Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şairə Fəridə Hacıyevanın 60 illik yubileyi qeyd edildi. Tədbiri açan Xalq şairi Fikrət Qoca yubilyara Azərbaycan Yazıçılar Birliyinin təbrikini çatdırdı.
   Daha sonra çıxış edənlər şairənin yaradıcılığından danışdılar. Bildirildi ki, Fəridə Hacıyeva “Məni məndən alan dünya” (1998), ”Dünyama qovuşacağam” (2000), “Göylər pənahım mənim” (2004), “Hu, mevlana, hu” kitablarının, “Gül açan xatirələr”, “Ümid çırağı”, “İtirilmiş yurd yeri” pyeslərinin, görkəmli rumın şairi Mixay Emineskudan etdiyi tərcümələrdən ibarət “Ulduzlardan pay istərəm” kitabının müəllifidir.
   Vurğulandı ki, ədəbiyyata 1979-cu ildə dərc olunmuş “Söylə gülüm” şeiri ilə gələn Fəridə Hacıyeva zərif duyğulu şair kimi həmişə oxucular tərəfindən rəğbətlə qarşılanıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Unudulmuş yurd yeri”, “Ümid çırağı”, “Gül açan xatirələr” pyesləri onun yaradıcılığında böyük uğur kimi dəyərləndirildi. Milli Kitabxananın əməkdaşları adından Fəridə xanımı təbrik edən Mələk Hacıyeva onu gözəl şairə və sədaqətli rəfiqə, yaxşı insan kimi xarakterizə etdi.
   Digər çıxışçılar F.Hacıyevanın təkcə ölkəmizdə deyil, Avropa və qardaş Türkiyədə də tanındığını diqqətə çatdırdılar. Qeyd edildi ki, şairənin şeirləri Rumıniyada “Qara dəniz”, “Haqqın səsi”, “Gənc nəsil” qəzetlərində dərc edilib. Eləcə də türk mətbuatında F.Hacıyevanın əsərlərinə dəfələrlə yer ayrılıb.
   Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi və yeni şeirlərini oxudu.
   Qeyd edək ki, Fəridə Hacıyeva 1971-ci ildə Kitabxanaçılıq Texnikumunu, 1976-cı ildə isə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Hazırda M.F.Axundzadə adına Milli Kitabxananın dövri mətbuat bölməsinə rəhbərlik edir. 

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar