Nazir Əbülfəs Qarayev 2010-cu ilin yekunları barədə fikirlərini jurnalistlərlə bölüşdü
   
   Dekabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. 
   
   İclasdan əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında ilin mühüm yekunları barədə fikirlərini bildirdi: «Başa vurduğumuz il çox uğurlu oldu. Azərbaycanda çox vacib beynəlxalq və respublika miqyaslı hadisələr baş verdi. Mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etdik. İl ərzində Azərbaycanda mədəniyyət sahəsində 150 dövlət əhəmiyyətli tədbir keçirildi. İncəsənət nümayəndələrimiz nəinki Azərbaycanda, eyni zamanda bütün dünya ölkələrində keçirilən mühüm tədbirlərdə fəal iştirak edərək ölkəmizi layiqincə təmsil etdilər. Respublika daxilində də uğurlu layihələr reallaşdırıldı. Kitabxana şəbəkəsi təkmilləşdirildi, muzey, teatr işinin maddi-texniki bazası möhkəmləndi.
   Bu il Azərbaycanda turizmin inkişafına dair yeni Dövlət Proqramı qəbul edildi. Bu, bizi sevindirməyə bilməz. Bütün bunların əsasında isə dövlətin, şəxsən ölkə prezidentinin Azərbaycan mədəniyyətinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğı durur. Amma həmişə olduğu kimi, biz daha böyük zirvələrə üzümüzü tuturuq. Gələn il bizim üçün olduqca məsuliyyətli bir il olacaq. Aprel ayında ilk dəfə olaraq Azərbaycan paytaxtında mədəniyyətlərarası dialoqa həsr olunan beynəlxalq forum keçiriləcək. Bu foruma nəinki Avropa və İslam dünyası, bütün qitələrin nümayəndələri qatılacaqlar. Forum bu sahədə Azərbaycanın yeni bir imicinin formalaşması üçün mühüm başlanğıc olacaq və yeni layihələrə təkan verəcək».
   
   İslahatlar Azərbaycan
   teatrının gələcəyi
   naminə aparılır
   
   Nazir jurnalistlərin suallarını da cavablandırdı. Azərbaycanda teatr sahəsində aparılan islahatlardan danışan Əbülfəs Qarayev bildirdi ki, islahatların nəticəsini tezliklə görmək mümkün deyil: «Bu islahatlar bu günün deyil, Azərbaycan teatrının gələcəyi naminədir. İslahatların nəticəsini başladığı ildən gözləmək düzgün deyil. İslahat elə ona yönəlib ki, tədricən - bir, iki, üç il müddətində teatr özünə yeni bir qüvvə tapsın, yeni axına düşsün və axın onu daha yüksək səviyyəyə gətirib çıxarsın. Bütün islahatların məqsədi bundan ibarətdir».
   Ə.Qarayev Gənc Tamaşaçılar və Rus Dram teatrlarında aparılan və uğurla başa çatan islahatları buna misal gətirdi: «Gənc Tamaşaçılar Teatrında da islahatlara başlayanda çox danışdılar ki, kollektivlər birləşdi-ayrıldı, bu necə olacaq və s. Halbuki bu gün həmin teatr dolğun sənət həyatı yaşayır. Yaxşı əsərlər qoyulur, beynəlxalq tədbirlər keçirilir, teatrın kollektivi müxtəlif tədbirlərdə iştirak edir, bütün bunların hamısı islahatların nəticəsidir. Eləcə də Dövlət Rus Dram Teatrında həyata keçirilmiş islahatlar uğurla nəticələndi. Həmin teatrda da islahatlar aparıldı, yeniliklər həyata keçirildi və bu gün çox gözəl iş sistemi qurulub. Yeni tamaşalar qoyulur, xaricdən rejissorlar dəvət edilir. İslahatın real nəticəsi budur. Ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq bu il ilk dəfə ölkəmizdə keçirilən beynəlxalq teatr konfransı artıq növbəti ildə də müxtəlif beynəlxalq səviyyəli tədbirlərin və layihələrin həyata keçirilməsinə təkan verəcək. Bu da teatrımızın beynəlxalq səviyyəyə çıxması istiqamətində atılan addımlardandır. Əgər teatr sahəsində islahatlar aparırıqsa, deməli, bu, uzunmüddətli, növbəti mərhələlərdə öz nəticəsini verə biləcək islahatlardır».
   
   Azərbaycan turizmi
   sürətlə inkişaf edir
   
   Şahdağ Qış-Yay Turizm Kompleksi barədə danışan nazir bildirdi ki, kompleksin tikintisi davam edir: «Bu qışın sonuna qədər artıq süni qarlaşdırma sisteminin tamamlanması nəzərdə tutulur. Yay müddətində isə biz artıq ilk mehmanxananı istifadəyə verməyə hazır olacağıq. Eksperiment olaraq bu il ümumi vəziyyətə baxacağıq. Amma gələn qış üçün artıq ilk turistlər orada öz vaxtlarını keçirə biləcəklər. Bu, “Şahdağ” Qış-Yay Turizm Kompleksi tikintisi ilə bağlı həyata keçirilən layihənin ilk mərhələsidir. Ümumilikdə 10 il üçün nəzərdə tutulan bir layihədir. Dövlətin üzərinə düşən pay artıq yarıya qədər tamamlanıb».
   Ə.Qarayev il ərzində turizm sahəsində ən mühüm hadisə kimi ölkə prezidenti tərəfindən turizmin inkişafı ilə bağlı Dövlət Proqramının imzalanmasını qeyd etdi: «Bununla yanaşı, dövlət başçısının aprel ayında Bakıda keçirilən beynəlxalq turizm sərgisini və birinci dəfə təşkil olunan daxili turizm sərgisini ziyarət etməsi mühüm hadisə idi. Bu tədbirlər növbəti illərdə Azərbaycanın turizm sənayesinin inkişafına bir təkan verəcək».
   Nazir 2010-cu il ərzində Azərbaycana gələn turistlərlə bağlı da məlumat verdi. Bildirdi ki, Azərbaycan turizmi son üç il ərzində çox davamlı və böyük sürətlə inkişaf edir: «Sözsüz ki, ildən-ilə fərqlər olur. Amma əsas odur ki, nəzərdə tutduğumuz inkişaf tempindən geri qalmırıq».
   
   İşğal altındakı ərazilərdə olan abidələrə dair hesabat hazırlanıb
   
   Nazir Azərbaycanın işğal altındakı ərazilərində olan abidələrlə bağlı danışaraq bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu abidələrin hesabatı hazırlanıb və beynəlxalq təşkilatlara təqdim edilib. Onun sözlərinə görə, bu məsələ daima prioritet istiqamət kimi gündəmdədir: «Bütün beynəlxalq tədbirlərdə Azərbaycanın işğal altında olan torpaqlarında nəinki İslam mədəniyyətinə, bütün bəşər mədəniyyətinə aid olan tarixi abidələrin qorunması, onların məhv edilməsinin qarşısının alınması ilə bağlı məsələ gündəmdə olur. Biz bu istiqamətdə daima işləyirik. Hesab edirəm ki, sonuncu gözəl bir nümunə Keniyada keçirilən UNESCO-nun Qeyri Maddi-Mədəni İrs Komitəsinin iclasında Azərbaycanın mövqeyinin qəbul olunmasıdır».
   
   “Euronews” Bakı Caz
   Festivalını ilin hadisələri
   sırasına daxil edib
   
   Nazir bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production”un təşkilatçılığı ilə bu ilin oktyabrında keçirilən Bakı Beynəlxalq Caz Festivalı Avropanın ən mühüm mədəniyyət hadisələri sırasına daxil edilib. Onun sözlərinə görə, bu statistika “Euronews” kanalı tərəfindən aparılıb və Bakı Caz Festivalı siyahıda yaddaqalan tədbirlər sırasında yer alıb. Əbülfəs Qarayev bu faktı Azərbaycan mədəniyyəti üçün çox böyük hadisə kimi dəyərləndirdi.
   Fəxri adlara layiq görülmüş mədəniyyət adamlarına
   vəsiqələr təqdim edildi
   
   Kollegiya iclasında nazir Əbülfəs Qarayev il ərzində prezident İlham Əliyevin sərəncamları ilə fəxri adlara layiq görülmüş mədəniyyət işçilərinə bu yüksək təltiflərin orden, medal və vəsiqələrini təqdim etdi. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Ümumi şöbəsinin müdir müavini Şərqiyyə Hüseynova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
   Sonra nazir Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə gördüyü işlərlə bağlı hesabatı təqdim etdi.
   Hesabatın təqdimatından sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra mədəniyyət və turizm obyektlərinin rəhbərləri çıxış etdilər.
   Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, «Bakı Tur» turizm şirkətinin rəhbəri Fayis Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov öz çıxışlarında rəhbərlik etdikləri müəssisələrin fəaliyyəti ilə bağlı qısa məlumat verdilər, eyni zamanda görüləcək işlərdən danışdılar.
   Tədbirin sonunda Əbülfəs Qarayev Azərbaycanın mədəniyyət və turizm sahəsində çalışan bütün insanları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar