Rafiq Babayev 75
   
    Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində görkəmli Azərbaycan musiqiçisi Rafiq Babayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. 
 
  
   Tədbiri mərkəzin direktoru Ramazan Şabanov açaraq unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açdı. Özündən sonrakı nəsillərə peşəkar musiqiçi ənənələrini miras qoyan və 58 illik həyatında fitri istedadı sayəsində gözəl əsərləri, melodiyaları, improvizələri ilə yadda qalan Rafiq Babayevin ölümü də adi insanların ölümünə bənzəmədi. 1994-cü ilin martın 19-da Bakı metrosunda baş verən terrorun qurbanlarından biri də görkəmli sənətçi Rafiq Babayev oldu.
   Mərkəzin kitabxana müdiri Rəfiqə Zərdabi bənzərsiz musiqiçi, bəstəkar Rafiq Babayevin keçdiyi həyat yolundan söz açdı. 1936-cı ildə Bakıda anadan olan Rafiq Babayevin həyatı heç də asan keçməyib. Atası Fərzi Babayev 1937-ci ildə güllələnib. Anası Şahbəyim xanım övladlarını çətinliklərə baxmayaraq tərbiyə edib böyüdür. Rafiq Babayev A.Zeynallı adına Musiqi Məktəbinin fortepiano sinfində R.S.Levinanın sinfində təhsil alır. Caz musiqisi ilə maraqlanır, sonradan özünü bütünlüklə bu musiqiyə həsr edir. Konservatoriyanı bitirdikdən sonra uzunmüddətli qastrol səfərlərinə çıxır və dünyanın 50-dən çox ölkəsində Azərbaycan musiqisini layiqincə təmsil edir.
   Musiqişünas Nərgiz Məmmədova Rafiq Babayevin sənət dünyasından, sənət möcüzələrindən, həyatının ən yaddaqalan anlarından danışdı.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Musiqi təhsili bölməsinin müdiri Səid Hacıyev Rafiq Babayevi fitri istedada malik böyük sənətkar olmaqla yanaşı, həm də böyük insan, əvəzsiz dost kimi xatırladı.
   Tədbirdə Rafiq Babayevin bacısı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən 39 saylı Uşaq Musiqi Məktəbinin direktoru Armanusa Tağıyeva-Babayeva çıxış edərək Rafiq Babayevi özünəməxsus bir insan kimi xarakterizə etdi. Fenomen yaddaşı, qeyri-adi musiqi duyumu ilə heç kimə bənzəməyən Rafiq Babayevin ailəsinə, yaxınlarına qarşı son dərəcə qayğıkeş və diqqətli olmasından, əslində bütün insanları sevən, köməyə ehtiyacı olandan köməyini əsirgəməyən bir insan olduğunu dilə gətirdi. Tədbirdə Rafiq Babayevin möhtəşəm musiqiləri dinlənildi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar