2006-2010-cu illərdə nazirliyin dəstəyi ilə 200 adda kitab işıq üzü görüb
   
   Yanvarın 28-də M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-2010-cu illərdə nəşr edilən kitablardan ibarət sərgi keçirildi. 
   
   Nazirliyin 5 illik yubileyi ilə əlaqədar təşkil olunan tədbirdə üç dildə nəşr olunan “Mədəniyyət” kataloqunun IV sayının və nazirliyin nəşrləri barədə məlumatların toplandığı “Bizim nəşrlər” kataloqunun təqdimatı oldu. Sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli sərgini kitab bayramı kimi qiymətləndirdi. Qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyatı olmasa da, son beş ildə nazirliyin dəstəyi ilə 200 addan çox kitab nəşr edilib, bir çox kitablar beynəlxalq sərgilərdə nümayiş etdirilib.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beş il ərzində nəşriyyat sahəsində görülən işlərə nəzər saldı. Ə.Qarayev sərgini nazirliyin bu sahədə gördüyü işlərin məntiqi yekunu kimi qiymətləndirdi: “Bütün bunlar göstərir ki, bu beş ildə dövlətimiz tərəfindən həyata keçirilən kitab nəşri işinə biz də müəyyən qədər töhfə vermişik. Mən çox sevinirəm ki, nazirlik tərəfindən çap olunan nəşrlərin sırasında Azərbaycanın tanınmasına xidmət edən dəyərli kitablar var. Beş illik fəaliyyətimiz nəticəsində Azərbaycan mədəniyyətinə böyük töhfələr verən şəxslərin əsərləri yenidən nəşr olunub. Bir çox kitablar rus, ingilis, ərəb dillərinə tərcümə olunub. 32 min nüsxə kitab son beş ildə dünyanın müxtəlif kitabxanalarına yerləşdirilib. Hər il yüz adda müxtəlif kitablar, broşürlər beynəlxalq sərgilərdə nümayiş etdirilir”.
   Nazir onu da qeyd etdi ki, 2009-cu ildə Bakının “İslam mədəniyyəti paytaxtı” elan olunması ilə əlaqədar olaraq ilk dəfə keçirilən Beynəlxalq Kitab Sərgisi bu il də təşkil olunacaq. Bu sərginin iki ildən bir keçirilməsi nəzərdə tutulub. Nazir çıxışının sonunda 5 il ərzində nazirliklə əməkdaşlıq edən müəlliflərə - alimlərə, tədqiqatçılara, nəşriyyat rəhbərlərinə minnətdarlıq etdi, növbəti mərhələdə daha böyük layihələrin həyata keçiriləcəyinə əminliyini bildirdi.
   Sərgidə sənətşünas Ziyadxan Əliyev, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Qobustan Dövlət Tarix və Bədii Qoruğunun direktoru Məlahət Fərəcova, Milli Kitabxananın direktoru Kərim Tahirov Mədəniyyət və Turizm Nazirliyinin beş ildə nəşriyyat sahəsində gördüyü işlərdən danışdılar. Tədbir boyu 5 il ərzində nəşr olunan kitablar haqqında slayd-şou nümayiş olundu.
   Qeyd edək ki, sərgidə nümayiş edilən kitabların əksəriyyəti Azərbaycan dövlətinin mədəniyyət siyasətinə uyğun olaraq mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahəsinin maddi texniki bazasının möhkəmləndirilməsi məsələlərinə həsr edilib.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar