Fevralın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə “Soyqırımı cinayəti” və “Xocalı soyqırımı” kitablarının, həmçinin kitabxananın hazırladığı “Xocalı” adlı elektron məlumat bazasının da təqdimatı oldu. 
   
   Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, ermənilərin Xocalıda törətdikləri qırğını tarixdə bərabəri olmayan faciə adlandırdı. Qeyd etdi ki, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir, hər il müxtəlif dillərdə yeni nəşrlər işıq üzü görür.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Xocalıda törədilmiş genosidin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğuladı: “Ermənistanın dinc əhaliyə qarşı bu siyasəti Azərbaycan xalqına qarşı cinayət idi. Həmin gün yüzlərlə günahsız insan qətlə yetirildi. Bu hadisələr heç vaxt unudulmayacaq. Bu cinayət faktları bu gün “Xocalıya ədalət” kampaniyası çərçivəsində beynəlxalq ictimaiyyətə çatdırılır”.
   Xocalı faciəsinin dünyanın müxtəlif ölkələrində anım tədbirləri ilə yad edildiyini deyən Vaqif Əliyev bu mövzuda tarixi araşdırmaların, tədqiqat işlərinin aparılmasını zəruri hesab etdi. “Azərbaycan beynəlxalq təşkilatlara üzv olduqdan sonra Xocalı həqiqətləri dünyaya daha geniş şəkildə tanıdılmağa başlayıb. Bu işlər davam etdirilməlidir. Bu sahədə tarixi sənədlər, tarixi faktlar təhlil olunmalı, kitablar yazılmalı, müxtəlif dillərə tərcümə olunaraq dünyaya yayılmalıdır”.
   Tədbirdə “Xocalı soyqırımı” kitabının müəllifi, Bakı Slavyan Universitetinin elmi işçisi, istefada olan polis polkovniki Sadir Məmmədov və “Soyqırımı cinayəti” kitabının tərtibçisi Natiq Abdullayev, Xocalı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və başqaları çıxış etdilər. Qeyd olundu ki, erməni quldurları tərəfindən xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş bu qanlı faciə ilə bağlı həqiqətlər gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
   Tədbir iştirakçıları 200-dən artıq kitab, jurnal, qəzet materiallarının nümayiş etdirildiyi “Xocalı - şəhid şəhər” mövzusunda sərgi ilə tanış oldular. Mərasimdə “Xocalı” adlı elektron məlumat bazasının da təqdimatı keçirildi. Məlumat bazasına “Soyqırımı”, “Xocalı rayonu”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalı qətliamı”, “Ermənilərdən etiraflar” və s. bölmələr, eyni zamanda, müxtəlif kitab və məqalələr yerləşdirilib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar