Əbülfəs Qarayev: “Bu gün Azərbaycan xalçası tək bizə yox, bəşəriyyətə məxsusdur”

   Azərbaycan şəbəkə incəsənət növünün, miniatür sənətinin, Möminə Xatın türbəsi və Qarabağlar abidəsinin də UNESCO-nun siyahısına salınması üçün iş aparılır
   
    Fevralın 7-də Muzey Mərkəzində Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış namizədlik faylının, filmin və beş dildə fəaliyyət göstərəcək veb-saytın təqdimat mərasimi keçirildi.
   
   Xatırladaq ki, ötən ilin noyabrında UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Nayrobidə (Keniya) keçirilən V sessiyasında Azərbaycan xalça sənəti Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
   Azərbaycan xalçası haqqında filmin nümayişindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illər UNESCO və digər beynəlxalq qurumların toplantılarında Azərbaycan mədəniyyəti ənənələrindən çox hörmətlə söz açıldığını bildirdi. Nazir Azərbaycan xalça sənətinin UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsini qədim və zəngin ənənələrə malik olan Azərbaycan xalçasının dünyada daha geniş tanıdılması və təbliğinə imkanlar açdığını vurğuladı. Nazir bu hadisəni 2010-cu ildə mədəniyyət sahəsində ən uğurlu hadisələrdən biri kimi dəyərləndirdi: “UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin bu iclasında müzakirə olunan çoxsaylı məsələlərlə yanaşı, Azərbaycanın təqdim etdiyi fayl da müzakirə olundu və Azərbaycan xalçası ilə bağlı qərar qəbul edildi. Bu, çoxdan arzulanan və geniş ictimaiyyət tərəfindən gözlənilən bir qərar idi. Düşünürəm ki, bu addım Azərbaycan xalçasının dünyəvi, bəşəri sənət olması haqqında bir bəyanatdır. Bu gün Azərbaycan xalçası tək bizə yox, bəşəriyyətə məxsusdur”.
   Nazir vurğuladı ki, Azərbaycan xalçasının dünya miqyasında qazandığı bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət sahəsində yürütdüyü məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində mümkün olub. Əbülfəs Qarayevin sözlərinə görə, növbəti illərdə Azərbaycanın digər qədim incəsənət nümunələrinin də UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi istiqamətində işlər aparılır. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına şəbəkə incəsənət növünün, bəzi mərasimlərin və miniatür sənətinin daxil edilməsi planlaşdırılır.
   Xalqımızın tarixi abidələrinin qorunmasının vacibliyini vurğulayan nazir, növbəti mərhələdə Naxçıvanın memarlıq abidələrindən sayılan Möminə Xatın türbəsi və Qarabağlar abidəsinin bu siyahıya salınması üçün iş aparılacağını bildirdi: “Xalqımıza məxsus mədəniyyət və incəsənət nümunələrini dünyada öz adları ilə yayan bədnam qonşularımızın əməllərini ifşa etmək üçün milli-mənəvi sərvətlərimizi özümüz təbliğ etməli və bu işdə ayıq-sayıq olmalıyıq”.
   Ölkə prezidentinin sərəncamı əsasında ölkəmizdə dünyanın ən böyük xalça muzeyinin tikildiyini deyən nazir əmin olduğunu bildirdi ki, müasir standartlara uyğun tikilən yeni muzey dünya şöhrətli xalçalarımızın qorunmasına, təbliğinə və bu sənətin daha da inkişaf etdirilməsinə böyük təkan verəcək.
   UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının katibi Günay Əfəndiyeva, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, “Rəqəmli dövr” şirkətinin direktoru, sənətşünaslıq namizədi Toğrul Əfəndiyev təqdimat faylının hazırlanması ilə əlaqədar görülmüş işlər haqqında ətraflı məlumat verdilər.
   Tədbirdən sonra iştirakçılar Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiya etdilər.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar