Ötən həftə M.F.Axundzadə adına Milli Kitabxanada “Bərdə və bərdəlilər” (biblioqrafik məlumat kitabı) kitabının təqdimat mərasimi keçirildi. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, kitabda Azərbaycanın ən qədim şəhərlərindən olan Bərdənin tarixi, görkəmli şəxsiyyətləri və s. barədə geniş məlumatların əks olunduğunu bildirdi.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov qədim və zəngin tarixə malik Bərdə haqqında ilk dəfə belə bir kitabın çap olunduğunu nəzərə çatdırdı. Daha sonra o, kitabın ərsəyə gəlməsində böyük əməyi olan Xuraman İsmayılovanı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif etdi.
Sonra kitabın məsləhətçisi, AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev çıxış edərək Bərdənin qədim mədəniyyət mərkəzi olmasından, kitabda istifadə olunan mənbələrdən bəhs etdi. Yazıçı-publisist Yusif Kərimov bu biblioqrafiyanın tədqiqatçılar üçün çox əhəmiyyətli olduğunu qeyd etdi. Tədbirdə Bərdə ictimaiyyəti adından rayon MKS-nin direktoru Həvva Mirzəyeva çıxış etdi.
Sonda kitabın tərtibçiləri adından danışan Milli Kitabxananın kitabxana fondlarının mühafizəsi şöbəsinin müdiri Xuraman İsmayılova nəşrin hazırlanmasında göstərilən köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Yeganə