Fevralın 9-13-də Belarusun paytaxtı Minskdə XVIII Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib. Dünyanın 22 ölkəsinin qatıldığı sərgi-yarmarkada Azərbaycan uğurla təmsil olunub.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini - Kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov və “Çinar-Çap” nəşriyyatının icraçı direktoru Akif Dənzizadədən ibarət nümayəndə heyəti iştirak edib.
Sərgidə ölkəmiz üçün ayrılmış 10 kv. metrlik stenddə 100-dən artıq adda 202 nəşr məhsulundan ibarət rəngarəng ekspozisiya nümayiş olunub. Sərgi-yarmarkanın açılış mərasimində Belarusun informasiya naziri Oleq Proleskovski, müxtəlif vəzifəli şəxslər və xarici diplomatlar, o cümlədən Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev iştirak edib. Mərasimdən sonra nazir O.Proleskovski, Almaniyanın və İranın bu ölkədəki səfirləri və digər qonaqlar ölkəmizin stendini ziyarət ediblər.
Tədbir boyu Azərbaycan stendinə təkcə belaruslar və Belarusda yaşayan soydaşlarımız deyil, müxtəlif ölkələrdən olan insanlar böyük maraq göstəriblər. Qarabağ hadisələrinə həsr olunmuş ayrıca guşə tamaşaçıların diqqətini xüsusilə cəlb edib. Sərgiyə gələnlər ekspozisiya vasitəsi ilə Qarabağda erməni vandalizmi, onların törətdikləri ağır cinayətlər barədə Azərbaycan, ingilis və əsasən rus dilində dolğun məlumatlar əldə ediblər.
Sərgi-yarmarkanın üçüncü günü stendimizi ziyarət edən Belarus prezidentinin müşaviri Viktor Lukaşenkoya Xalq yazıçısı Elçinin “Dədə Qorqud”, tanınmış şair Çingiz Əlioğlunun “Çərçivə” kitabları və turistik xarakterli çap məhsulları, Belarus Prezident Aparatının rəhbərinin müavini Aleksandr Radkova müxtəlif nəşrlər, Belarus Respublika Kitabxanasının rəhbərliyinə isə “Qara Qarayev” kitabı hədiyyə edilib.
Qeyd edək ki, Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri, MDB-nin “Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şura”sının sədri Çingiz Əlioğlu həmin vaxt Minsk şəhərində keçirilən digər bir beynəlxalq tədbirdə iştirak edib. O, sərgi-yarmarkaya dəvət olunub və “Literatura i Mastatstva” nəşriyyatının direktoru, Belarus Yazıçılar Birliyinin rəyasət heyətinin üzvü Ales Karlyukeviçin təşkilatçılığı ilə Çingiz Əlioğlu ilə görüş və onun “Çərçivə” kitabının geniş təqdimat mərasimi də keçirilib.