Fevralın 22-də C.Məmmədquluzadənin Bakıdakı ev-muzeyinin və M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun təşkilatçılığı ilə böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin (1869-1932) anadan olmasının 142 illiyi və Beynəlxalq ana dili günü münasibətilə tədbir keçirildi. 
      
   “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili və azərbaycançılıq” mövzusunda tədbiri C.Məmmədquluzadənin ev-muzeyinin direktoru Pərixanım Mahmudova açaraq yazıçının həyat və yaradıcılığı barədə məlumat verdi, onun əsərlərinin gənc nəslin tərbiyəsində əsl örnək, həyat məktəbi olduğunu bildirdi. Sonra ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili və azərbaycançılıq” mövzusunda çıxış etdi.
   “Azərbaycan ədəbiyyatı” qəzetinin məsul katibi Atababa İsmayılov yazıçı-dramaturqun yaradıcılığının məziyyətlərindən söz açdı. Tədbirdə iştirak edən Əməkdar artist Azad Şükürov Mirzə Cəlil obrazları, onun yaratdığı xarakterlərin özünəməxsusluğu və dərinliyi haqda danışdı. Bakı şəhər 150 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Məlahət Babakişiyeva ədəbiyyatımızda böyük rolu olan C.Məmmədquluzadənin böyük maarifpərvər yazar və jurnalist kimi fəaliyyətini vurğuladı.
   Tədbirdə görkəmli ədiblərin, mədəniyyət xadimlərinin Bakı şəhərində fəaliyyət göstərən xatirə muzeylərinin əməkdaşları da iştirak edirdilər. N.Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova və muzeyin elmi əməkdaşı Rəna Qəhrəmanova tədbirdə çıxış etdilər. Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən dərnəyin gənc aktyorları Cəlil Məmmədquluzadə yaradıcılığından kompozisiya təqdim etdilər. Tədbir iştirakçılarına Cəlil Məmmədquluzadə ev-muzeyinin fondlarından hazırlanmış “Cəlil Məmmədquluzadə-Molla Nəsrəddin” sənədli səyyar sərgi də təqdim olundu.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar