İstiqlal Muzeyində sərgi açılıb
Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar “Yaddaşın yolları” adlı tədbir-sərgi keçirildi. Tədbirdə Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Bakı Humanitar Kollecinin şagirdləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların, Sərhəd Qoşunlarının müdavimləri və digər qonaqlar iştirak edirdi.
Əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə açan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi bildirdi ki, Xocalı faciəsi Azərbaycan tarixinin unudulmayan səhifələrindən biridir. Bu hadisə xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Sərgi barədə məlumat verən direktor qeyd etdi ki, sərgidə Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Qərb Universitetinin tələbələrinin 40-dan çox rəsm, heykəltəraşlıq və qrafika əsərləri nümayiş olunur.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Rauf Əbdülhüseynoğlu Xocalı faciəsinə dair faktları iştirakçıların diqqətinə çatdırdı. Gənc rəssamların tarixi həqiqətləri əks etdirən mövzulara müraciət etməsini müsbət hal kimi dəyərləndirən rəssam gələcəkdə də Xocalı mövzusuna həsr olunan yeni əsərlərin yaranacağını bildirdi.
Sonda Bakı Humanitar Kollecinin şagirdləri Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
C.Zərbəliyev