Əbülfəs Qarayev,
   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri
   
   
   Mədəniyyət və Turizm Nazirliyi 2010-cu il ərzində öz fəaliyyətini ölkə Prezidentinin qəbul etdiyi fərman və sərəncamlar, göstəriş və tapşırıqlar, həmçinin ilin təsdiq olunmuş iş planı əsasında quraraq, bir sıra mühüm tədbirlər həyata keçirib. Azərbaycan mədəniyyətinin və turizm potensialının dünyada tanıdılması, mədəni irsimizin, milli dəyər və sərvətlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub. İl ərzində ölkə daxilində və onun hüdudlarından kənarda 150-dən artıq dövlət əhəmiyyətli tədbir gerçəkləşib.
   
   İncəsənət
   
   2010-cu ildə keçirilən Milli Teatr Festivalı, Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Ü. Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi, IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı ilin ən yaddaqalan mədəniyyət hadisələrindəndir.
   Martın 20-də Azərbaycan xalqının milli ruhunu və yaddaşını bütün zənginliyi ilə yaşadan Novruz bayramı Dənizkənarı Milli Parkda geniş şəkildə qeyd olunub. Tədbirdə ölkəmizin regionlarını təmsil edən iki mindən çox musiqiçi, milli folklor kollektivləri iştirak edib, təsviri və dekorativ tətbiqi sənət, xalq yaradıcılığı sərgiləri, mətbəx və milli oyun sənəti nümayiş olunub.
   Bu il həm də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə keçirilən tədbirlər silsiləsi ilə yadda qalıb. Bu məqsədlə 18-28 sentyabr tarixlərində Beynəlxalq Musiqi Festivalı təşkil olunub, il ərzində dünyanın müxtəlif ölkələrində Üzeyir bəyin səhnə əsərləri oynanılıb, musiqi əsərləri səsləndirilib.
   Oktyabrın 16-30-da Bakıda Beynəlxalq Bakı Caz Festivalı keçirilib. Festival çərçivəsində gerçəkləşən 20 konsertdə Yaponiya, ABŞ, Böyük Britaniya, Polşa, Almaniya, Hollandiya, Litva, İsrail, Rusiyadan dünya şöhrətli caz ifaçıları və qrupları, Azərbaycan musiqiçiləri çıxış ediblər. IV Beynəlxalq Rostropoviç Festivalı (12-19 dekabr) da öz əhəmiyyətinə görə 2010-cu ilin ən maraqlı mədəniyyət layihələrindən biridir. Festivalda Rusiya, İsrail, Böyük Britaniya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak ediblər.
   «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq tədbirlər, teatrlarda təmir və yenidənqurma işləri davam etdirilib. Dövlət Akademik Milli Dram Teatrının binası yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Proqram çərçivəsində noyabrın 9-10-da Bakıda ilk dəfə keçirilən «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» adlı Beynəlxalq Teatr Konfransında 30 ölkədən 70-dən çox tanınmış sənətşünas, teatr xadimi iştirak edib.
   Prezidentin sərəncamlarına uyğun olaraq martın 16-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı Vaqif Mustafazadənin 70 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib, Rəsul Rzanın 100 illik yubileyi ilə əlaqədar mayın 19-da Dövlət Filarmoniyasında təşkil olunan ədəbi-bədii tədbir ilin yaddaqalan hadisələrindən olub.
   Çin Xalq Respublikasının Şanxay şəhərində «EXPO-2010» Dünya sərgisinin proqramı çərçivəsində 15 oktyabr tarixində Azərbaycan Milli Günü təşkil edilib. Noyabrın 4-6-da Ankaranın Bilkənt Universitetində Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən tədbirdə görkəmli xanəndə, Xalq artisti Alim Qasımovun rəhbərliyi ilə musiqiçilər qrupu konsert proqramı ilə çıxış ediblər.
   İl ərzində Azərbaycanın milli musiqi, teatr, ədəbiyyat, rəngkarlıq sahəsində görkəmli sənətkarlarının yaradıcılıqları və ayrı-ayrı əsərlərinin təbliği istiqamətində də bir sıra tədbirlər həyata keçirilib, dövlət sifarişi ilə 20-dən çox tamaşa təhvil verilib, Azərbaycan rəssamlarının 40-dan artıq sərgisi təşkil olunub.  

    Mədəniyyət siyasəti
   

   «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na müvafiq olaraq il ərzində müxtəlif tədbirlər həyata keçirilib. 38 kitabxananın veb-saytı yaradılıb, 17 kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılıb. Kitabxana fondları yerli nəşrlərlə, habelə Rusiyada, digər ölkələrdə çap olunmuş müasir nəşrlərlə komplektləşdirilib. Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı”nın icrası ilə bağlı əhəmiyyətli işlər görülüb. Dövlət İncəsənət Muzeyinin Niyazi küçəsi, 11 nömrəli binasında 2009-cu ildə başa çatan təmir-bərpa işlərindən sonra burada bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilib. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının inşası davam etdirilir. Dövlət Teatr Muzeyinin ekspozisiyası yeniləşdirilib, muzeyin fondunda saxlanılan materialların elektron daşıyıcılarının yaddaşına köçürülməsi işi aparılıb. “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” ölkə başçısının sərəncamının icrası ilə bağlı muzeyin baş planının hazırlanması üzrə beynəlxalq müsabiqə keçirilib və konkret işlərə başlanılıb.
   Goranboy, Yevlax, Balakən, Beyləqan, Yardımlı, Xızı, Cəlilabad, İsmayıllı, Bərdə tarix-diyarşünaslıq muzeyləri üçün yeni müasir tipli binalar inşa edilib, Sumqayıt şəhərinin tarixi, Abşeron, Şabran, Qusar, Şamaxı tarix-diyarşünaslıq muzeylərində əsaslı təmir və rekonstruksiya işləri aparılıb.
   “Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri” tərtib edilir. “2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”, qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankının və “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin və onların filiallarının Dövlət Kadastrı”nın yaradılması, “Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları”nın təşkil edilməsi üzərində işlər həyata keçirilir.
   “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı ilə əlaqədar 2010-cu il üçün Gəncə şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Şəki şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və Qazax şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib. Bu şəhərlərdə il ərzində nominasiyaya uyğun olaraq respublika və beynəlxalq səviyyəli konfranslar, konsertlər, festivallar, sərgilər və s. keçirilib.
   Oktyabrda ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Aşıq Festivalında 8 ölkənin saz-söz ustaları iştirak edib.
   
   Mədəni irs
   
   Azərbaycan Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət, "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruqlarının mühafizə zonalarını əks etdirməklə sərhədlərin təyin edilməsi məqsədilə komissiyalar yaradılıb, xəritələr hazırlanaraq müvafiq təşkilatlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim edilib. 2010-cu ildə Azərbaycan “Avropa memarlıq irsinin qorunması haqqında” Konvensiyaya qoşulub.
   “2010-2015-ci illərdə tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı”na uyğun tədbirlər planının layihələri, habelə “2010-2015-ci illər üzrə Gədəbəy və Bərdə rayonlarında yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Prezidentin «Gəncə Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında» 2010-cu il 1 mart tarixli sərəncamına əsasən layihə sənədləri tərtib edilib.
   Səudiyyə Ərəbistanında keçirilən “Müsəlman ölkələrinin memarlıq irsinin mədəni və iqtisadi inkişafda rolu” adlı 1-ci Beynəlxalq Konfransda, Moldovada keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 27-ci toplantısında, UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin Paris şəhərində keçirilən 5-ci sessiyasında və s. beynəlxalq tədbirlərdə nazirliyin nümayəndələri iştirak ediblər.
   
   Kinematoqrafiya
   
   «Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı»nın icrası ilə əlaqədar işlər il ərzində davam etdirilib. Nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında «Buta», «Tərsinə çevrilmiş dünya», «Əlavə təsir», “Vəkil haradadır?” filmləri, müstəqil kino şirkətlərində «Sahə», “Ölüm növbəsi”, “Aktrisa”, ”Kabusun gözüylə» filmləri çəkilib. Hazırda «Qisas almadan ölmə», «Ondan yaxşı qardaş yox idi», “Mən evimə qayıdıram”, “Dolu”, “Canlı” bədii filmləri üzərində işlər davam edir. “Onun ürəyi” qısametrajlı musiqili nağıl filmi üzərində işlər başa çatmaq üzrədir.
   «Salnamə» və “Yaddaş” studiyalarında bir sıra sənədli filmlər - «İz...Qala», “Qafqaz qartalının uçuşu”, “Neft akademiyası”, “Qarabağa gedən yollar”, görkəmli sənət adamlarından Tahir Salahov, Elmira Şahtaxtinskaya və Cənnət Səlimovaya həsr olunmuş ekran əsərləri çəkilib. Milli Kino Həftəsi keçirilib.
   Özbəkistanda “Azərbaycan kinosu həftəsi”, Bakıda isə “Özbəkistan kinosu həftəsi”, həmçinin Rusiya kinosu günləri, Avropa filmləri festivalı, Yaponiya, Türkiyə kinosu həftələri gerçəkləşib. “Bu meydan, bu ekran” və “Vətən and yerimizdir” kino layihələri müsabiqələri keçirilib və onların nəticələrinə əsasən qısametrajlı bədii filmlər çəkilir. Kino sahəsində gənclərlə işə xüsusi diqqət ayrılır. İl ərzində kino istehsalına ayrılan ümumi vəsaitin 63 faizi debütantların filmlərinə yönəldilib.
   Dekabr ayında dünya şöhrətli fransız aktyoru Jerar Depardyenin Bakıya səfəri böyük maraq doğurub. Aktyor ölkə prezidenti tərəfindən qəbul edilib, qonağın milli kinomuzla bağlı birgə layihələrdə iştirakı barədə fikir mübadiləsi aparılıb.
   İl ərzində filmlərin dövlət reyestri ilə bağlı yerli və xarici filmlərin qeydə alınması işi davam etdirilib, televiziya kanalları, audiovizual məhsulun yayımı ilə məşğul olan şirkətlərin təqdim etdikləri 1836 film qeydə alınıb.
   
   Nəşriyyat, reklamın təşkili və informasiya
   
   İl ərzində nazirlik tərəfindən ölkənin mədəniyyət siyasətinə uyğun olaraq 40-a yaxın kitab nəşr olunub. Fevralda Minskdə, martda Parisdə, apreldə Londonda, sentyabrda Moskvada keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında kitablarımız uğurla nümayiş etdirilib. İyunun 2-5-də Moskvada keçirilən MDB ölkələrinin VII Beynəlxalq “Kitab Sənəti” müsabiqəsi ölkəmiz üçün xüsusilə uğurlu olub, müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız fərqlənib. Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Mədəniyyət” kataloqunun 3-cü sayı “Bizim müasirimiz” nominasiyasında III yeri, Miniatür Kitab Muzeyinin nəşri olan miniatür kitablar seriyası “Həmrəylik” nominasiyasında II yeri qazanıb, “Təhsil” nəşriyyatının nəşr etdiyi Ç. Əlioğlunun “Çərçivə” şeirlər toplusu müsabiqənin baş mükafatına - “Qran-Pri”yə layiq görülüb.
   “Bərpanəşr” seriyası ilə Milli Kitabxanada son nüsxəsi qalan dəyərli kitabların çapı başlanıb, 10 kitab çap olunaraq ölkə kitabxanalarına verilib. “Prezident İlham Əliyev və mədəniyyət” kitabının təkrar nəşri həyata keçirilib. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən “Mədəniyyətimizin hamisi” kitabının ingilis dilində variantı üzərində iş başa çatdırılıb. Kitab bu yaxınlarda işıq üzü görəcək.
   İl ərzində Azərbaycan yazıçı və şairlərinin yubileyləri ilə bağlı müxtəlif ədəbi-bədii tədbirlər keçirilib. Bu sırada Sabit Rəhman - 100, Xalidə Hasilova - 90, Rəsul Rza - 100, Xanımana Əlibəyli - 90, Fikrət Sadıq - 80, Gülhüseyn Hüseynoğlu - 80, Fikrət Qoca - 75, Zəlimxan Yaqub - 60, Musa Ələkbərli - 60 tədbirlərini qeyd etmək olar.
   “Ən yaxşı dram əsərləri” müsabiqəsi keçirilib, təqdim edilən 40 əsərdən ikisi mükafatlandırılıb. “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsi 22 iyul - Mətbuat Günü ərəfəsində başa çatıb, qaliblərə diplom və pul mükafatları verilib. Milli Kitabxanada fəaliyyət göstərən Gənc Ədiblər Məktəbində 2 illik tədris kurslarına yekun vurulub, müdavimlərə nazirliyin diplomları təqdim edilib. Prezidentin “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” fərmanına (6 avqust 2007-ci il) uyğun olaraq, 50 nəfər yaşlı, 20 gənc yazıçıya təqaüd verilib.
   
