Azərbaycan Turizm İnstitutunda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı “Xocalı - qan yaddaşımız” mövzusunda fotosərgi və anım mərasimi düzənlənib.
   Tədbirdə çıxış edən ATİ- nin rektoru Cəfər Cəfərov 19 il əvvəl Xocalıda baş verən qırğını XX əsrin ən dəhşətli hadisəsi kimi dəyərləndirib və faciənin yaddaşlardan silinmədiyini deyib. Rektor bildirib ki, dünyanın bir sıra ölkələrində bu gün də qan tökülür: «Dünyanın mühüm informasiya vasitələri törədilən faciələrdən insanları xəbərdar edirlər. Amma o gecə Xocalı soyqırımının törədildiyi anlardan dünya xəbərsiz idi. Soyqırımı faktının ört-basdır edilməsində o dövrdə hakimiyyətdə olan dövlət rəhbərlərinin də günahı böyükdür. Həmin günlərdə rəsmi dövlət strukturları əsl həqiqəti dünya ictimaiyyətindən gizlətməklə düşmənin dəyirmanına su tökdülər».
   Bakı Dövlət Universitetinin dosenti, taixçi alim Boran Əziz tədbirdə çıxış edərək bildirdi ki, o gecənin dəhşətlərini Xocalıya həsr etdiyi kitab vasitəsilə xalqa çatdırmaq istəyib: «Xocalı faciəsini bir millətə qarşı törədilən düşünülmüş beynəlxalq cinayət aktı kimi qiymətləndirirəm. Nə qədər ağır olsa da, etiraf edək ki, rus hərbçilərinin ermənilərlə birgə xocalı sakinlərinə, əsgərlərimizə tutduğu divanı, vəhşiliyi heç bir xalq görməyib, yaşamayıb. Bu faciəni biz dəfələrlə 1905-1907, 1915, 1918-1920-ci illərdə eyni ssenari üzrə yaşamışıq. Deməli, dəyişən illər, dəyişməyən isə unutqanlığımızdır. Xocalı təkcə Azərbaycanın deyil, XX əsrin, dünyanın faciəsidir. Bir vətəndaş kimi bu faciəni “Xocalı soyqırımı” kitabımda sənədli faktlarla tarixləşdirməyə səy göstərmişəm».
   Anım mərasimində Xocalı soyqırımının şahidi, jurnalist Şamil Sabiroğlu, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin nümayəndəsi Elçin Əhmədov çıxış ediblər.   

   Fəxriyyə