müəllim oturmuşdu, biz onun tələbələri idik. O tələbələrdən biri də - Məryəm Əlizadə idi” - deyərək sözü kitabın müəllifinə verdi.
   Bəli, illər sonra Məryəm xanım böyük müəllimi Tofiq Kazımova “Dördüncü ölçünün rəngləri” adlı bir kitab həsr edəcəkdi və qəlbinin hərarəti ilə yazdığı bu kitabın təqdimatında çıxışına bu sözlərlə başlayacaqdı:    

   “Mən 40 ildir bu kitabı yazıram...”
   
   Tədbirdə iştirak edən hökumət rəsmilərinə, Tofiq Kazımovun həyat yoldaşı Rəna xanıma, qızı Lalə xanıma və bütövlükdə teatr icmasına, iştirakçılara təşəkkürünü bildirən Məryəm Əlizadə ürək sözlərini iştirakçılarla bölüşdü:
   “... Bu 40 il bizim instituta daxil olub birinci kursa gəldiyimiz birinci gündən hesablanır. Bizi bu zala toplamışdılar, demişdilər ki, indi sizin sənət müəlliminiz gələcək. O zaman bu zal böyük məşq otağı adlandırılırdı. Biz də çox həyəcanla gözləyirdik. Qapı açıldı, çox çevik addımlarla, son dərəcə qaynar təbiətli bir adam zala daxil oldu və elə həmən andaca işə başladı. Çünki Tofiq müəllim işləyən adam idi, vaxt itkisini bizə də, özünə də bağışlamırdı. O gündən etibarən bu kitab yazılır. O gündən mənimlə yol gələn iki nəfər də bu gün Azərbaycan teatrının tanınmış simalarındandır: rejissor Vaqif İbrahimoğlu və teatrşünas alim İsrafil İsrafilov. Tofiq Kazımov ani bir zaman içərisində bizim dünyagörüşümüzdə böyük bir inqilab elədi, bizim gələcək yolumuzun cizgilərini cızdı. Elə böyük müəllim görən kəs xoşbəxtdir” - deyən Məryəm Əlizadə çıxışının sonunda maraqlı bir təklif də etdi: Mən inanıram ki, bu kitabla bağlı çox ciddi mübahisələr də olacaq. Çünki mənim kitabımın qəhrəmanı çox mürəkkəb, birmənalı qəbul olunmayan böyük sənətkar idi. Hər an dəyişən, hər an yetkinləşən Tofiq Kazımov 40 ildir bizimlə yol gəlir. Yol gəlir və görürəm ki, o yenə də bizdən öndə gedir, ruhu şad olsun!”.
   Mərasimdə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemət Tofiq Kazımovun həyat və yaradıcılığından danışdı.
   
   “Nəyə nail olmuşamsa, Tofiq müəllimə borcluyam”
   
   Tədbirdə çıxış edən Xalq artisti Amaliya Pənahova bildirdi ki, 46 il bundan əvvəl İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” dramını səhnələşdirən Tofiq Kazımov baş rolu ona - 19 yaşlı qıza etibar etməklə öz üzərinə böyük bir məsuliyyət götürmüş oldu. Ancaq zaman keçdikcə onun teatra gətirdiyi yeniliklər Tofiq Kazımovun novator bir rejissor olduğunu sübut etdi. “Bu gün sənətdə nəyə isə nail olmuşamsa, sözsüz ki, Tofiq müəllimə borcluyam” - deyən Xalq artisti görkəmli rejissorla bağlı xatirələrini dilə gətirdi. “Yuğ” teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu iştirakçılardan fərqli olaraq “Dördüncü ölçünün rəngləri” kitabını hələ əlyazma ikən oxuduğunu qeyd etdi və bildirdi ki, belə geniş bir əsərin yaranması hər kəs üçün hədiyyədir. Bu münasibətlə hər kəsi təbrik edən rejissor kitabın çox orijinal üslubda yazıldığını, eyni zamanda müəllifin dəqiq elmi analizə geniş yer ayırdığını iştirakçıların nəzərinə çatdırdı.
   Çıxışlardan sonra Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” sənədli filmlər studiyasında istehsal olunmuş Tofiq Kazımovun həyat və yaradıcılığından bəhs edən “Üçüncü zəng” sənədli filmi nümayiş olundu. Sonra tədbirdə “Savalan” qrupunun ifasında gözəl musiqilər səsləndirildi.
   “Zaman içində zaman”, “Zamandan zamana”, “Zaman spektrinin çalarları”, “Zamanın saniyə əqrəbi”, “Zamanın insan amili”, “Zamanın yol ayrıcı”, “Ölülər”ə aparan yol”, “Ölülər” məqamı”, “Ölülər və dirilər”, “Alternativ zaman və yaxud təmamiyi-süxən” bölmələrindən ibarət olan “Dördüncü ölçünün rəngləri” kitabı teatrşünaslar, rejissorlar, aktyorlar, mədəniyyətşünaslar və eləcə də teatr sənətinə maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli bir nəşrdir.
   
   Təranə Vahid