   Elm və təhsil
   
   İl ərzində Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin II Respublika baxışı (2-27 aprel), Polşanın ölkəmizdəki səfirliyi ilə birgə Friderik Şopen adına gənc pianoçuların festivalı (11-13 may), Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsi (17-21 may), Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi (1-15 dekabr) keçirilib.
   Turizm İnstitutunun ilk buraxılış mərasimi təntənəli şəkildə qeyd olunub. 2006-cı ildə 200 tələbə, 1 fakültə və 3 ixtisasla fəaliyyətə başlayan institutda hazırda bakalavr proqramında 11 ixtisas üzrə 1326 tələbə təhsil alır.
   İyunda keçirilən Kulturoloqların II Milli Forumu, oktyabrda gerçəkləşən “Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim, noyabrda baş tutan "Neft və mədəniyyət - xalqın sərvəti" adlı beynəlxalq konfrans ilin yaddaqalan hadisələrindəndir.
   
   Turizm

   
   “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi (6 aprel 2010-cu il) ölkə rəhbərliyinin bu sahəyə böyük diqqətinin bariz nümunəsidir. 2010-cu il ərzində nazirlik respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə beynəlxalq turizm sərgilərinə qatılıb. Apreldə Bakıda “I Ümumrespublika Daxili Turizm Sərgisi”, “9-cu Beynəlxalq Turizm Sərgisi” keçirilib.
   İl ərzində 38 hüquqi və fiziki şəxsə turizm fəaliyyətinə dair lisenziya, 21 hüquqi və fiziki şəxsə mehmanxana fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda respublikada lisenziya almış 207 turizm şirkəti, 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
   Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında "CNN", "Euronews", "Travel Channel", BBC, CNBC, National Geopraphic-də reklam çarxları yayımlanır. “ABTA” jurnalında, “Upper Reach” və “Forbes” qəzetlərində respublikanın turizm imkanları haqqında reklam səhifəsi yerləşdirilib.
   
   Beynəlxalq əlaqələr
   
   Cənab prezidentin ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin nəzdində mədəniyyət mərkəzlərinin təsis edilməsi barədə sərəncamına uyğun olaraq bu il iki ölkədə - Özbəkistan və Fransada Azərbaycanın Mədəniyyət Mərkəzi yaradılıb.
   Bu il ölkəmiz UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Noyabrın 15-19-da Keniyanın paytaxtı Nayrobidə keçirilən Hökumətlərarası Komitənin V sessiyasında “Azərbaycan Respublikasında Azərbaycan ənənəvi xalçaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
   Bu qərar beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.
   Dünyanın bir çox ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi artıq bir ənənəyə çevrilib. 2-7 mart tarixində Kuba Respublikasında, 8-10 mart tarixində Meksikada, 1-4 iyunda Qətər Dövlətində, 25-30 sentyabr tarixində İran İslam Respublikasında, 26-30 sentyabrda Mərakeş Krallığında və 29 noyabr -3 dekabr tarixlərində İordaniya Krallığında keçirilən Azərbaycan Mədəniyyəti Günləri geniş maraq doğuraraq milli mədəniyyətimizin, bütövlükdə ölkəmizin beynəlxalq miqyasda daha geniş tanıdılmasına töhfələr verib.
   Azərbaycan Prezidentinin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının dəstəyi ilə ölkəmizdə 2011-ci ilin 7-9 aprel tarixlərində ilk dəfə olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. İlk dəfə belə bir tədbir qeyd olunan beynəlxalq qurumların birgə dəstəyi ilə baş tutacaq. Foruma hazırlıqla bağlı Paris ve Strasburq şəhərlərində həmin beynəlxalq qurumların rəhbər şəxslərinin və Azərbaycan təmsilçilərinin iştirakı ilə işçi qrupun görüşləri keçirilib, mötəbər tədbirin müvafiq sənədləri razılaşdırılıb.
   
   İnvestisiya və texniki proqramlar
   
   İl ərzində ölkə prezidentinin, Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarları, Dövlət Proqramları, Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı əsasında tarixi, memarlıq və mədəniyyət abidələrinin, həmçinin mədəniyyət müəssisələri və turizm obyektlərində təmir, bərpa, yenidənqurma, onların yeni texniki təchizatı işləri davam edib. 2010-cu ildə dövlət büdcəsində dövlət investisiya xərclərinin vəsaiti hesabına tikintisi, təmiri və yenidən qurulması nəzərdə tutulmuş obyektlər üçün Mədəniyyət və Turizm Nazirliyinə 30 obyekt üzrə vəsait ayrılıb. Bu sırada Dövlət Akademik Milli Dram Teatrının binasında təmir və yenidənqurma işinin başa çatmasını, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin binasının inşasını, Bakıda “Nizami” kinoteatrının binasında təmir-yenidənqurma işlərini və s. qeyd etmək olar.
   Respublikada ən mühüm layihələrdən olan Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi üzrə işlər uğurla davam etdirilir. Dövlət Akademik Opera və Balet Teatrının binasında təmir-yenidənqurma işləri üzrə layihə-smeta sənədləri hazırlanır, “Atəşgah məbədi” Dövlət Tarix-memarlıq Qoruğu üzrə və Gəncədə “Şah Abbas” Karvansarayının bərpası üzrə layihələndirmə işləri başa çatmaq üzrədir.    

   Regionlarla iş
   
   İl ərzində regionlarda mədəni proseslərin dərinləşməsi, xalqın həyatının yüksək dəyərlərlə zənginləşməsi üçün silsilə tədbirlər görülüb. Fevralda Xırdalan, Masallı, Mingəçevir və Zaqatalada özfəaliyyət rəqs kollektivlərinin «Çal oyna-2010» respublika baxış-müsabiqəsi keçirilib. Apreldə Şamaxıda gənclər arasında ədəbiyyat üzrə “Yeni adlar” respublika müsabiqəsinə yekun vurulub. İl ərzində nazirliyin məsul əməkdaşlarının iştirakı ilə bölgələrdə kənd mədəniyyət işçiləri ilə görüşlər davam edib. Qəbələ, Ağdaş, Quba, Xaçmaz, Mingəçevir, Yevlax, Salyan və Neftçalada əhali ilə bir qrup yazıçı, şair, bəstəkar, incəsənət ustalarının yaradıcılıq görüşləri keçirilib. May ayında Astarada Uşaq muğam ifaçılarının V Respublika müsabiqəsi, iyunda Qaxda, iyulda Şamaxıda və oktyabrda Qusarda rəssamların yaradıcılıq emalatxanası təşkil olunub. Oktyabrda Şəkidə keçirilən “Milli nəfəs alətləri bayramı” və “Samovar” sərgisi böyük maraq doğurub. Mahnı ifaçılığı, aşıq musiqisi, bədii qiraət və təsviri sənət üzrə keçirilən “İstedadlı uşaqlar» müsabiqəsi də maraqla qarşılanıb. Dekabrda Ağstafada gerçəkləşən Aşıq Şəmşir adına Gənc Aşıqların V Respublika müsabiqəsi də ilin yaddaqalan hadisələrindəndir.
   
   * * *
   Fərəhlə qeyd etmək istərdim ki, il ərzində Azərbaycanın zəngin mədəni irsinin dünyada daha geniş şəkildə tanıdılması, təbliği istiqamətində həyata keçirdiyimiz bütün işlərdə mədəniyyətimizin hamisi, ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti bizim üçün mühüm dəstək olub. Bu il də biz bir sıra böyük mədəniyyət tədbirlərini Heydər Əliyev Fondu ilə birgə həyata keçirmişik.
   Qarşıdan gələn 2011-ci ildə ölkə həyatının digər sahələrində olduğu kimi, mədəniyyət sahəsində də mühüm hadisələr, beynəlxalq əhəmiyyətli tədbirlər gözlənilir. Bütün bu işlər möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli inkişaf, sosial-iqtisadi tərəqqi sayəsində reallaşacaq. Cənab prezident tərəfindən mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı bizi daha əzmkar işləməyə, yeni-yeni nailiyyətlərə ruhlandırır. Bu yüksək diqqət və qayğıya cavab olaraq Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, mədəni irsimizin qorunması və turizmin inkişafı istiqamətində geniş miqyaslı fəaliyyətini bundan sonra da səmərəli şəkildə davam etdirəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar