Dekabrın 13-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanaların elektron resurslarının idarə olunması” mövzusunda treninqin açılışı oldu.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirdi ki, treninqlər ölkə başçısının 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na əsasən təşkil olunub.
Respublikanın kitabxana-informasiya sahəsində aparılan islahatlar, o cümlədən kitabxanaların informasiyalaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışan L.Məmmədova kitabxanalarda yaradılan elektron resursların, habelə hüquqi informasiya mərkəzlərinin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
Dekabrın 17-də başa çatacaq kurslarda Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan respublika əhəmiyyətli kitabxanaların, şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərindən, habelə respublikanın bir sıra ali məktəb kitabxanalarından bu sahə üzrə 106 mütəxəssis iştirak edir. Təlimləri elektron resurslar üzrə aparıcı kitabxanaların mütəxəssisləri aparırlar. Treninqdə Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına dair nəzəri və praktiki kurslar keçirilir.
Tədbirdə Prezident Kitabxanasının, Gəncə və Sumqayıt şəhər Mərkəzi Kitabxanalarının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət təcrübəsi və bu mövzularda hazırlanmış təqdimatlar nümayiş etdirildi, Rusiya Federasiyasının Hüquqi İnformasiya Mərkəzinin Moskva ofisi ilə “online” video bağlantı yaradılaraq diskussiyalar keçirildi. Qeyd edək ki, təlimlərin son günündə iştirakçılara sertifikatlar veriləcək.