Teatrın əməkdaşları ilə bir illik müqavilə bağlanacaq, 2012-cı ildə isə müqavilə sistemindən qonorar sisteminə keçid gözlənilir
   
   Xəbər verdiyimiz kimi, ölkəmizdə həyata keçirilən teatr islahatları çərçivəsində ötən ilin sonunda Dövlət Akademik Milli Dram Teatrının kollektivi buraxılmış və yenidən işə qəbulla bağlı müsabiqə elan edilmişdi. Yanvarın 14-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məsələ ilə əlaqədar teatrın yaradıcı heyətiylə görüşdü. 
   
   Nazir müavini çıxış edərək əvvəlcə son 20-30 ildə ölkə teatrlarının, o cümlədən Milli Dram Teatrının fəaliyyətinə qısa nəzər saldı: «Azərbaycan teatrları ilə mütəmadi təmasdayam. Bir sual həmişə gündəlikdə olub. Azərbaycan teatrı hara gedir? Ümumiyyətlə, Azərbaycan teatrı durğunluq içindədirmi? Son 30 ildə cəmiyyətdə baş verən hadisələr - kompyuter, televiziyaların əhatəsinin genişlənməsi və s. - bütün bunlar teatra marağı azaltdı. Belə bir dövrdə tamaşaçını heyrətləndirmək və teatra gətirmək çox çətindir».
   Teatra dövlət qayğısından danışan Ə.Vəliyev son illər bu sahədə böyük işlər görüldüyünü vurğuladı: “2009-cu ildə ölkə başçısı tərəfindən 2009-2019-cu illərdə Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və dünya səviyyəsinə qaldırılması ilə bağlı 10 illik Dövlət Proqramı təsdiq olundu. Son 5 ildə ilk dəfə olaraq xaricdə təhsil almaq üçün mütəxəssislər göndərdik. Teatrlara maraq və diqqəti cəlb etmək üçün «Deyilən söz yadigardır» layihəsi gerçəkləşdi. Kamera, Gənc Tamaşaçılar və Gənclər Teatrı birləşdi. Ölkə prezidentinin mədəniyyətin inkişafı ilə bağlı yaratdığı şərait imkan verir ki, teatr ictimaiyyətini düşündürən məsələlərə islahatlarla cavab verək. Xeyli sayda teatrlarda kadr dəyişiklikləri həyata keçirmişik. Gənclər artıq baş rejissor kürsüsündə əyləşir. İlk dəfə olaraq bu müddət ərzində 16 teatrı nəqliyyatla təmin etdik. 27 teatrın hər biri kompyuterlərlə təmin olunub. Son 5 ildə 468 tamaşa hazırlanıb. Onun 70-i dövlət sifarişi ilə hazırlanmış yeni tamaşalar olub. 466 teatr xadimi fəxri adlara, 73 nəfər isə ömürlük prezident təqaüdünə layiq görülüb. Prezidentin bilavasitə tapşırığı, ölkənin birinci xanımı Mehriban Əliyevanın yaxından köməkliyi ilə Azərbaycan teatr sistemində çalışan 400-ə yaxın şəxs mənzillə təmin edildi. Teatrlarımız 29 ölkədə qastrol səfərlərində, festivallarda olub».
   Nazir müavini daha sonra 2010-cu ildə həyata keçirilən layihələri sadalayaraq, Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı, Birinci Beynəlxalq Teatr Forumu, Beynəlxalq Çexov Festivalı, Beynəlxalq Mstislav Rostropoviç Festivalı, müxtəlif ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri, Milli Teatr Festivalı, Respublika Kukla Teatrları Festivalının gerçəkləşdiyini diqqətə çatdırdı.
   Konkret olaraq Milli Dram Teatrına işə qəbulla bağlı müsabiqəyə gəlincə, nazir müavini geniş müzakirələr aparıldığını və müsabiqənin ləğv olunduğunu bildirdi: “Belə bir qərar qəbul olundu ki, builki fəaliyyətiniz davam etdirilsin, hər birinizlə ayrı-ayrılıqda müqavilə imzalansın. 2011-ci ildə Milli Dram Teatrı dövlət sifarişi ilə 5 tamaşa hazırlayacaq. Bu il hazırlanacaq tamaşaların ikisi beynəlxalq səviyyədə keçirilən festivallarda göstəriləcək. Rollar üzərində seçim hüququ rejissorlara və teatr rəhbərinə məxsus olmalıdır. Ən yüksək tərtibatla ən bahalı tamaşalar, dünya ədəbiyyatının ən parlaq nümunələri bu teatrda səhnələşdirilməlidir». Ə.Vəliyev rejissorların işindən də danışaraq, onlar üçün qonorar sisteminin tətbiq olunacağını dedi.
   Nazir müavini onu da bildirdi ki, 2012-ci ildə teatrın aktyorlarının müqavilə sistemindən qonorar sisteminə keçirilməsi gözlənilir.

   Gülər Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar