Dekabrın 22-də Yazıçılar Birliyinin "Natəvan" klubunda "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə "Üzeyir Hacıbəyov və aşıq sənəti" mövzusunda tədbir keçirilib.
Tədbirdə iştirak edən alimlər, şair və yazıçılar Üzeyir Hacıbəyli dühasından, həyat və yaradıcılığından söz açdılar. Qeyd olundu ki, Üzeyir Hacıbəyli yaradıcılığında milli ruha, xalq adət-ənənələrinə, folklora daim böyük önəm verib və bu mənəvi dəyərlərə olan məhəbbətini, sevgisini yaratdığı əsərlərində hər zaman geniş əks etdirib. Üzeyir bəy aşıq sənətinə də vurğunluq nümayiş etdirərək, bu mənəvi sərvətin gələcək nəsillərə çatdırılması üçün əlindən gələni əsirgəməyib.
Tədbirdə saz sənətinin yaşadılması, dastanlarımızın, aşıq musiqilərimizin inkişafında Üzeyir Hacıbəylinin xidmətlərindən söz açıldı. Bəstəkarın görkəmli saz-söz ustası Aşıq Şəmşirlə münasibətləri barədə dəyərli fikirlər səsləndi. Dədə Şəmşir yadigarı yazıçı, publisist, görkəmli el ağsaqqalı Qənbər Qurbanov da tədbirdə çıxış edərək, atasının Üzeyir Hacıbəyli ilə görüşlərindən xoş xatirələri danışdı.
Cavad Heyət, Zəlimxan Yaqub, Məhərrəm Qasımlı, Adil Cəmil və digər ziyalılar Üzeyir Hacıbəylinin bütün yaradıcılığını Azərbaycan xalq musiqisi, folkloru, aşıq, saz-söz sənəti ilə vəhdətdə keçirdiyini vurğuladılar. Tədbirdə Üzeyir Hacıbəyliyə həsr olunmuş ensiklopediya da qonaqlara təqdim olundu.
Eldar İbrahimoğlu